Milli oyunlarımız və azərbaycançılığın vəhdəti...

Azərbaycan xalq oyunlarının tarixi elə xalqımızın təşəkkülü ilə bağlıdır. Milli oyunlarımızın özülünü təşkil edən hərəkətlər cəsurluq, mərdlik, qorxmazlıq, vətənpərvərlik təlqin edir. At üstə doğulub qundaqlanan əcdadlarımız at üstündə böyüyüb boya-başa çatıblar. Ulu babalarımızın atının ayağı dəyməyən yer, məkan qalmayıb.
Hara gediblərsə, orada mərdlik, kişilik, cəsarət simvoluna çevriliblər. Azərbaycançılıq, xalq, dövlət sevgisi ilə yaranan hər bir xalq oyunu bu gün də qorunur. Azərbaycan xalqının qədim milli oyunlarından biri çövkən oyunudur ki, onun yaşı yüzillərlə ölçülür. Onu da bildirək ki, çövkən oyunu qədim miniatürlərdə, rəssamlarımızın sənət əsərlərində geniş şəkildə təsvir edilib. Biz bunları daha çox Təbriz miniatür incilərində görə bilərik.
Tədqiqatçılar qeyd edir ki, çövkən, bəzən çovqan və ya çovkan oyunu Qarabağ atları ilə idman komanda oyunudur. Bəzi mütəxəssislər onun müasir polo oyununun bir versiyası olduğunu qeyd edir. Onların sözlərinə görə, oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan xalqına mənsub olan bu qədim idman növü dünyada azərbaycançılıq nümunələrindən biri kimi tanınır.
Onu da vurğulayaq ki, 2013-cü ildə çövkən UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib.
Çövkən sözünün etimiologiyasını araşdıran alimlər yazır ki, bu söz bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilib. Qeyd edilənə görə, çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılıb. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Məlumatlara görə, çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayır. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: "Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim oyun və bu zaman istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda "kuyiçövkən", "çomaq oyunu" və "çövkənbazi" adları ilə qeyd edilən başqa variantları da olub".
Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir. O, çövkən sözünün və oyununun türk mənşəli olması, türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilərək geniş yayıldığını qeyd edib.
Oyunun tarixini araşdıran alimlər vurğulayır ki, komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olub. Mənbələr XII əsrdə islam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin at çaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyini göstərir. Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.
Akademik Teymur Bünyadova görə, çövkən oyununun mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir. Folklorşünas Məhəmməd Məmmədov isə qeyd edir ki, orta əsrlərdə vaxtaşırı müharibələr güclü və məharətli döyüşçülərin hazırlanmasını tələb edirdi ki, onda da çövkən oyunu mühüm rol oynayıb.
1842-ci ildə britaniyalı səyyah M.Braun çövkən haqqında öz fikirlərini belə izah edirdi: "Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı".
Mənbələrdə yazılanlara görə, Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib.
Məlumatlara görə, 1950-ci illərdə başda çövkən olmaqla bir sıra Azərbaycan milli atüstü oyunları bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirdi. 1960-cı ilin may ayında ilk dəfə olaraq Azərbaycanın qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi. Bir ildən sonra çövkən yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. Çövkən Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı.
Qeyd edək ki, 2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə Prezident Kuboku keçirilir. Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, 2014-cü il müddətində onların sayı 20-yə çatmışdı. 2016-cı ildə Prezident Kuboku uğrunda Azərbaycanın 22 şəhər və rayonundan 24 komanda iştirak edib.
2013-cü il 3 dekabrda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında çövkən qurumun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edildi və bu da çövkənin Azərbaycan xalqının halal oyunu olduğunu bir daha təsdiqlədi. Çünki bəzi qonşu dövlətlər çövkənin onlara aid olduğunu iddia edir, hətta bu barədə UNESCO-ya müraciətlər edirdilər.
Çövkən oyununun qaydalarından yazan alimlər bildirir ki,
Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Oyun meydançasını təsvir edən alimlər deyir ki, oyunlar uzunluğu 90-250, eni 60-120 metrədək olan meydançada keçirilir. Bu oyun üçün futbol meydançasından istifadə etmək olar.
