Bakı ermənilərin ekoloji terror siyasətinin coğrafiyasını məhdudlaşdırır

Məlumdur ki, cəbhə zonasında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində İranla sərhədboyu ərazinin bir hissəsi işğaldan azad edilib. Bura həm də Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü daxildir. Artıq bu körpü üzərində Azərbaycan bayrağı qaldırılıb. Bu, bəzi parametrlər baxımından çox mühümdür.
Söhbət ilk növbədə iqtisadi dividendlərdən gedir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 23-də İrana rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. O vaxtdan bəri bu layihələrlə bağlı xeyli iş görülüb. Enrgetika naziri Pərviz Şahbazov qeyd edir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr yerinə yetirilməkdədir: “Xudafərin” hidroqovşağı bəndinin tikintisi, demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir”.
Nazir bildirib ki, “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır: “1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi”.
Həqiqətən də indi aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar. Belələri işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar. Həmin vaxt bəzi siyasi qüvvələr, əsasən də radikal müxalifət iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər onda bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Amma indi Xudafərinin işğaldan azad olunması Azərbaycan rəhbərliyinin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. Bu addımla qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi. Layihənin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafı və tərəqqisi istiqamətində mühüm rol oynayacaq. Bundan əlavə, inşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemlərinin həll edilməsi ilə yanaşı, bölgənin qısa müddətdə bərpası və inkişafına nail olacaq. Digər tərəfdən baş verənlər ermənilərin artıq Azərbaycan ərazilərində ekoloji terror siyasətinin yürütməsinin qarşısınıbn alınmasında da mühüm rol oynayır. Bu, işğal edilmiş ərazilərdə Ermənistanın dağıdıcı fəaliyyətinin coğrafiyasının kiçilməsi baxımından da vacib sayılır.
Ramil QULİYEV