Elşən Həsənov: “O hesab edir ki, ABŞ Əfqanıstandan da terrorçuları Qazaxıstanın daxili işlərinə qarışmağa stimullaşdırmaq istəyirmiş”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunan illik mətbuat konfransında bildirib ki, Mərkəzi Asiyada vəziyyəti kənardan silkələmək cəhdləri yetərincə çoxdur.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstandakı fəaliyyətindən danışan Rusiya XİN başçısı bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxması Mərkəzi Asiyadakı vəziyyətə təsir edir: “Həm Mərkəzi Asiyada, həm də KTMT-nin digər ölkələrində vəziyyəti sarsıtmaq üçün kənardan çoxlu cəhdlər var. Amerikalılar NATO üzvləri ilə birlikdə Əfqanıstandan qaçdıqdan sonra bu cəhdlər daha iddialı və təhlükəli olub”.
Lavrov qeyd edib ki, KTMT sülhməramlıları potensialını bütün dünyaya göstərib: “Ümid edirəm ki, bundan sonra bu təcrübəni tətbiq etməyə ehtiyac olmayacaq”.
Lavrov Qazaxıstana edilən hansı kənar cəhdləri nəzərdə tutur?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəziləri Qazaxıstanda demokratiya uğrunda mübarizə aparıldığını və hansısa rəngli inqilabın formasının həyata keçirildiyini deyirlər: “Mən bunlarla razılaşmıram. Qazaxıstanda xarici xidmət orqanlarının alətinə çevrilən müəyyən klanlar hakimiyyət uğrunda mübarizə aparırdı. Xarici dövlətin agentura şəbəkəsi orada möhkəm və uzun müddətdir ki, fəaliyyət göstərən qüvvələrdən ibarətdir. Alma-Ata, Aktau və digər yerlərdə aksiyalar lokal formada başladı. Bunu həyata keçirən tayfa və qəbilələrin nümayəndələri sözsüz ki, xarici dövlətin xüsusi şəbəkələşmiş qüvvələridir, onlardan hər cür maliyyə və mənəvi dəstək alırlar. Onların məqsədi bu gün inkişaf səviyyəsinə görə, post-sovet məkanında ən irəlidə olan, elə əhalinin maddi rifah halına görə də, MDB-də öndə gələn Qazaxıstanı zəiflətmək və hətta imkan olsa, onu parçalamaq kimi bəd niyyətli hədəflər güdürlər. Belə görünür ki, yuxarıda qeyd etdiyim qüvvələr çoxdan bunun üçün hazırlaşırmış. Xarici ölkənin hərtərəfli dəstəyi olmadan Qazaxıstanda etirazlar bu şəkildə baş verə bilməzdi. Sadəcə olaraq sıxılmış maye qazın qiymətinin artırılması bəhanə oldu, onların xaricdəki qəyyumları “başla” siqnalını verdikdən sonra aksiyalar Alma-Ata və Aktauda başladı. Lavrov da məhz bu amilləri nəzərdə tutur. O hesab edir ki, ABŞ Əfqanıstandan da terrorçuları Qazaxıstanın daxili işlərinə qarışmağa stimullaşdırmaq istəyirmiş”.
Məhəmmədəli QƏRİBLİ