16/02/2020 23:08
728 x 90

Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun professoru Rəyasət Heyətini nələrdə günahlandırır… - MÜSAHİBƏ

Rövşən Bəndəliyev: “…AMEA professoru adına qeyri-həssas yanaşma mənim kimi 24 nəfər 50 yaşına qədər olan sayseçmə alimlərimizin həm respublika daxilində, həm də respublika xaricində elmi nüfuzunun aşağılanması kimi başa düşülə bilər”

img

“O, istənilən vəchlə bu məsələni Ali Attestasiya Komissiyasının üzərinə atmağa çalışırdı”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2019-cu ilin sonlarında çıxardığı bir sıra qərarlar AMEA-nın müvafiq institutlarının aparıcı elm adamları tərəfindən normal qarşılanmır. Bəzi alimlər narazılıqlarını şöbələrdə, dəhlizlərdə pıçıltı ilə dilə gətirsələr də, bu kimi hallara qarşı açıq narazılıq edənlər də yox deyil.  

Müsahibimiz AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev AMEA sistemində onu narahat edən məsələlərə aydınlıq gətirdi.

- Rövşən müəllim, siz AMEA Professorlarının Koordinasiya Şurasının sədrisiniz AMEA professorları haqqında AMEA Rəyasət Heyətinin dekabr qərarından niyə narazısınız? Sizin etirazınıza səbəb nə olub?

- Bəli, bu qərar 10.12.2019-cu il tarixində verilib. Birincisi, ona görə narazıyam ki, bu qərar verildikdə nə mənim AMEA PKŞ-nin sədri kimi, nə də digər AMEA professorlarının heç birinin xəbəri olmayıb. Qeyd etmək istərdim ki, mənim kimi digər professorların - 11 nəfərin elmi adı 3 il müddətində nəinki respublikamızda, hətta ölkə xaricinə gedən rəsmi elmi sənədlərdə AMEA professoru kimi qeyd edilib. Hesab edirik ki, bu addımın atılması alim nüfuzunun tapdanması, AMEA professoru adına qeyri-həssas yanaşma mənim kimi 24 nəfər 50 yaşına qədər olan sayseçmə alimlərimizin həm respublika daxilində, həm də respublika xaricində elmi nüfuzunun aşağılanması kimi başa düşülə bilər. Müəyyənlik üçün qeyd etmək istəyirəm ki, mən Rusiya Elmlər Akademiyasının Professorlarının Koordinasiya Şurasının sədri ilə 2 il müddətində əlaqə saxlamışam, bu əlaqələr bizim professorlarla müəyyən işçi seminarların keçirilməsi, multidissiplinar sahədə tədqiqat işlərinin aparılması və s. məsələlərdən ibarət idi. İndi isə AMEA-da bu adın təsis olunması haqqında bir qədər ətraflı məlumat vermək istərdim. AMEA professoru adı mənim dəfələrlə qeyd etdiyim kimi, AMEA-da gələcəkdə keçiriləcək akademik seçkilərdə 50 yaşa qədər olan perspektivli kadr bazasının yaradılmasına hesablanıb. Bizim fəaliyyət göstərdiyimiz 2 ildən bir qədər artıq müddətdə bır sıra görüşlər keçirilərək, respublikada müxtəlif elm sahələrində dünya elminə inteqrasiya baxımından müxtəlif müzakirələr aparılıb. Bizim 25 nəfərlik heyətin bu baxımdan dəyərli fikirləri mövcud idi. İndi bu fikirlərin həyata keçirilməsi qərəzli qərardan sonra problemli görünür. Bu seçkilərdə bizə səs vermiş eyni üzvlərin 2,5 ildən sonra əks qərar verməsi çox gülüncdür. Yəni heç bir müzakirə olmadan qərar qəbul edilib. Lakin bizim sıralarda elə bircə Avropa Cərrahlar Assosiasiyasının keçmiş prezidenti Kənan Yusifzadəni qeyd etmək istərdim.

