23/02/2020 12:15
728 x 90

Ali Attestasiya Komissiyasının ləğvi mövzusu ətrafında müzakirə dərinləşir - MÜSAHİBƏ

Həbib Zərbəliyev: “Hazırda Ali Attestasiya Komissiyası kimi bir qurumun mövcud olması o qədər də məntiqli deyil”

img

“Son bir neçə ildə Ali Attestasiya Komissiyası açıq şəkildə bazara çevrilmişdi”

 

Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyəti ilə bağlı elmi ictimaiyyətdə birmənalı fikir yoxdur. Bir sıra elm xadimləri hesab edirlər ki, AAK-da baş verən neqativ proseslər, habelə elmi iş müdafiə etmək istəyən gənclərin burada üzləşdiyi bürokratik əngəllər bu qurumun ləğvini aktuallaşdırıb.

Bu qənaəti bölüşən alimlərdən biri də Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyevdir. H.Zərbəliyev bu qurumda keçmişdə baş verən və bu gün də həmin mənfi proseslərin burada müəyyən şəxslər tərəfindən davam etdirilməsindən narahatdır. Professorla əlaqə saxlayıb onu AAK-la bağlı narahat edən məqamları öyrəndik.

- Həbib müəllim, AAK-ın fəaliyyətində bir elm adamı kimi sizi nə qane etmir?

- Söhbət təkcə məndən getmir. Əslində, AAK-ın hazırkı fəaliyyətinin mənim üçün heç bir önəmi yoxdur. Çünki mən o mərhələni çoxdan keçmişəm. Amma mənim dissertantlarım var, ətrafımda alim olmaq istəyən gənclər var. Mən onların vəziyyətinə görə bu məsələyə münasibət bildirmək istəyirəm. Məsələnin mahiyyəti nədən ibarətdir? AAK-ın Rəyasət Heyəti 13 dekabr 2019-cu il tarixində bir qərar verib. O qərara görə, 11 iyun 2018-ci il – 11 iyun 2019-cu il müddətində ilkin müzakirədən keçmiş dissertasiya işlərindən başqa qalan bütün dissertasiyalar yenidən ilkin müzakirədən, eləcə də 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi yenidən elmi seminardan keçirilməlidir. Yəni illərlə oturub gözləyirlər ki, onların yazdıqları elmi işlərin müzakirəsi keçsin. Lakin onlardan asılı olmayan səbəblərdən AAK-ın fəaliyyəti dayandırıldıqda həmin bu birillik müddət ortada qalır. Yəni burada dissertantların, doktorantların heç bir günahı yoxdur. AAK fəaliyyət göstərməyib və indi öz fəaliyyətsizliyinə görə dissertantları, doktorantları cəzalandırır.  

- Dissertant və doktorantlar komissiyanın bu qərarına etiraz bildiriblər. Onların etirazları elmi ictimaiyyətdə də böyük əks-səda yaratdı.

- Dissertantlar, doktorantlar haqlı olaraq AAK-ın bu qərarına etiraz ediblər. Burada çox ciddi bir məsələ var. Azərbaycan Konstitusiyasının 147-ci maddəsinin 7-ci paraqrafına görə, vətəndaşların vəziyyətlərini yüngülləşdirən hal əvvəlki illərə şamil edilə bilər, amma bu, vətəndaşların vəziyyətini ağırlaşdırıcı hallardırsa, heç bir halda əvvəlki illərə şamil edilə bilməz. Yəni AAK-ın bugünkü qərarı heç bir halda dissertantların əvvəlki halına şamil edilə bilməz, bu qərar əsassızdır.

- Təkliflərinizdən biri odur ki, AAK ləğv edilsin və onun səlahiyyətləri ali məktəblərə verilsin. Ali məktəblər buna hazırdırmı?

- Əsas məsələ AAK-ın deyil, AAK-ın çıxardığı qərarın ləğv edilməsidir. Amma gələcəkdə AAK-ın ləğvi barədə düşünmək olar. Bilirsiniz, AAK keçmiş Sovet respublikalarında olan bir qurum idi. Artıq bəzi respublikalar AAK-ı ləğv ediblər. Bizdə də gələcəkdə bu barədə düşünülə bilər. Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Agentliyi yaradılıb. AAK ləğv edilib müdafiə şuraları universitetlərə verilərsə, həmin Akkreditasiya Agentliyi universitetlərin fəaliyyətini yoxlayarkən şuraların da fəaliyyətini yoxlaya, hər hansı bir qanun pozuntusu olarsa, o şuranın fəaliyyəti dayandırıla bilər. Bu çox sadə, bəsit bir mexanizmdir.

- Xarici ölkələrdə AAK-ın gördüyü işləri ali məktəblər görürlər...

- Bəli.

- AAK-ın ləğv edilməsi reallaşarsa, sizcə bu, elmi ictimaiyyət tərəfindən necə qarşılanar?

