19/11/2018 16:13
728 x 90

Tarixdə iz buraxanlar: Cəfər Cabbarlı

img

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub. Atası Qafar kişi, anası Şahbikə xanımdır. Kömürçülüklə güzəran keçirən Qafar kişi gözlərinin nurunu itirəndən sonra acı yoxsulluğa düçar olan ailə Bakıya köçüb, şəhərin “Dağlı məhəlləsi”nin yuxarı hissəsində yaşayıb.

1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşüb. Şahbikə xanım əvvəlcə Cəfəri kiçik yaşlarında molla məktəbinə verib, fəqət sonra fikrini dəyişərək onu Bakıdakı 7 saylı Türk-Rus məktəbinə qoyub. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski və Əliməmməd Mustafayev idi. Cəfər 1908-ci ildə 7 saylı Türk-Rus məktəbini bitirərək bir müddət ailəyə kömək edib.

Cəfər Cabbarlı 1914-cü ildə 3 saylı ibtidai məktəbə daxil olub və üç il orada təhsil alıb. Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da güclənib və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə yanaşı, özü də yazmağa başlayıb. Elə ilk pyesini də bu dövrdə yazıb. Qısa vaxtda bir dramaturq kimi şöhrətlənib tanınan və əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan Cəfər Cabbarlı təhsilini artırmaq məqsədilə 1917-1920-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. Hətta iyirminci illərin əvvəllərində Milli Dram Teatrının repertuarında bir neçə əsərinin oynanılmasına baxmayaraq, Azərbaycan Dövlət Universitetinin Şərq və tibb fakultələrində mühazirələr dinləyib. Bakı Teatr Məktəbində səhnə təhsilinə yiyələnib. 1923-cü ildən başlayaraq o, səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr məktəbində mühazirələri dinləməyə başlayıb. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirib.

Cəfər Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, ilk əsərlərində böyük maarifçi yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq hər əsərində ictimai bir fikir ifadə edirdi. Bu illərdə o, bir-birinin ardınca “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Edirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazıb. Onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi idi.

Cəfər Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərə alaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusilə də Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanın fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçib. Onun yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olub.

Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cəfər Cabbarlı, başlıca olaraq Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən də özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi. Onun əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi. O, hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamalarını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışırdı.

Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynayıb. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma baxımından Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının güclü təsirini hiss edib. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazıb. Onun pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Şair satirik şeirlərində pis kişinin qadına, naxələf övladın anaya və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid edərək, qadınları öz hüquqlarını müdafiə etməyə çağırır. Yəni bu tarixi şəxsiyyət gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilmir, öz həyacanını, qəzəb və nifrətini ifadə etməyə çalışır. O, “Solğun çiçəklər” adlı əsərində yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışıb. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, onların daxili aləmini eybəcərləşdirdiyini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa edib.

Cəfər Cabbarlının “Bakı müharibəsi” əsərində 1918-ci ilin mart ayında Bakıda baş verən qanlı hadisələr, erməni daşnakların azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla, qəhrəman xilaskar Türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılır. Həmin faciə 1919-cu il sentyabr ayının 16-da Azərbaycan Dövlət teatrında tamaşaya qoyulub. Cəfər Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazıb və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb.

Cəfər Cabbarlının yaratdığı pyeslər öz bədii dili və üslubu ilə də seçilirdi. Heç şübhəsiz, Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin inkişafında bir mərhələ  təşkil edir. Yəni dramaturq Cabbarlının yaradıcılığında dil mövzusu əsas tipləşdirmə vasitələrindən biri olub. Cabbarlı dilinin gücü, hər şeydən əvvəl onun dramlarında meydana çıxır. O, müasir dram dilinin, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır. Məhz dramaturqun formalaşdırdığı dram dili Avropa klassiklərinin pyeslərini ana dilimizə tərcümə etməyə, bu sahədə lazımi adekvatlığa nail olmağa imkan verdi. Yazıçının saf və müstəqil Azərbaycan dili uğrundakı mübarizəsi bilavasitə onun sənətkarlıq xüsusiyyətləri ilə bağlıdır. Yəni o, Azərbaycan bədii dilinin normativ dram üslubunun banisidir.

 Cəfər Cabbarlı Azərbaycan həyatından alınmış tarixi və əfsanəvi mövzularla çox maraqlanırdı. O, Azərbaycan xalqının azadlığı uğrundakı mübarizə tarixini, əfsanə və nağıllarını öyrənərək, xalqın mənəvi qüdrətini öz əsərlərində əks etdirmək istəyirdi. Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi “Araz çayı” mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim edib. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!”– misrasının da həmin faciədən olduğu guman edilir.

1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cəfər Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər, tərcüməçiliklə də məşğul olurdu. 1925-ci ildə dövlət teatrı üçün Şekspirin “Hamlet” faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində “Dilbər” hekayəsini çap etdirmiş, 1928-ci ildə Lev Tolstoyun “Uşaqlıq” povestini və Maksim Qorkinin “Üzügülər” hekayəsini tərcümə və çap etdirmişdir.

Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakkimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur. Cəfər Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün dünyaya gəlmişdi. O, 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyil. Tarixi şəxsiyyət Səməd Vurğun yazırdı: “Cəfər Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəmanəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir...” 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən Cəfər Cabbarlı 1927-ci ildə “Sevil” əsərini yazır. Bu əsər qadın azadlığı mövzusuna həsr olunub. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı. Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularından biridir. Yazıçı əsərlərində Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir edib. Cabbarlının “Sevil” pyesi bu mövzuda xüsusi əhəmiyyət kəsb edir. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilib.

Bütün həyatını teatrla bağlamasına baxmayaraq, dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verib. Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanıb və bu sahədə çox böyük işlər görüb. O, milli kino sənətimizin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cəfər Cabbarlının böyük xidmətləri olub. O, 1928-ci ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olub, kinematoqrafiya tariximizin qızıl fonduna “Sevil”, “Almaz” kimi gözəl filmlər bəxş edib.

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cəfər Cabbarlı çox zəifləyib və 1934-cü ilin sonunda, dekabr ayının 31-də ürək iflicindən vəfat edib.

Cəfər Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb-yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor

Son xəbərlər