- Siz AMEA Rəyasət Heyətinin iclasında çıxarılan bu qərara görə Əminağa Sadıqovu ittiham edirsiniz. Niyə məhz Ə.Sadıqovu? Belə deyək, bu qurumda ondan yuxarıda dayanan vəzifə sahibləri də var…

- Bəli, bu iclasın gündəliyini tərtib edən odur. Mən bu qərardan sonra onun qəbulunda oldum. O, (Ə.Sadıqov - İ.S.) istənilən vəchlə bu məsələni Ali Attestasiya Komissiyasının üzərinə atmağa çalışırdı. Lakin bu məsələ AMEA RH-nin sırf daxili məsələsidir və qərarı da yalnız onlar verə bilərdi. Bəli, bizə 2017-ci ildə səs vermiş digər üzvlər də eyni məsuliyyət daşıyırlar. Lakin bizi bu məsələdə dəstəkləyən səlahiyyətlilər də olub. Fürsətdən istifadə edib onların hər birinə öz minnətdarlığımı bildirirəm.

- Müsahibə öncəsi bizimlə söhbətinizdə qeyd etdiniz ki, Ə.Sadıqov AAK-dan professor adını şübhəli yollarla alıb və onun AMEA-nın müxbir üzvlüyünə necə seçilməsi də göstərdiyi fəaliyyətə adekvat deyil. Bunu nə ilə əsaslandıra bilərsiniz?

- Bəli, o zaman AAK-da ekspert şurasında iştirak edən yoldaşların əksəriyyəti doğrudan da bu prosesin çox sürətli baş verdiyini qeyd etdilər və ən azından, AAK-dan professor adını almaq üçün bəzi göstəricilər lazımdır. Heç olmasa, doktorantı müdafiə etməlidir və nüfuzlu elmi jurnalda elmi əsəri olmalıdır. Ə.Sadıqovun müxbir üzvlüyə namizədliyi AMEA-ya 2016-cı ildə elan olunmuş seçkilərdə irəli sürülüb. Bu iclasda hörmətli akademiklərdən biri hansı əsasla Ə.Sadıqovun namizədliyinin irəli sürülməsi məsələsinə toxunub. Yəni onun nüfuzlu elmi jurnallarda elmi əsərlərinin olması məsələsi nəzərdə tutulurdu. Bu zaman iclasda iştirak edən AMEA-nın professorlarından biri məsuliyyəti öz üzərinə götürüb və onun da adı qeyd edildiyi və (bizimlə birgə)  4 nəfərin həmmüəllifi olduğu məqalənin xarici jurnalda çıxdığını qeyd edib. Müəyyənlik üçün qeyd edim ki, Ə.Sadıqov bu məqalədə sonuncu 4-cü müəllifdir və yəqin ki, bu jurnalın adını da bilmir.

- AMEA professoru statusunun ləğvi niyə baş verdi?

- AMEA professoru statusu guya ki, AAK-ın verdiyi professor elmi adı ilə müqayisə edildiyi üçün ləğv edilib. Lakin yenə də təkrar etmək istəyirəm ki, bu məsələ ilə AAK-ın professor elmi adı tamamilə başqa təyinatlıdır. Belə ki, AMEA professoru nizamnaməsinin tərtibində mən özüm də yaxından iştirak etmişəm və lazım olsa, mən onu ictimaiyyətə təqdim edə bilərəm.

- Məlumatlara görə, bir sıra hallarda Ali Attestasiya Komissiyası AMEA-nın işlərinə lüzumsuz müdaxilələr edir. Bunu siz də müşahidə edirsinizmi?

- Bəli, AAK bu məsələdə çox fəal rol oynayıb. Lakin qeyd etmək istəyirəm ki, AAK-ın professor adının verilməsi elmi fəaliyyətə görə olmaya da bilər. Məsələn, professor elmi adının elmi fəaliyyətə görə verilməsinə aid olan 3.1 və ya 3.6 bəndində iddiaçının elmi dərəcə almış tələbələrinin olması şərt kimi qoyulur. Dünya təcrübəsində isə professor elmi adı əsasən elmi işlərə görə verilir. Bir də mən son zamanlar AAK-ın dissertasiya işləri ilə bağlı qəbul etdiyi süründürməçilik qərarına qarşı çıxmış bütün dissertantları dəstəkləyirəm və bunu dəstəkləmiş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.

