Rusiya hakimiyyətindən ilk etiraf - sülhməramlılar Dağlıq Qarabağ yox, Azərbaycan ərazisindədir...

Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Hələlik çətin ki, kimsə bunu deyə bilsin. Onlar indi faktiki olaraq Azərbaycan ərazisində yerləşirlər. Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar kömək göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edir. Hazırda bu iş davam etdirilir”.
Moskva qabaq sülhməramlıların yerləşdiyi ərazini Azərbaycan yox, “Dağlıq Qarabağ” kimi deyirdi. Artıq yaranmış reallıqlarla hesablaşır və konkret olaraq Azərbaycan ərazisində xidmət apardıqıarını deyir. Bu vəziyyət gələcəkdə sülhməramlıların ərazidən çıxarılması ilə bağlı prosesi bir az da sadələşdirmiş olurmu?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə bildirdi ki, artıq bütün dünya, o cümlədən də Ermənistan Qarabağın Azərbaycan olduğunu bir daha təsdiqlədi: “Azərbaycan həm diplomatik məkanda, həm hərbi məkanda üstünlüklər, qələbələr əldə edir. Artıq bu hər kəs tərəfindən qəbul edilir. Rusiya sülhməramlılarının bölgəyə gəlməsi Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin 10 noyabr 2020 - ci il bəyanatından sonra baş verib. Ancaq indi onun heç bir təsiri yoxdur. Qarabağa aid məsələ nə Ermənistana, nə Rusiyaya aiddir. Birbaşa Azərbaycan dövlətinin özündən asılıdır. Mən hesab edirəm ki, gələcəkdə rus ordusunun bölgədə qalıb-qalmama, mandatın uzadılma məsələsinə Azədbaycan dövləti qərar verəcək. Sadə məntiq var. Ölkədə vəziyyət tam stabilləşir. Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının renteqrasiya məsələsi həyata keçiriləndən sonra sülhməramlılara heç bir gərək qalmayacaq. Azərbaycanın dövlət qurumları fəaliyyət göstərəcək. Qarabağdan da böyük əksəriyyət getmək, cüzi qisim qalmaq istəyir. Yaxın zamanlarda tam bəlli olacaq ki, nə qədər əhali ordan gedir, nə qədər qalır. Azərbaycan dövlətinin baş nazirinin müavini Şahin Mustafayev komissiya yaradıb. Dövlətimiz bu prosesi çox sürətli şəkildə aparacaq. Necə ki, Laçından alternativ yol sürətli çəkildi, Laçın buraxılış məntəqəsi yaradıldı. Bu məsələ də çox sürətli həll olacaq. Bilirsiz, artıq dünya elədir ki, hər gün böyük dəyişikliklər baş verir. İndidən biz 2025 - ci ili proqnazlaşdıra bilmərik. Ancaq gedən proseslər onu deməyə əsas verir ki, orda artıq sülhməramlıların qalmağına ehtiyac olmayacaq. Elə bir situasiya yarana bilər ki, onlar 2024 - cü ildə də gedə bilər. Azərbaycanın Rusiya ilə də çox normal münasibətləri var. Türkiyə ilə bölgədə və dünyada yeni reallıqlar yaranıb və bu reallıqlarda Azərbaycan dövləti prosesin mərkəzindədir. Azərbaycanla Türkiyə birgə addımlar atır. Xüsusən ən yaxın müttəfiqimiz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlılarının 2025 - də bölgədən getməli olduqlarını bəyan edib. Türkiyənin Rusiya ilə çox sıx əlaqələri var və Türkiyə prezidenti də çox informasiyalı, məlumatlı şəxsdir. Onun verdiyi məlumatların zaman - zaman reallığa çevrildiyini görəndə hesab edirəm ki, bu məsələ də reallığa çevriləcək. Qarabağla bağlı məsələlərdə də heç bir dövlətin müdaxiləsi, iştirakı ola bilməz. Bu məsələdə söz sahibi birbaşa Azərbaycan dövlətidir”.
Məhəmmədəli QƏRİBLİ