Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində rəsmi Bakının tələblərinin icrasından başqa çıxış yolunun olmaması artıq qarşı tərəfdə də etiraf olunur. Hər halda, Qarabağda baş verən olaylar, erməni mediasının məlumatları da belə qənaətə gəlməyə əsas verir.
Yayılan məlumata əsasən, bu günlərdə Qarabağ ermənilərinin rəhbəri Araik Arutyunyan keçmiş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanla görüşüb. Erməni mənbələr qapalı keçirilən görüşdə yeni yaradılmış qondarma “arsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qruplaşmasının üzvləri də iştirak edib. Hazırda separatçılar arasında əsas müzakirə və fikir ayrılığı erməni əhalisinin Laçın postundan istifadə etməklə Ermənistana getməsidir. Vardanyanın rəhbərlik etdiyi radikallar bildirir ki, bu, Laçın postunun legitimləşdirilməsi və erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesinin bir hissəsidir. Onlar buna görə separatçıların “başçıları”ndan hesabat tələb edirlər. Araiklə Rubenin qapalı görüşünün müzakirə mövzusu da bu olub. “Qraparak” qəzeti yazır ki, Araik Arutyunyan Vardanyanın suallarına tam cavab verməyib, mövzudan yayınıb. Bildirib ki, erməni əhalisi Ermənistana gedə bilməməkdən şikayətlənir, bununla bağlı ona məktublar, müraciətlər daxil olur. “Qraparak” yazır: “Araik Rubenə izah edib ki, erməni əhalisi həmişəlik belə vəziyyətdə qalmaq istəmir, etiraz edirlər. Buna görə də məsələni müzakirə edərək, ermənilərin Laçın postundan istifadəsinə icazə vermək qərarına gəliblər”. Bənzər məlumatı Ermənistanın “Past” nəşri də yayıb: “Artıq məlumat yayılır ki, Araik Arutyunyan Rusiya tərəfi ilə anlaşması olduğunu bəhanə edərək Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsindən maşınları keçirir. Sosial şəbəkələrdə mövzu ilə bağlı müxtəlif məlumatlar və şərhlər də var. Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması prosesinə təkcə bəyanatlarla deyil, həm də konkret işlə təminat vermək öhdəliyinə sadiqdir. Araik Arutyunyan isə öz hərəkətləri ilə buna töhfə verir. Qarabağdakı mənbəmiz bildirir ki, bu günlərdə Araik Arutyunyan Qarabağda intensiv görüşlər keçirir, yaranmış vəziyyətlə bağlı dəqiqləşdirmələr və bəhanələr gətirməyə çalışır. Məlumata görə, Azərbaycan tərəfinin xüsusi “qara siyahı”sı var ki, bu siyahıya təkcə Ermənistanın və Qarabağın “ictimai-siyasi sektorunun nümayəndələri və yüksək rütbəli hərbçiləri” deyil, həm də “hüquq-mühafizə sistemində, informasiya blokunda işləyən şəxslər” daxildir”. Xatırladaq ki, bu günlərdə Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Məlumata görə, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib. “Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə erməni tərəfinin yaydığı məlumatda bildirilir.
Beləliklə, Qarabağda qalan ermənilərlə bağlı hadisələrin inkişaf axarı Azərbaycanın istədiyi məcrada inkişaf etməkdədir. Bu fonda Dövlət Sərhəd Xidmətinin yaydığı videolardan tamamilə aydın şəkildə görünür ki, ermənilər sərbəst şəkildə sərhəd-keçid məntəqəsini keçirlər. Bu da bütün dünyaya sübutdur ki, heç bir blokadadan söhbət gedə bilməz. Əksinə, sıravi ermənilər Azərbaycana inteqrasiya olmağın onlar üçün heç bir təhdid yaratmadığını görürlər. Sadəcə, müəyyən terrorçu qüvvələrin orada olması bölgədə sülhə çox böyük təhdid təşkil edir. Separatçı mövqedə olanlar erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, onlar bunun qarşısını almağa çalışır. Belə şəraitdə Azərbaycanın antiterror əməliyyatı keçirməsi istisna olunmur. Bütün bunlardan sonra sülh müqaviləsinin imzalanması da tezləşə bilər. Erməni politoloq Qarnik Davtyan Azərbaycanın şərtləri əsasında sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu qeyd edir: “Bu, sitatsız sülh sazişi olacaq və Ermənistanın təslim olmuş hökuməti bunu başa düşür, ona görə də prosesi ləngidir, çünki bilir ki, onu imzalayandan sonra yerlərini itirəcəklər. Bu hakimiyyət xalqın qəzəbini cilovlaya bilməyəcək. Azərbaycan tərəfinin bəyanatına gəlincə, bu, Qarabağ məsələsinin birdəfəlik bağlanması deməkdir və deməli, anklavlar mövzusu da qapanıb. Bundan əlavə, azərbaycanlılar Ermənistanda məskunlaşdıqda Ermənistan üçün problem yaranacaq”. Davtyanın fikrincə, təhlükə ondan ibarətdir ki, azərbaycanlılar Ermənistanda məskunlaşarsa, Azərbaycan on ildən sonra onların yaşadığı ərazilərə muxtariyyət statusunun verilməsini tələb edə bilər. Anklavlar məsələsinə toxunan Davtyan qeyd edib: “Paşinyan özünü rəhbər hesab edirsə, özünü dövlətin ərazilərinin qorunmasına qurban versin. Bundan sonra yeni müvəqqəti hökumət qurular, erməni cəmiyyəti ağ-qaradan azad olar və bir daha antierməni bəyanatları eşitməz. Amma bunlar indi mümkün görünmür”.
Samirə SƏFƏROVA