- Digər tərəfdən, qeyd etdiniz ki, sizin 25 nəfərlik sıranızda Azərbaycan Respublikasının 50 yaşa qədər olan mütəxəssisləri təmsil olunurlar və onların sıralarında kifayət qədər elmi nüfuzlu insanlar da var. Hətta AMEA professorları sıralarında bir millət vəkilinin də olduğunu bildirirsiniz. Bu haqda nə demək istəyirsiniz?

- Bizim 2019-cu ildə ikinci dəfə keçirilən AMEA professorları müsabiqəsindən daha 13 nəfər keçərək sıralarımızı 25 nəfərə çatdırdılar. Onların sıralarında millət vəkili Qənirə Paşayeva da olub. Digərinin adını isə artıq qeyd etmişəm.

- Siz özünüz həm də Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində fəaliyyət göstərən S.M.Nikolski adına Riyaziyyat İnstitutunun baş elmi işçisisiniz. Burada fundamental elmi tədqiqat sahəsində nə kimi işlər görülür?

- Qeyd etdiyim kimi, Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində fəaliyyət göstərən S.M.Nikolski adına Riyaziyyat İnstitutunun xarici araşdırmaçısı kimi baş elmi işçisiyəm. Burada həm fundamental, həm də tətbiqi baxımdan əhəmiyyətli işlər görülür və mənim də bu institutun fundamental sahələrdə çalışan əməkdaşları ilə sıx əlaqəm mövcuddur.

- Çox zaman eşidirik ki, dövlətin elmə yüksək məbləğdə vəsait ayırmasına baxmayaraq, o vəsaitin elmə, elmi ixtiralara, tədqiqatlara xərclənməsinin qarşısı AMEA-dakı müəyyən qüvvələr tərəfindən alınır. Bu həqiqətdirmi?

- Məncə, AMEA-da alınmış elmi ixtiralara, tədqiqatlara AMEA tərəfindən maddi dəstək verilir və verilməkdə davam edir. Dünya elmi araşdırmaları sübut edir ki, doğrudan da əsas fundamental tədqiqat sahələri maliyyələşdirilir. Buna parlaq misal olaraq Gürcüstan Respublikasını və Rusiya Federasiyasını misal göstərmək olar.

AMEA PKŞ-nin sədri kimi AMEA rəhbərliyindən xahiş etmək istərdim ki, bu məsələyə yenidən baxsın.

- Müasir dövrümüzdə sizin kimi tanınmış riyaziyyat alimləri olsa da, nədənsə, onların elmi nəticələrinin iqtisadiyyat, texnologiya və digər sahələrdə tətbiqi ləngiyir. Bu nə ilə bağlıdır?

- Əvvala qeyd etmək istəyirəm ki, riyaziyyat sahəsi əsasən nəzəri sahədir. Lakin bu sözlərlə mən özümü sığortalamaq istəmirəm. Biz hazırda tibb sahəsində onkoloji proseslərin riyazi modelləşdirilməsi və iqtisadiyyatın kəsir tərtibli riyazi modelləşdirilməsi üzərində qrup şəklində fəaliyyət göstəririk. Müasir dünyanın yeni çağırışlarına uyğun olaraq çalışırıq ki, bu sahədə qazandığımız müəyyən təcrübəni digər sahələrdə də tətbiqini tapaq. Bu çatışmazlıq əsasən müxtəlif sahələrdə fəaliyyət göstərən alimlərin çox çətinliklə bir elmi fikrə gəlməsi ilə əlaqədardır. Lakin inanıram ki, bu problem yaxın 10 il ərzində əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

- AAK-ın doktorantlarla və dissertantlarla bağlı çıxardığı 13 dekabr qərarına münasibətiniz necədir? AAK niyə o qərarı dəyişmək istəmir? 

- Yuxarıda qeyd etdiyim kimi, AAK-ın bu qərarına münasibətim mənfidir. Mən AAK kimi digər təşkilatların işinə qarışmaq istəmirəm, lakin bu qərara münasibət bildirməyi özümə bir borc bilirəm. Mən AMEA-nın professoru İdris Abbasov və digər professor-müəllim heyətinin fikrini tam dəstəkləyirəm.

İradə SARIYEVA
P.S. Müraciət edərsə, qarşı tərəfin də fikirlərini dərc edə bilərik.

Son xəbərlər