Palma yağlarının insana təhlükəsi barədə deyilənlər doğrumu…

Dünya səhiyyəsinin inkişaf etdiyi bir dövrdə xəstəliklərin sayı durmadan artır. Lakin müasir elm bəzi xəstəliklərin qarşısında hələ də acizdir. İnsanlar bəzi xəstəliklərin yaranmasını ekologiyanın çirklənməsi və qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər.
Gündəlik qida rasionumuzda önəmli yer tutan yağların mənşəyi hər zaman müzakirə edilib. Bir çox qida məhsullarında palma yağından istifadə edilir. Aparılan araşdırmalara görə, son zamanlar impatent kişilərin sayı artır. Bunun səbəbi kimi də gündəlik rasionda istifadə olunan qidalar göstərilir. İlk olaraq, palma yağının kişi sonsuzluğa səbəb olduğu iddia olunur.
- Rəşid Mahmudov: “Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan, insanları kökəldən məhsullardan biri də palma yağıdır”
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış həkim Rəşid Mahmudov bildirdi ki, qida sektoru sahəsində müəyyən problemlər var: “Xüsusən də, palma yağlarında. Bu yağdan istifadə edilməməlidir. Palma yağını marqarinə də, uşaq yeməklərinə də, ümumiyyətlə, çox şeyə qatırlar. Biz aldığımız kərə yağının çox faizi palma yağıdır. Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan, insanları kökəldən məhsullardan biri də palma yağıdır. Bu, bir bizim ölkəmizdə var. Dünya bundan imtina edib. Yediyimiz qidaların bir çoxunda kişiliyə təsir edən amillər var. Palma yağı isə əsas yer tutur. Çox kök olan qadınlar var, bütün gün yeyirlər, bax, onları da o günə qoyan xoşagəlməz qidalardır. Boşanmalarla bağlı olan fikir də doğrudur. Təbii qidalar olmasa, insanlar arasında inkişaf olmayacaq. Qidamızı təmin etməliyik. Hazırda süni ət düzəldirlər. Bu, xarici ölkələrdə də var. Qida xalqın yaşam tərzidir. Onun üzərində mükəmməl nəzarət olmalıdır”.
- Adil Qeybulla: “İstifadə etdiyimiz yağların dad xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış yağlardır, palma və müxtəlif bitki yağları buna misaldır”
Professor , tibbi ekspert Adil Qeybulla da bildirdi ki, Azərbaycanda satılan kərə yağlarının heç biri standartlara uyğun deyil: “Əslində, istifadə etdiyimiz yağların dad xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış yağlardır. Palma və müxtəlif bitki yağları buna misaldır. Bununla bağlı dəfələrlə məsələ qaldırılıb, lakin yağ bazarına nəzarət edən strukturlar bunu qətiyyətlə təkzib edir. Onu sübut etmək üçün isə əlimizdə xüsusi bir laboratoriya olmalıdır. Ümumiyyətlə, sübut olunub ki, yağların həddən artıq qızardılması, dağ edilməsi nəticəsində konseregen tipli maddələr əmələ gəlir. Onlar da çökərək damar divarlarını qalınlaşdırır. Ürək-damar xəsəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasına səbəb ölkədə qidalanma məsələsidir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir”.
Günel CƏLİLOVA