Arbidol-200, Tamiflyu-75, Enfluvir-75, Moksilok-400 - Koronavirus Bakı apteklərində daha hansı dərmanları yox edəcək … Jurnalist Ziya Babayevin əhvalatları…

Sizdə koronavirusun evdə müalicəsi üçün hansı dərman preparatları var?
- Ən çox alınan "Arbidol" yoxdur, vitamin C və maqneziumlar da qurtarıb. Virus əleyhinə dərmanlar demək olar ki, yoxdur.
Bu, koronavirusa yoluxmuş, yüngül simptomlu və simtomsuz olduqlarından evdə müalicə alan xəstələrin apteklərdən hər gün eşitdiyi cavabdır.
Evdə müalicə koronaviruslu xəstələr dərman tapmaqda çətinlik çəkir. Xəstələr bildirir ki, müalicə üçün lazım olan dərman preparatları apteklərdə deyil, bızi işbazlar tərəfindən baha qiymətə satılır Ümumiyyətlə, xəstəliyin müalicəsi üçün ən vacib sayılan “Arbidol-200”, “Tamiflyu-75”, “Enfluvir-75”, “Moksilok-400” və s. dərmanları apteklərdə tapmaq mümkün deyil.
COVİD-19-a yoluxub sağalan jurnalist Ziya Babayev başına gələn hadisələrlə bağlı sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, xəstəliyin müalicəsi üçün ən vacib sayılan “Arbidol-200”, “Tamiflyu-75”, “Enfluvir-75”, “Moksilok-400” və s. dərmanları apteklərdə tapmaq mümkün deyil: “Lakin dost və tanışların köməyilə bu işlərlə məşğul olan dərman dəllalları ilə əlaqə saxladım. Onlar dövlət qeydiyyatına alınaraq qiyməti tənzimlənən “Arbidol-200” adlı dərmanı 6 manat deyil 75 manata satır. “Enfluvir-75” adlı dərmanı isə, ümumiyyətlə, apteklərdə tapmaq müşkülə çevrilib. Bu dərman vasitəsi “qara bazar”da 130 manata satılır. Çətinliklə tapılan “Moksilok-400” dərmanı isə apteklərdə 22 manata satıldığı halda işbazlar müştərilərinə 50 manata təklif edirlər”.
Qeyd edək ki, belə hallar təkcə Ziya Babayevin deyil, virusa yoluxub, evdə müalicə alan onlarla xəstənin başına gəlir.
- “İlk növbədə vətəndaşlar belə hallarla rastlaşdıqda aldanmasınlar və lazımi qurumlara məlumat versinlər”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ilk növbədə vətəndaşlar belə hallarla rastlaşdıqda aldanmasınlar və lazımi qurumlara məlumat versinlər: “Bu sadalanan dərmanlar əslində koronavirus xəstəliyinin müalicəsi üçün o qədər də effektli deyil. Lakin TƏBİB-in də “Arbidol”u öz siyahısına salması bu işbazlara fürsət verdi. Belə insanlar mütləq axtarılmalıdır. Onları müəyyən etmək lazımdır. Dərmanları baha qiymətə satan adam dövlətə vergi verirmi? Burada sahibkarlara zərər vurma var, insanların aldadılması var. Həmin dərmanların orijinal olub-olmaması da bir tərəfdən şübhə doğurur”.
Qeyd edək ki, dərman vasitələrinin tam siyahısı, o cümlədən topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib. Dövlət qeydiyyatına alınmaqla “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş və qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələrinin qiymətləri ilə göstərilən ünvanda tanış olmaq mümkündür. Tarif Şurasının müəyyən etdiyi qiymətdən qat-qat baha satışa çıxaran işbazlar müəyyən olunaraq qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılmalıdır.
Günel CƏLİLOVA