Əhali dollar, Mərkəzi Bank manat yığı(şı)r, prosesin sonu...

Nemət Əliyev: "Xarici valyutada olan əmanətlər 75 faizə qədər artıb"
Vahid Əhmədov: "Dolların məzənnəsinin kəskin şəkildə artması, manatın ucuzlaşması buna bir az da rəvac verib"
Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlamasında əhalinin əksər hissəsinin öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verdiyini bildirib. O deyib ki, insanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar.
Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi.
Vəziyyətin belə hal alması nə ilə bağlıdır və bunun sonu necə olacaq?
İqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, fevral ayındakı devalvasiyadan sonra əhali haqlı olaraq dollar şəklində olan əmanətlərini geri götürdü: "Ötən müddət ərzində manatla qoyulan əmanətlərin həcmi 60 faizdən 25 faizə qədər enib. Xarici valyutada olan əmanətlər isə 75 faizə qədər artıb. Əhalinin banklara inamı itdiyinə görə artıq pullarını ora yatırmağa üstünlük vermirlər. Ona görə də əmanətlərin həcmi 350 milyon manat azaldı. Dinamika göstərir ki, insanların banklara inamı bu il fevralın 21-nə qədər olub. Məhz o vaxta qədər yatırılan əmanətlərin həcmi artan xətt üzrə gedirdi.
Amma Mərkəzi Bank bir gecənin içində manatı 34 faiz dəyərdən salmaqla bu inamı baltaladı. Əhaliyə 1.4 milyard dollar, bank sektoruna isə 4.4 milyard dollar dəyərində ziyan dəydi. Bir vaxtlar Mərkəzi Bankın dövriyyədə olan manat kütləsinin həcmi 11 milyard manat idi. Bu gün həmin rəqəmin 7 milyard manata qədər düşməsinin əsas səbəbkarı Mərkəzi Bankdır. Dövriyyədə olan 4 milyard manatlıq vəsaiti qurum anbara yığıb. Əgər ölkənin iqtisadiyyatının təşkil olunmasına ehtiyac bilirlərsə, o zaman anbarların ağzını açmalıdırlar".
İqtisadçının sözlərinə görə, 7 ay ərzində kreditləşmə səviyyəsi 1.6 milyard manat azalıb: "Belə bir vəziyyət bankların mənfəətli şəkildə işləməsinə imkan vermir. Bankların maliyyə vəziyyəti barədə məlumatlar da açıqlanmır ki, durumu doğru təhlil etmək və təkliflər vermək mümkün olsun. Məlumdur ki, banklar manatla kredit verməkdən çəkinir.
Onların 4 milyardın üzərində nizamnamə kapitalı var. İndi banklar kapital halında olan həmin vəsaitləri manat şəklində kredit verməyə ehtiyat edirlər. Əhali isə dollarla olan bahalı krediti götürmək istəmir".
Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirdi ki, manatın birdən-birə 34 faiz devalvasiyaya uğraması insanlar üçün şok oldu və əhali arasında müəyyən problemlər yaratdı: "Bank sisteminə əhalinin inamı azaldığı üçün depozitlərini dollara çevirib saxlayırlar. Bank sistemində faktiki olaraq 70-75 faizə yaxın əmanətlər dollarla saxlanır. Ümumilikdə isə banklara etimad azalıb. Dolların məzənnəsinin kəskin şəkildə artması, manatın ucuzlaşması buna bir az da rəvac verib".
Məhəmmədəli QƏRİBLİ