"Yunona və Avos" rok-operası Bakıya gəlir

Bakı tamaşaçıları
əfsanəvi "Yunona və Avos" rok-operasını görmək imkanı qazanacaq.
"Bakı-Xəbər"ə verilən məlumata görə, Aleksey Rıbnikovun teatrı
"Yunona və Avos" rok-operası ilə Bakıya qastrol səfərinə gəlir. Tamaşa
yalnız bir gün - 31 may tarixində, saat 19.00-da Heydər Əliyev Sarayında
nümayiş olunacaq. Rusiyada, eləcə də Avropada məşhur olan kollektivin
Bakıya qastrol səfəri əlamətdar hadisədir.
"Yunona və Avos" rok-operası Rusiya Federasiyasının Xalq artisti,
Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi
teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan
"Yunona və Avos"un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov
və şair Andrey Voznesenskidir.
Qeyd edək ki, Aleksey Rıbnikovun teatrının quruluşunda "Yunona və
Avos" rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada,
İsraildə və digər ölkələrdə nümayiş olunub və böyük uğur qazanıb.
Günel CƏLİLOVA