Eldar Mansurov öz arxiv materiallarını Mərkəzi Elmi Kitabxanaya bağışladı
Xalq artisti Eldar
Mansurov yaradıcılığını əks etdirən arxiv materiallarını Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına
bağışlayıb.
Bu barədə AMEA-dan qəzetimizə daxil olan məlumatda bildirilir.
Verilən xəbərə görə, görkəmli musiqişünas, bəstəkər, xalq artisti Eldar
Mansurov özünün və Azərbaycan Respublikasının xalq artisti, klassik
muğamlarımızın mahir ifaçısı, tarzən Bəhram Mansurovun yaradıcılığını
əks etdirən arxiv materiallarının bir nüsxəsini AMEA-nın Mərkəzi Elmi
Kitabxanasına bağışlayıb. Bunlar Aydın K.Əzimovun Eldar Mansurova
bağışladığı "Şur" muğamının ifa tərzləri və onların nota alınması"
toplusu, not yazısı Eldar Mansurova məxsus olan "Azərbaycan dəraməd və
rəngləri", özünün müəllifi olduğu "Simfonik rəqsləri", simfonik orkestr
üçün yazdığı "Simfoniya nömrə 4", kamera orkestri üçün "Freskalar", 2
hissədən ibarət "Saqinamə", fortepiano üçün yazdığı "Miniatürlər
Rubato"nun nota köçürülmüş kitab və kitabçaları, həmçinin 1995-ci ildə
çap olunan "Muğam düşüncələrim" adlı məqalələrdən ibarət kitabları və
görkəmli tarzən Bəhram Mansurova aid olan, Heydər Əliyev Fondu
tərəfindən mahir tar ifaçısının anadan olmasının 100 illiyinə həsr
edilmiş "Mansurovlar" kitabı, ustad tarzənin ifalarından götürülərək
nota köçürülmüş "Azərbaycan qədim el havaları", Mansurovlar ailəsinin
layiqli övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı
Məşədi Süleyman Mansurovun yazdığı "Xatirələr" kitabı, görkəmli musiqi
xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və yaradıcılıq
fəaliyyətini əks etdirən fotoların yer aldığı kitabçalardan ibarətdir.
Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu və bütün
yaradıcılığının elektron variantı da hədiyyələr arasındadır.
İradə SARIYEVA