Bu oyunda istifadə edilən top girdə və 38-41 sm arasında olur.
Çövkən oyunu mədəniyyətimizdə və ədəbiyyatımızda geniş təsvir olunub. Belə ki, Azərbaycan ədəbiyyatında çövkənin izlərinə çox rast gəlinir. "Kitabi-Dədə Qorqud" boylarında, I Şah Təhmasibin "Kuh və çövkən" və Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində çövkəndən bəhs edilir. Klassik Azərbaycan şairləri olan Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və digərlərinin şeirlərində çövkənlə bağlı müəyyən ifadələrə rast gəlinir. "Kitabi-Dədə Qorqud" dastanının "Salur Qazanın evinin yağmalanması" boyunda yazılır: "Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə".
Tədqiqatçılar yazır ki, ədəbi nümunələrdən də məlum olur ki, Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edib. Nizaminin "Xosrov və Şirin" poemasında Şirin çövkən meydanında Sasani hökmdarı II Xosrovdan geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir.
Yazıçı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında xüsusi bir fəsil çövkən oyununa həsr olunub. O bölümdə göstərilir ki, Ərəb Xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora aparılırdı.
Qeyd edək ki, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Füzuli Bayat "Kaspi"yə açıqlamasında çövkən oyununun təkcə Azərbaycana yox, bütün türk dünyasına aid olduğunu bildirib. Onun sözlərinə görə, bu oyunun qazax, tacik və ya özbəklərə nə qədər aidiyyəti varsa, Azərbaycana da o qədər aidiyyəti var: "Çovqan İrana aiddir, amma farsa yox. Həmçinin Hindistana aiddir, hindlilərə yox. Bizim çovqan oyunu ilə bağlı Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindən gətirdiyimiz arqument isə çox gülüncdür. Əsərdə Xosrov Pərvizin çovqan oynamasından danışılır. Əslində bu, farsların lehinədir. Miniatür ümumiyyətlə ümumşərq mövzusudur. Amma çovqanın bizə məxsus olduğunu göstərən başqa arqumentlər var. Bu məsələyə bir qədər geniş baxmaq lazımdır. Bu, türk dünyasının oyunudur. Altay türklərinə, Orta Asiya türklərinə aiddir. Bu oyunu Balkanlarda, Əfqanıstanda və s. ölkələrdə oynayırlar. Osmanlı dövründə Türkiyədə ən geniş yayılmış oyunlardan biri çovqan olub".
Qeyd edək ki, çövkən oyunu haqqında müxtəlif ədəbiyyatlarda geniş bəhs olunur. Mütəxəssislər bildirir ki, Azərbaycan çövkən oyununu UNESCO-ya təqdim etməklə, həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Mütəxəssislər vurğulayır ki, Konvensiyaya görə, ənənə, oyun, musiqi - bu maddi irs elementi olan bütün sahələr həmin ölkədə, o ölkənin beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində oynanılırsa, istifadə olunursa, onu daşıyan cəmiyyət varsa, həmin ölkənin hüququ var ki, bu irs nümunəsini UNESCO-nun müvafiq siyahılarına təqdim etsin. Azərbaycanın bu oyunu təcili qorunma siyahısına verməsinə münasibət bildirən mütəxəssislər bildirir ki, bu oyunun bu statusda qorunması bizim xeyrimizədir. Bu da ondan xəbər verir ki, bəzi qonşu dövlətlər iddialarını götürəcək.
Azərbaycan xalqının çox dəyərli oyunlarından olan və özündə mərdliyi, mübarizliyi birləşdirən, gənclərdə vətənpərvərlik ruhu yaradan çövkən oyunu bu gün dünyada ölkəmizin, xalqımızın adı ilə tanınır. Əlbəttə, bu olduqca vacib idi və biz bunu əldə etmişik. Sözsüz ki, burada Heydər Əliyev Fondunun əməyi misilsizdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.