İşğal olunmuş torpaqlarımızda illərlə ermənilərə xidmət etmiş beynəlxalq pulköçürmə sistemlərinə qarşı sanksiyalar...

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pulköçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.
Mərkəzi Bankdan verilən məlumata görə, həqiqətən də “Moneygram” pulköçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərib. Bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycanın ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə 2008-ci ildən etibarən “Moneygram” pulköçürmə sisteminin Azərbaycan ərazisində fəaliyyətinin qarşısı alınmış və bu gün heç bir bank sözügedən pulköçürmə sistemi ilə işgüzar münasibətdə deyil. Eyni zamanda, Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pulköçürmə sistemlərinin monitorinqini həyata keçirib. Müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.
Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyət göstərən pulköçürmə şirkətlərinin işinin dayandırılması azdır. Onlara qarşı daha təsirli vasitələr işə salınmalı idi. Məgər onlar bilmirlərmi ki, həmin ərazilər Azərbaycana məxsusdur? Çox yaxşı bilirlər, sadəcə, bunu görməzdən gəliblər. Bu baxımdan bizim torpaqlarda qanunsuz işləyən beynəlxalq pulköçürmə sistemlərinə qarşı hansısa hüquqi sanksiyalar niyə tətbiq edilməyib?
- “Biz hüquqi müstəvidə və dünyanın qəbul edəcəyi formada bu məsələnin üzərinə getməliyik”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Ola bilsin ki, Mərkəzi Bank zamanında sözügedən məsələnin gündəmə gətirilməsində çeviklik göstərə bilməyib. Təkcə həmin şirkətlərin fəaliyyətinin dayandırılması ilə işi bitmiş hesab etmək doğru deyil. Hesab edirəm ki, bu istiqamətdə səylər göstərilsəydi, sonrakı dövrdə bəzi pulköçürmə ilə məşğul olan şirkətlər belə qanunsuz fəaliyyətə cəsarət etməzdilər. Fikrimcə, əvvəlki xarici işlər nazirimiz də bu işdə lazımi iradə ortaya qoymayıb. Ancaq indi də gec deyil. MB başda olmaqla, Azərbaycanın müvafiq qurumları Qarabağda qanunsuz pul köçürmələri ilə məşğul olan şirkətlərə yönəlik sanksiyaların tətbiqini qaldırmalıdırlar. Müəyyən prosedurlara uyğun olaraq, beynəlxalq müstəvidə bu məsələni aktuallaşdırmaq olar. Bu cür qanunsuz fəaliyyətə görə həmin şirkətlər cavab verməlidirlər. Eyni zamanda, buna görə onlar Azərbaycan tərəfinə kompensasiya ödəməlidirlər. Nəzərə almaq lazımdır ki, işğal altında olan ərazilərdə bir vaxtlar qanunsuz fəaliyyət göstərən şirkətlərə yönəlik addımların atılmaması digərlərini də şirnikləndirib. Ona görə də biz hüquqi müstəvidə və dünyanın qəbul edəcəyi formada bu məsələnin üzərinə getməliyik. Zaman-zaman Qarabağdakı separatçılar bu kimi məsələlərdən təbliğat məqsədi üçün istifadə ediblər”.
Şərqşünas hesab edir ki, ərazilərimiz azad edildiyinə görə Azərbaycan daha sərt formada bu məsələni gündəmə gətirməlidir.
Vidadi ORDAHALLI