İslam dünyasının Mədəniyyət paytaxtı - Şuşanın türk-müsəlman kimliyinə ləkə yaxanlara yeni zərbə...

2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu.
Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.
Məlumdur ki, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirildi. Konfransda Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri “2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
- “…mədəniyyət və dövlətçilik tariximizdə mühüm hadisədir”
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 30 il erməni işğalı altında olduğu dövrdə Şuşada maddi-mənəvi irsimiz dağıldı, bəzilərinin forması dəyişdirilərək erməniləşdirildi: "Düşmən Şuşada çoxsaylı saxtalaşdırma işi apardı. Ermənilərin vurduğu ən böyük zərbələrdən biri tarixi, arxeoloji, mədəni abidələrimizdən bizim milli indentikliyimizi silmək idi, amma ona nail ola bilmədi. Onlar nə qədər saxtalaşdırma aparsa da, milli kimliyimizi silə bilməyib, çünki hər qaya parçasında bizim izimiz var. Son 30 ildə ikili standartlara görə dünyada bizim səsimizə reaksiya verilmədi”.
F.İsmayılov hesab edir ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması olduqca əhəmiyyətlidir. Çünki Şuşanın İslam ölkələrində tanınması bu ərazidə azərbaycanlıların yaşadığını sübut edir. Bu istiqamətdə təbliğat işlərinin gücləndirilməsi, Şuşanın mədəni irsi, tarix mədəniyyət abidələri ilə bağlı işlərin aparılması vacibdir.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan öz gücü, qüdrəti ilə işğal altında olan torpaqları azad etdi. İndiyə kimi hər hansı bir ölkə, hətta İslam dövləti belə bu ərazidə bir neçə kəndin, rayonun tam bərpasını öz üzərinə götürməyib: “Özbəkistan Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan ərazisində məktəblərin tikintisinə dəstək olur. Digər türk dövlətləri də hansısa işə dəstək olur. İslam dövlətlərinin bu işdə passiv olması bizim təbliğatımızın zəif olması ilə bağlıdır. Bu səbəbdən də təbliğat işləri daha da gücləndirilməlidir”.
F.İsmayılovun sözlərinə görə, Sovet dövründə belə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olub. Bir çox mədəniyyət xadimləri, ifaçılar məhz Şuşada yetişib. Şuşa o zamanlarda belə mədəniyyət ocağı sayılırdı: “Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Şuşa Azərbaycan xalqına, millətinə geri qaytarıldı. Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi mədəniyyət və dövlətçilik tariximizdə mühüm hadisədir.
Günel CƏLİLOVA