Mətin Məmmədli: “Kütləvi məzarlıqlar aşkarlandıqca itkin düşmüş şəxslərin qeydiyyat siyahısı da dəyişəcək”

“Azərbaycanlı əsirlər qul kimi işlədilib, işgəncələrə məruz qoyulub, əsirlər vasitəsilə Azərbaycanda terror hadisəsi törədilib”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan imtina edir. Ona görə ki, Ermənistanın törətdiyi qatı cinayətlərin üstü açılacaq.
E.Səmədov onu da qeyd edib ki, bu ilin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik ediləcək. Çünki itkin düşməsi barədə əvvəllər dövlət qurumlarına məlumat verilməyən şəxslərin yaxınları komissiyaya müraciət ediblər.
Ehtimal edilir ki, siyahıya dəyişiklik olandan sonra itkin düşmüş şəxslərin sayı daha da artacaq. Maraqlıdır, itkin düşənlərin sayı təxminən nə qədər ola bilər? Həmçinin, Ermənistan itkilərlə bağlı əməkdaşlığa niyə dünya tərəfindən məcbur edilmir?
- “Beynəlxalq təşkilatlar Birinci və İkinci Qarabağ müharibəsi zamanı erməni təcavüz aktına, kütləvi zorakılığa laqeyd yanaşıb”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu günə qədər Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı qeyri-konstriktiv, anti-insani mövqe nümayiş etdirir. Onların taleyinin müəyyənləşməsi məsələsi ilə susqunluq nümayiş etdirir: “Aydın məsələdir ki, onlar artıq həyatda yoxdur. Birinci Qarabağ müharibəsi zamanı həmin şəxslər ermənilər tərəfindən fiziki olaraq məhv edilib. Onların harda basdırılması ilə bağlı ölkəmizə dəqiq məlumat verilmir. Ermənilər itkin düşmüş şəxslərin taleyi ilə bağlı nəinki ölkəmizə, heç beynəlxalq təşkilatlara da informasiya vermir. Məlumdur ki, itkin düşən şəxslərin başına hansı oyunların açıldığı detallı şəkildə ortaya çıxarsa Ermənistanın nə qədər ağır cinayət törətdiyi meydana çıxacaq. Bu səbəbdən də Ermənistan məlum məsələ ilə bağlı əməkdaşlıqdan imtina edir”.
M.Məmmədlinin sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın soydaşımız itkin düşüb. Təəssüf ki, onların taleyi hələ də naməlumdur. Kütləvi məzarlıqlar aşkarlandıqca itkin düşmüş şəxslərin qeydiyyatı siyahısı da dəyişəcək.
Siyasi şərhçi onu da əlavə etdi ki, beynəlxalq təşkilatlar Birinci və İkinci Qarabağ müharibəsi zamanı erməni təcavüz aktına, kütləvi zorakılığa laqeyd yanaşıb. 4000-ə yaxın insanın taleyi beynəlxalq birliyi narahat etmir. Əksinə bu gün onları daha çox narahat edən Qarabağda yaşayan ermənilərin yaratdığı humanitar böhran şousudur.
Günel CƏLİLOVA