Məşqçi müəllimlərdən övladlarınızı qoruyun - həm dərs, həm də hormonal dərman biznesi...

Son illərdə gənclərin idmanla məşğul olması, idman zallarında zaman keçirməsi ən çox müşahidə etdiyimiz haldır. Xüsusilə oğlanlar ideal bədən quruluşuna sahib olub, digərlərindən fərqlənmək üçün idman qidalarından, xüsusi preparatlardan istifadə edir.
Iddia olunur ki, məşqçilər məşqin effektini, əzələ kütləsini tez artırmaq, qolları şişirtmək üçün maddi maraqlarını güdərək müəyyən dərmanlar satırlar. Bunlar anaboliklər, steroidlər, samotrop hormonal qrupundan olan preparatlar, "Danabol", "Sustanon", "Somatropin" tip dərmanlardır. Bu dərmanlarla əzələ kütləsi tez şişir, amma oğlanların təbii testosteron sintezi pozulur.
- “20-30 yaşında gəncə steroid hormonlar vurulursa, onun orqanizmindəki hormonların fəaliyyəti dayanır”
Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi mümkündür: "Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər. Əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır, lakin əksər hallarda özbaşına qəbul edilən protein tərkibli preparatlar insan sağlamlığına ziyan vurur. Bu preparatlar qara ciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik yaradır. Nəzarətsiz olan həvəskar idmançılar uzun müddət məşq edib bədəni möhkəmləndirmək əvəzinə 10-15 manatlıq proteinlə əzələ kütləsini artırmağa üstünlük verirlər. Bu, ən azından, sağlamlığı risq altına atmamaq baxımından önəmli məsələdir”.
Ekspert onu da əlavə etdi ki, 20-30 yaşında gəncə steroid hormonlar vurulursa, onun orqanizmindəki hormonların fəaliyyəti dayanır. Bu da kişilərdə androloji və hormonal pozuntu, sonsuzluq yaradır: “Peşəkar idmançılar formada olmaq üçün hormonlar qəbul edirlər. Bu hormonlar proteinlərin əzələyə çevrilməsinə kömək edir. Problem yaradan məqam odur ki, hormonlar insanların inkişafına, orqanizmin fəaliyyətinə neqativ təsir göstərir. Çalışmaq lazımdır, çəki, əzələ kütləsi almaq üçün hormonlardan istifadə edilməsin. Həmçinin, elə dərmanlar var ki, onlardan ümumiyyətlə idmançıların istifadəsi qadağandır. Bu tip dərmanlar əzələ yorğunluğunu, ağrını azaldır, əzələ boşalır, yükü daha çox qəbul edərək şişir".
Günel CƏLİLOVA