Yeni işıq-qaz tarifləri: əhali üçün maksimum qənaət, dövlət üçün minimum itki rejimi...

Bazar iqtisadiyyatı şəraitində hər sahədə qiymətlər tez-tez dəyişdiyindən, kommunal xidmətlərin qiymətində də dəyişikliklərin olması gözləniləndir. Bunu "Trend"ə millət vəkili Rüfət Quliyev deyib.
R.Quliyev qeyd edib ki, Tarif (qiymət) Şurasının 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi və digər bəzi yanacaq növlərinin satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb:
"O cümlədən elektrik enerjisi və təbii qazın qiymətlərində diferensial dəyişikliklər baş verib. Belə ki, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq istehlakı 250 kilovat-saat üçün dəyişilməyərək 1 kilovat saata görə 7 qəpik səviyyəsində saxlanıb, aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşib. Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetrə görə hazırkı 10 qəpik səviyyəsində saxlanıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".
Millət vəkili bildirib ki, bu tədbirlər elektrik enerjisindən və təbii qazdan istifadədə qənaətə səbəb olacaq:
"Hesab edirəm ki, bu, aztəminatlı ailələrə təsir göstərməyəcək. Xalqın rifahı həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir və sosial müdafiəyə ehtiyacı olanlara mümkün olan köməkliklər göstəriləcək".
"Azəriqaz" qaz tariflərinin artımına tutarlı iqtisadi əsaslandırma verdi
"Son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən iki milyon nəfərə çatıb. 2016-ci ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib".
Bu barədə "Trend"in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.
Qurumdan qeyd ediblər ki, 2016-ci il ərzində "Azəriqaz" İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib:
"Bu vəziyyətin əsas səbəblərindən biri də budur ki, ölkədə satılan təbii qazın müəyyən hissəsi hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır və sabit tarif əsasında Azərbaycan manatı ifadəsi ilə istehlakçılara satılırdı. Bu itkilər abonentlərə daha keyfiyyətli xidmətlərin təklif olunması üçün planlaşdırılan yenidənqurma, təmir-bərpa və s. kimi işlərin davamlılığını və bütövlüklə "Azəriqaz" İB-nin davamlı fəaliyyətini mümkünsüz edirdi. Bu səbəbdən Tarif (qiymət) Şurasının təbii qaz tariflərinə yenidən baxmasına zərurət yaranıb".
İB Tarif Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini özü-özlüyündə təqdirəlayiq hesab edir:
"Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Ümid edirik ki, diferensial mexanizm bununla yanaşı daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitimizin qorunmasına töhfə verəcək".
"Differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək"
Tarif (qiymət) Şurasının son qərarı ilə differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadəsi, mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Bu barədə "Trend"ə ekspert Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, hər kəs öz gəlirinə uyğun olaraq istifadə etdiyi elektrik enerjisi və digər kommunal xərcləri ödəsin:
"Bu qərar, ola bilsin ki, müəyyən qədər qiymət fərqinə gətirib çıxarsın. Amma dəyişiklik insanların büdcəsinə uyğun olaraq istifadə etdiyi kommunal xidmətlərin müvafiq bölünməsindən ibarətdir. Differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən vətəndaşlara təsir göstərməyəcək".
Ekspert əlavə edib ki, hökumətin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
"Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək"
Tarif (qiymət) Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Bunu "Trend"ə millət vəkili Aydın Hüseynov bildirib.
A.Hüseynov deyib ki, orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir: "Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".
Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".
A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".
Tarif Şurasının qərarı əsasən böyük villa və bağları olanlara təsir edəcək
Tarif (qiymət) Şurasının sonuncu qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur. Bu barədə "Trend"ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili bildirib ki, bu qərar daha çox böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: "Yəni kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir".
T.Rzayev deyib ki, Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verilir: "Küçələrə çıxırsan, nə qədər işıq yanır, rayonlara gedirsən, səhər açılıb, amma qapıda işıqlar yanır, küçələrdə işıqlar yanır. Ümumiyyətlə, qənaət olunmalıdır. Yox, kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən".
Tarif Şurasının qərarından narazı olanlar əvvəlcə reallıqlara baxsınlar...
Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Bu barədə "Trend"ə açıqlamasında millət vəkili Elman Nəsirov Tarif (qiymət) Şurasının son qərarına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Tarif (qiymət) Şurası bu qərarı qəbul etməzdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb:
"Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma eyni zamanda reallıqlar da var".
E.Nəsirov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.
