Bakıda 6 minə yaxın iş yeri bağlanıb - maraqlı səbəblər var...

Elxan Əliyev: “İxtisarların əsas səbəbi inflyasiya və ərzaq qiymətlərinin artmasıdır”
2024-cü il ərzində Azərbaycanda 91,7 min yeni iş yeri açılıb, 15,9 min iş yeri isə bağlanıb. Yaradılan iş yerlərinin 91,6% özəl sektorun payına düşüb. 0,1% isə dövlət sektorunda açılıb.
Məlumat üçün qeyd edək ki, ötən il ərzində bağlanan iş yerlərinin 30,1% özəl sektorun, 29,7% müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub.
Maraqlı məqam ondan ibarətdir ki, ən çox iş yeri (5 min 962) paytaxt Bakı şəhərində bağlanıb. Bakıdan kənar digər ərazilərə baxacaq olsaq, ötən il iş yerlərinin, 1 609-u Naxçıvan MR, 1006-sı Abşeron rayonunun payına düşüb. 876 iş yeri isə Sumqayıtda bağlanıb.
“Şirkət gəlirləri aşağı düşdüyü üçün əmək haqqı ödəyə bilmir, bu zaman işçi sayını korrektə etməli olur”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ixtisarların əsas səbəbi inflyasiya və ərzaq qiymətlərinin artmasıdır: “Bir çox sahələr inflyasiya üçün çağırış edir. Xüsusən, ərzaq qiymətlərinin bahalaşması alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. İnflyasiya əhalinin gəlirlərini üstələyir. Əhali də əlindəki pulu birinci ərzağa xərcləyir. Ərzaq qiymətləri qalxdığı üçün də digər istiqamətə yönələn pul kütləsi azalır, qeyri-ərzaq və real sektorda aktivliyi aşağı salır. Əhali məişət avadanlıqları, mebel, avtomobil və s. məsələlərdə ehtiyatlı davranmağa başlayır. Çünki pulunu ərzağa, kommunala və nəqliyyat problemlərinə xərcləyir. Digər sektorlara az pul xərclənir. Şirkətlər də məhsulları sata bilmirlər. Bu da yeni iş yerilərinin açılmasına yox, mövcud iş yerlərinin bağlanması və optimizasiyaya gətirib çıxarır. Şirkət gəlirləri aşağı düşdüyü üçün əmək haqqı ödəyə bilmir. Bu zaman işçi sayını korrektə etməli olur”.
İqtisadçının sözlərinə görə, əhalinin gəlirləri ilə bağlı statistik göstəricilər aldadıcıdır: “İnflyasiya problemi həllini tapsa, mövcud vəziyyət müsbətə doğru dəyişə bilər. İnflyasiya ensə, əhalinin real gəlirləri artsa, vəziyyət düzələcək. Lakin buna çatmaq üçün çox vaxt lazımdır”.
Günel CƏLİLOVA