Sabirabad Rayon Perinetal Mərkəzində çəkilən video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olub. ANS PRESS-in məlumatına görə, videoda Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət tələb etməsini görmək mümkündür. Xəstə yaxınları isə "əsas can sağlığıdır, pul isə boş şeydir” deyir. V.Məmmodov isə cavab verir ki, pul heç də boş şey deyil.
"Pul yoldaşlıqda, dostluqda keçmir. Qalan şeylərdə pul keçir. Mənə də pul lazımdır. Axı mənim də həmkarlarım var. Onlarla da mənə verilən pulu bölüşürəm. Polis də, hakim də dar ayaqda hamısı həkimə müraciət edir”, - Vüsal Məmmədov deyir.
Məsələ ilə bağlı Vüsal Məmmədov bildirib ki, onun rüşvət tələb etməsi ilə bağlı yayılan videonu görməyib. "Ona görə də heç bir söz deyə bilmərəm. Ola bilsin video montajdır”, - V.Məmmədov deyib. 30 yaşlı həkim onların xəstəxanasında rüşvət alma hallarının olmadığını da bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdov xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb.
O, bildirib ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzində qeydə alınan rüşvət faktını diqqətdə saxlayır. "Hazırda məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırmalardan sonra faktla bağlı müvafiq tədbirlər həyata keçiriləcək”, - deyə A.Qədirli bildirib.