“Çox erməni Qarabağda qalmaq istəmir” hara, vətəndaşlıq üçün Bakıya müraciətlər hara...

“Qarabağdan 120 min erməni Ermənistana gedəcək, çünki onlar Azərbaycanın tərkibində yaşamaq istəmirlər və etnik təmizləmədən qorxurlar”. Bu barədə saxta rejimin başçısının "müşaviri" David Babayan məlumat verib. Daha sonra o bunları qeyd edib: “Xalqımız Azərbaycanın bir parçası kimi yaşamaq istəmir. 99,9% tarixi torpaqları tərk etməyə üstünlük verir. Vəziyyət ağır olaraq qalır, bir neçə yük maşını gəlib, indi biz yeni maşınların gəlməsini gözləyirik”.
Razılaşmalardan danışan Babayan qeyd edib ki, hazırda Qarabağda yaşayış şəraitinin yüngülləşdirilməsinə dair razılıq əldə olunub: “Mənə elə gəlir ki, növbəti görüşlərdə başqa məsələlər də müzakirə olunacaq. Hazırda itkin düşənlər, yaralılar, ölənlərin daşınması və s. məsələlər müzakirə olunur”.
Bu günlərdə məlumat yayılmışdı ki, Azərbaycan vətəndaşlığını qəbul etmək üçün Qarabağdakı ermənilərin artıq müraciətləri başlayıb. Bu tərəfdən də Babayan deyir ki, Qarabağ ermənilərinin mütləq əksəriyyəti Azərbaycana tabe olmağı qəbul etməkdənsə, buranı tərk etməyi üstün tutur.
Maraqlıdır, deyilənlərin fonunda Qarabağ erməniləri arasında bu ziddiyət nə ilə izah olunur? Yəni bir yandan vətəndaşlığı qəbul etmək istəyirlər, o biri tərəfdən vətəndaşlığı qəbul etməkdənsə buradan köçmək istəyirlər.
- “Biz onlarla qanunvericiliyin müəyyən etdiyi norma və tələblər konteksində münasibətlər qurmağı planlaşdırırıq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşlığına, ümumiyyətlə isə cəmiyyətimizə reinteqrasiya ilə bağlı məsələlərə ikili münasibətin olacağı əvvəlcədən məlum idi. Qarabağın erməni icmasının üzvləri arasında buradakı seperatçı rejimlə bu və ya digər münasibətlərdə olan, Azərbaycan dövlətçiliyinə qarşı terror aksiyalarında, hərbi əməliyyatlarda iştirak edənlər cavab verəcək. Yəni əməllərində cinayət tərkibi olan ermənilərin, onların ailə üzvlərinin, yaxınlarının bu kimi məsələlərdə tərəddüd, ehtiyat etmələri anlaşılandır. Azərbaycan dövləti əvvəlcədən bəyan edib ki, hüquqi və demokratik dövlət, toleyrantlıq ənənələrinə malik cəmiyyət olaraq ermənilərin cəmiyyətimizə hüquqi normalar və müəyyən edilmiş qaydalar çərçivəsində reinteqrasiyasının tərəfdarıdır. Öz növbəsində, bu proseslərin uğurunu, qanunlar çərçivəsində həyata keçirilməsini təmin etmək üçün üzərinə düşən öhdəliklərin mahiyyətinə varır. Lakin dövlətçiliyə qarşı əməllərində cinayət tərkibi olan, terror, talan və hərbi əməliyyatlarda iştirak edənlərlə bağlı dövlətin qanunları və beynəlxalq hüququn tələbləri konteksində tədbirlər görüləcək. İnterpol xətti ilə axtarışda olan, haqlarında Azərbaycanın prokurorluq orqanları tərəfindən cinayət işləri açılan ermənilər bunu əlbəttə bilirlər və qanunun sərt üzündən yayınmaq istəyirlər. Biz Qarabağ erməniləri ilə qanunvericiliyin müəyyən etdiyi norma və tələblər konteksində münasibətlər qurmağı planlaşdırırıq. Yevlaxda Azərbaycan rəsmiləri və erməni icmasının təmsilçiləri arasında baş tutmuş göruşdə onlara reinteqrasiya ilə bağlı təqdim edilmiş paketdəki bəlli təkiflər də bunu sübut edir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, erməni xalqını biz düşmən olaraq qəbul etmirik, bizim düşmənimiz erməni faşizmi və erməni millətçiliyidir”.
Vidadi ORDAHALLI