Vüqar Bayramov: “Azərbaycanın xarici siyasət dövriyyəsi artmaqla yanaşı, ticarət dövriyyəsinin strukturunda da dəyişiklik baş verib”
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb. Son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.
“Xarici ticarət dövriyyəsinin strukturundakı dəyişiklik ondan xəbər verir ki, mərhələli şəkildə qeyri-neft sektorunun ümumi ixracatında payı artacaq”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cari il ərzində Azərbaycanın xarici siyasət dövriyyəsi artmaqla yanaşı, ticarət dövriyyəsinin strukturunda da dəyişiklik baş verib: “Belə ki, bu ilin ilk 3 ayında biz idxalın ixracdan çox olmasını müşahidə etmişdik. Daha sonra ixrac idxaldan üstün oldu, yəni saldo müsbətdir. Bu da ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Bu səbəbdən də xarici ticarətdə əməliyyatların artması pozitiv hesab olunur. Nəzərə almaq lazımdır ki, xarici ticarətin artması ölkədən daha çox məhsulun çıxması, daha çox valyutanın daxil olması deməkdir. Bununla yanaşı, xarici ticarət dövriyyəsinin strukturundakı dəyişiklik ondan xəbər verir ki, mərhələli şəkildə qeyri-neft sektorunun ümumi ixracatında payı artacaq”.
Millət vəkilinin sözlərinə görə, idxal ölkədən valyuta aparır, ixrac isə pul gətirir. Bu səbəbdən də xarici ticarət balansında mənfi saldo arzuolunan hesab olunmur: “Onu da deyim ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir. İxracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımından da vacib faktorlardan hesab olunur”.
Günel CƏLİLOVA