Tarif Şurası son qərarlarına zərurət yaradan səbəbləri açıqladı
Təbii qaz və elektrik enerjisi tariflərinin differensasiyası həm əhalinin, həm də istehsalçıların maraqlarını qorumağa yardım edəcək. Bu sözləri "Trend"ə Azərbaycan Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib. Onun sözlərinə görə, Azərbaycanda siyasətin sosialyönümlü olması səbəbi ilə tarif siyasəti kifayət qədər mühafizəkardır. Yəni qurumun prioriteti tariflərin minimal səviyyədə saxlanmasıdır: "Ona görə otpimal qiymətlərin tətbiq olunması zərurəti yaranır. Təbii ki, istehsalçılar yüksək tariflərin, əhali isə aşağı tariflərin tətbiq olunmasının tərəfdarıdır. Amma biz bu və ya digər kateqoriyanın arzusuna uyğun tarif tətbiq edə bilmərik. Bizim məqsədimiz ən optimal tarifi tətbiq etməkdir."
Tarif Şurasının katibi qeyd edib ki, qaz tariflərinə yenidən baxılması qaçılmaz idi: "Məlumdur ki, əhali qrupundan olan istehlakçılar üçün təbii qaz tarifləri sonuncu dəfə 2009-cu ildə, digər qrup istehlakçılar üçün isə 2007-ci ildə nəzərdən keçirilmişdi. O zaman tarif 1000 kubmetr qaz üçün 100 manat həcmində müəyyən olunmuşdu. Ötən dövr ərzində istehsalçılar xərclərdəki dəyişikliklər səbəbi ilə tariflərə yenidən baxılması üçün dəfələrlə bizə müraciət edib. Bu gün SOCAR təbii qazı bir neçə mənbədən əldə edir və "Azəriqaz" İB-nin yardımı ilə ölkə üzrə paylayır. Buraya SOCAR-ın neft və qaz hasilatı müəssisələri tərəfindən hasil olunan təbii qaz, "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan qaz və "Şahdəniz" yatağından əldə olunan təbii qaz daxildir. "Şahdəniz" yatağından hasil olunan təbii qazın qiyməti dollar müqavilələrinə əsasən təyin olunur. Bundan başqa, maya dəyərinin formalaşmasına nəqliyyat xərcləri də təsir göstərir".
Onun sözlərinə görə, aparılan təhlil nəticəsində müəyyən olunub ki, Azərbaycanda istehlak olunan qazın 50 faizə yaxını elektrik enerjisinin istehsalı məqsədilə "Azərenerji"nin payına düşür.
İ.Məcidov deyib: "Azərenerji" tərəfindən qazın bu qədər istehlak olunması elektrik enerjisi qiymətlərinin artmasını qaçılmaz edə bilərdi. Ona görə Tarif Şurası ilk növbədə "Azərenerji"yə satılan qazın tariflərini maksimal aşağı səviyyədə saxlamaq qərarını qəbul etdi. Təkrar nəzərdən keçirilənədək bu tarif 1000 kubmetr üçün 80 manat səviyyəsində idi, bundan sonra isə 1000 kubmetr üçün 120 manat təyin edildi".
Onun sözlərinə görə, əhalinin xərclərini nəzərə almaq lazım idi. Bu, əsas prioritetlərdən biridir: "Bizim tədqiqatlarımıza əsasən, əhalinin 62 faizi ildə 1500 kubmetrdən az qaz istehlak edir. Eyni zamanda əhalinin 72 faizi ayda 250 kilovatt-saatdan çox elektrik enerjisi istehlak etmir. Ona görə, Tarif Şurası həm əhalinin böyük hissəsinin, həm də istehsalçıların maraqlarını qorumaq üçün tarifləri istehlak həcminə uyğun olaraq differensiallaşdırmağı qərara aldı. Digər üsullarda differensiallaşdırma qaçılmaz xərclərə səbəb ola bilərdi".
Eyni zamanda İ.Məcidov qeyd edib ki, israfçılığın qarşısının alınması, qazın və elektrik enerjisinin daha qənaətli istifadəsi tarif artımının təsir etməyəcəyi əhali kateqoriyasını genişləndirəcək: "İstehlak səbətinə əsasən, Azərbaycanda adambaşına düşən qaz istehlakının orta aylıq həcmi 21 kubmetr təşkil edir. Nəzərə alsaq ki, ortalama azərbaycanlı ailəsi 4,7 nəfərdən ibarətdir, illik hesablamada bir ailə üçün orta illik qaz istehlakının həcmi 1200 kubmetrə bərabər olur. Elektrik enerjisinin adambaşına düşən orta aylıq həcmi 50 kilovatt, ailə üçün isə 235 kilovatt təşkil edir. Eyni zamanda qaz və elektrik enerjisinin qənaətlə istehlakı tarif artımının şamil olunmayacağı əhali kateqoriyasını genişləndirə bilər. Hesab edirəm ki, tariflərin differensiallaşdırılması qaz və elektrik enerjisinin istehlakında israfçılığı azaldacaq".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Xəbər xidməti