Cəlilabad rayonunda yaşayan gənc ana Şahverdiyeva Vüsalə İlham qızı körpə övladının müalicəsi imkanlı şəxslərdən yardım istəyir.V. Şahverdiyeva 2010-ci il martın 12-də qohumu Anarla ailə qurub.
Ancaq bir müddət sonra bəlli olub ki, yoldaşının Rusiyada ailəsi var. Keçmiş yoldaşının valideynlərinin də oğullarının Rusiyada ailəli olduğunu bildiyini və bunu ondan gizlətdiyini deyən ana daha sonra bildirir:"2012-ci il yanvarın 15-də yoldaşım məni döyüb, 3 yaşlı qızım Aynurla atam evinə gətirdi. Dedi, mənim Rusiyada ailəm var. Anam polisə verdi, dava qırğınla ayrıldıq. Məhkəmə bizə 50 manat aliment kəsdi”.
V. Şahverdiyeva bildirir ki, əvvəllər qızının başında fibroz var imiş, ancaq xeyriyyəçi insanların sayəsində müalicə olunub. İndi isə böyrəklərində soyuqdəymə və duz var. Sidik kanalı da iltihablayıb: "Yoldaşım indi mənə yalnız 50 manat aliment verir, başqa heç cür kömək etmir. Heç uşağın xəstəliyi ilə də maraqlanmır. İndi Rusiyada Saratov şəhərində qalır. Mənimlə də məhz oradakı ailəsinə görə ayrıldı. Evli olanda da mənə, uşağa baxmırdı. Onların evində olanda da mənə valideynlərim baxırdı. Uşağa yemək ala bilmirdim. Yoldaşıma zəng vurub deyirdim ki, pul göndər, uşağa yemək alım. Deyirdi, atan baxsın. Elə vaxt olurdu ki, atam pul tapa bilməyib, borc alıb, gedib uşağa yemək alırdı. Yoldaşım evli olarkən məni döyürdü. Boşanmadan əvvəl də uşağa baxmırdı. 15 günün gəlini idim, məni burda qoyub Saratova getdi. Bir də hamiləliyimin 6-cı ayında gəldi. Evlənmədən əvvəl onun Rusiyada ailəsinin olduğunu bilmirdim. Sonra yenə getdi və bir də uşağın 1 yaşında gəldi. Qızımın 1 yaşı dekabrın 22-də oldu, yanvarın 15-də atam evinə qayıtdım”.
Vüsalə xanım deyir ki, keçmiş həyat yoldaşının Rusiyada evli olduğunu ona sonra qayınatası deyib: "Evlənmədən əvvəl də qayınatamgil onun Rusiyada ailəsi olduğunu bilirmiş. Məni aldadıblar. Qayınatam mənə deyirdi ki, yoldaşım məni özü ilə Rusiyaya aparacaq.
V.Şahverdiyevanın sosial yardım almaq problemi həll olunub, indi ümidi uşağının sağalmasınadır: "Uşağa yardım edilməsi üçün ölkə rəhbərliyinə müraciət etdim. Hələ cavab verilməyib, gözləyirəm. Sosial yardım da ala bilmirdim. 200 manat pul istəyirdilər. Saytlarda bu haqda məlumat yayılandan sonra nazirlikdən zəng vurub dedilər ki, sizin işiniz düzələcək.
İndi qızımın müalicəsi üçün yenidən köməyə ehtiyacım var”.