İstanbulda 17 min, Bakıda 28 min taksi? - Onlayn taksi xidmətlərinin bir çoxu bağlana bilər…

“Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı həddindən çoxdur”. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.
Qeyd edilib ki, Azərbaycanda, təxminən 40 min taksi var və bunun 28 mini Bakının payına düşür. Onların da 90%-i onlayn platformalar üzərindən fəaliyyət göstərir: “Halbuki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var. Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır. Paytaxtda sıxlığın aradan qaldırılması üçün taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflərimiz var. Bu təkliflər taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşıma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasını əhatə edir”.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, ölkədə taksi kimi fəaliyyət göstərənlərin sayı Türkiyə ilə müqayisədə çoxdur.
Məlumdur ki, ölkəmizdə taksi xidmətində çalışmaq istəyənlər üçün sadəcə avtomobil və sürücülük vəsiqəsinin olması yetərlidir. Işə ehtiyacı olan şəxsin avtomobili varsa, o şəxs hansısa taksi şirkətinə qoşulub sərbəst şəkildə çalışa bilər.
Ekspertlər hesab edir ki, taksi sayının artması tıxac, yol-nəqliyyat qəzaları, ölüm hadisələrinin sayının çoxalmasına səbəb olan əsas amillərdən biridir. Çünki paytaxt küçələrini tam tanımayan, sadəcə naviqator vasitəsilə taksiçilik etmək istəyən şəxs istər-istəməz yol hərəkət qaydalarının pozulmasına səbəb olacaq.
Mütəxəssislər onu da bildirir ki, taksi idarə edənlərin bir qismi “patı” aludəçisidir. Onlar məlum asılılığını ödəmək üçün sükan arxasına oturur və nəticədə yolda xoşagəlməz hallar yaşanır.
- “Taksilərin fəaliyyətini inzibati yolla azaltmaq mümkün deyil, çünki…”
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, taksilərin real sayı açıqlanan rəqəmdən daha çoxdur: "Təkcə Bakıda daimi və ya epizodik olaraq taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin sayı 60 minin üzərindədir. Ölkəmizin digər şəhər və rayonlarında fəaliyyət göstərən taksiləri də hesablasaq, bu rəqəm daha da yüksələcək. Hazırda taksi xidmətləri pandemiya dövründəki həmin genişləndirilmiş vəziyyətdə qalır. Taksilərin sayının çox olması həm də bu xidmətə əhalinin ehtiyacı olduğunu göstərir”.
Ekspert hesab edir ki, taksilərin fəaliyyətini inzibati yolla azaltmaq mümkün deyil. Çünki Bakıda ictimai nəqliyyat bərbad vəziyyətdədir. İnsanlar çarəsizlikdən taksidən istifadə etməli olur: “Taksilərin sayının azaldılmasının yeganə yolu ictimai nəqliyyatın inkişaf etdirilməsidir. Bu olarsa, görəcəyik ki, taksi xidmətindən istifadə edənlərin sayı azalacaq”.
Günel CƏLİLOVA