Beş ayda 38 mindən 90 minə çıxarılmış ödənişli iş yerlərinə artıq 65 min insan müqavilə ilə cəlb edilib

COVD-19 pandemiyasının dünyaya gətirdiyi xəstəlik və sosial-iqtisadi çətinliklər hər bir ölkə üçün sınaq mərhələsi oldu. Bu sınaq həm də böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin həm vətəndaşına münasibətini, həm də belə fəlakətlər qarşısında xalqını necə qoruduğunun nümayişi idi.
Azərbaycan çox az ölkələrdən biridir ki, bu sınaqdan üzüağ çıxdı və sosial dövlət, vətəndaşa xidmət nümunəsini sərgilədi. Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər, atılan addımlar faktlarda öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili, ölkə vətəndaşlarının sosial rifahı dayanır.
- “Bütün bunlar həmin insanların sosial durumuna müsbət təsir edib”
Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, pandemiya ilə əlaqədar ödənişli iş yerlərinin açılması müsbət addımdır: “Məsələ ondadır ki, tətbiq olunan məhdudiyyətlərlə əlaqədar bir sıra xidmət sahələri fəaliyyət göstərmirlər. Bu isə həmin sahələrdə çalışanların işsiz qalması deməkdir. Paralel olaraq dövlətin mövcud vəziyyətlə əlaqədar bir sıra tədbirlər görməsi insanların sosial rifahına xidmət edir. Hansı ki, bununla bağlı bir sıra tədbirlər planı həyata keçirilir. Görülən işlər çərçivəsində pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün kompleks işlər görülür. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət təmin edilir. Müvafiq tədbirlər çərçivəsində ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılmsı mühüm uğurdur. Bunun sayəsində çoxsaylı ölkə vətəndaşı işlə təmin olunub. Bütün bunlar həmin insanların sosial durumuna müsbət təsir edib. İşsizlər və karantin dövründə iş yerlərini müvəqqəti itirmiş insanlar üçün maliyyə yardımının göstərilməsi də deyilənlərin bariz nümunəsidir”.
Görünən odur ki, hökumət kompleks tədbirlər görməklə pandemiyanın sosial təsirlərini minimum səviyyəyə endirə bilib.
Vidadi ORDAHALLI