Qabil Hüseynli: “Baş verənlər çox gizli və illeqal şəkildə həyata keçirildiyindən, adamın ağlına hər cür fikir gəlir”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüş keçirib. Erməni mediası xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb:
“Söhbət zamanı Ermənistan və Qarabağ ermənilərini narahat edən, demək olar ki, bütün problemlərə toxunulub”.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti bu il yanvarın 27-də Rusiya səfiri ilə görüşmüşdü.
Ter-Petrosyan daha çox Qərbə yaxın olan siyasətçi kimi tanınır. Rusiyanın belə bir adamla indiki məqamda intensiv təmaslarından nə nəticə çıxarmaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən hadisə doğrudan da qəribədir: “Son zamanlar Rusiyanın bu bölgədə fəallaşması daha çox vurnuxmaya bənzəyir. Yəni məqsədyönlü, bəlli maskirovkalara əməl edilmədən, tələm-tələsik həyata keçirilən siyasi gedişlər edilir. Məsələn, Xankəndidə bu hadisələr daha qabarıq sürətdə üzə çıxır və aydın olur ki, Rusiya sülhməramlıları Qarabağın Dağlıq hissəsindəki separatçıları müdafiə etmək üçün müxtəlif variantlara baş vururlar. Hətta buradan əhalinin getməməsi üçün tədbiqat aparır, yolları bağlayırlar. Nikol Paşinyanın son 15 gündə 3 dəfə Moskvaya gedib-gəlməsinin özünün də qəribəlikləri az deyil. Yəni bu adam orada əvvəl 9 May paradında iştirak etdi, daha sonra Avrasiya Birliyinin zirvə toplantısında iştirak etdi. Həmin gün də Azərbaycanla danışıqlar prosesi baş tutdu. Geri qayıdıb gələndən sonra isə yenidən Rusiyaya Putinlə görüşə getdi. Bu onu düşünməyə əsas verir ki, Rusiya burada yeni oyunlara başlayıb. Bu oyunların içərisində birinci yer Ermənistanda hakimiyyət dəyişikliyi ola bilər. İkincisi isə, ermənilərin yaşadığı Qarabağ bölgəsində status məsələsi ilə bağlı digər məsələlərin yenidən gündəmə gətirilməsi və Ermənistanda olan müxtəlif ictimai-siyasi cərəyanların baxışlarında yaxınlığa nail olunması da ola bilər. Məsələ burasındadır ki, Qarabağın dağlıq hissəsindəki ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı məsələlərdə Petrosyanın və Paşinyanın baxışlarında oxşarlıq var. Amma indi, görünür, Rusiya Petrosyanla bu mövqeləri müzakirə edir və yaxud bölgə ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmaq üçün müxtəlif manevrləri, müxtəlif hərəkət etmə planlarını gündəmə gətirməyə çalışır. Hər halda deyə bilərəm ki, baş verənlər çox gizli və illeqal şəkildə həyata keçirildiyindən, adamın ağlına hər cür fikir gəlir. Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planını da nəzərdən keçirdiyi ola bilər. Çünki Paşinyan Rusiya üçün stabil mövqeli siyasətçi təsiri bağışlamır. Görünür, Rusiya Ermənistanda daha bir ciddi fiqurun hakimiyyətə gəlməsində maraqlıdır. Bu namizədin həm də Qərb tərəfindən dəstəklənə biləcəyi zərurəti ortaya çıxa bilər. Ona görə də, Rusiya üçün Ter-Petrosyan Köçəryan və Sarkisyandan daha cəlbedici görünür”.
Məhəmmədəli QƏRİBLİ