- Hesab edirəm ki, AAK-ın ləğvini elmi ictimaiyyət normal qarşılayar. Bilirsiniz, neqativ halların baş verməsi hər yerdə mümkündür. İstər universitetin nəzdində fəaliyyət göstərsə, istərsə də indiki halda bunun baş verməsi mümkündür. Deyim ki, indiki halda daha çox neqativ hal var. Sizə bir neçə nümumə deyim. Məsələn, AAK-ın əsasnaməsinə görə, konkret bir müddət müəyyənləşdirilib, dissertasiya ora daxil olduqdan sonra onun haqqında qərar müəllifə çatdırılmalıdır. Səhv etmirəmsə, o müddət əvvəllər 6 ay idi, amma, deyəsən, indi o müddət azaldılıb. Ancaq dissertantlar oturub illərlə gözləyirlər ki, AAK bunlara cavab versin, qurum isə heç bir cavab vermir. Bir neçə gün əvvəl bizim universitetin bir müəlliməsi deyir ki, mən təxminən bir il əvvəl dissertasiyamı vermişdim və mənə bu gün zəng vurub deyirlər “sizə imtina olunub”. Niyə? Sizin dissertasiya işini bir il saxlamaqda məqsədiniz nədir? Sizə deyim məqsəd nədir? O yerə qədər gözləyirlər ki, müdafiə etmiş şəxs bunlara müraciət etsin, onlar da onunla bazarlıq etsinlər.

- Ortada bazarlıq söhbəti də varmış?

- Bəli. Biz 30 ildir bu işlərin içindəyik. Mən əvvəlki illərdən danışıram. AAK-ın sədri hələ ki, yenidir. Son bir neçə ildə AAK açıq şəkildə bazara çevrilmişdi. Məsələn, hətta AAK-da ekspert şuralarının tərkibində vasitəçi ekspertlər vardı. Yəni dissertasiya daxil olurdu, müzakirə onunanda yaxşı, yaxud pis olmasından asılı olmayaraq, iddiaçıya zəng vururdular ki, bəs sizin vəziyyətiniz çox pisdir, ancaq mən sizə kömək edə bilərəm. Bu zəngdən sonra “tələyə” düşənlər olurdu, bəzilərinin də imkanı olmadığı üçün düşmürdü də. Yəni belə şeylər vardı. Biz gözləyirdik ki, AAK-ın yeni heyəti bu neqativ halları aradan qaldıracaq, ola bilsin, qaldırsın da. Amma hazırda dissertantlara qarşı verilmiş qərar tamamilə əsassızdır.

- Arif Mehdiyev rəhmətə getdikdən sonra AAK-ın fəaliyyətindən ciddi narazılıqlar edilməyə başladı, xüsusən də elmi ictimaiyyət, görkəmli alimlər bu qurumdakı neqativ hallara müxtəlif yollarla etirazlar ediblər. Lakin hələ də bu qurum tənqidlərdən heç bir nəticə çıxarmayıb. AAK-da qeyri-şəffaf bir mühitin yaradılması da illərdir müzakirə mövzusudur...

- Bəli. Hətta AAK-a növbədənkənar o qədər adam göndərilirdi ki, onların siyahısı növbədə olanlardan daha uzun idi. Bilirsiniz ki, növbədənkənar da hansı yollarla olurdu.

- Siz yəqin məmurların, millət vəkillərinin, onların yaxınlarının növbədənkənar müdafiəyə buraxılmasını nəzərdə tutursunuz?

- Təkcə onlar deyildi, başqa imkanı olan şəxslər də vardı ki, gedib işini növbədənkənar həll edirdi. Bu da böyük əksəriyyət idi.

- Bütün deyilənlər, iddialar, baş verənlər elmi ictimaiyyətdə belə rəy yaradıb ki, artıq AAK özünü bir qurum kimi doğrultmur və onun tarixə qovuşması labüddür.

- Mən indi onları ittiham edə bilmərəm. Çünki sədr yeni təyin edilib. Qısa müddətdə ondan ciddi dəyişiklikləri gözləmək də doğru olmaz. Amma orada vaxtilə işləyənlərin böyük bir qismi dəyişdirilib. Buna baxmayaraq, hələ də AAK-da neqativ işlərlə məşğul olan şəxslərdən qalanlar var.

- Həbib müəllim, universitetlərdə fəaliyyət göstərən dissertasiya şuralarının bir hissəsinin fəaliyyəti də vaxtaşırı tənqid edilir. Universitetlərdə şəffaflıq niyə qorunmur?

- Universitetlərdə müdafiələr açıq keçirilir. Bu, “açıq müdafiə” adlanır. Universitetə aidiyyəti oldu-olmadı, istənilən vətəndaş gəlib müdafiələrdə iştirak edə bilər, hətta söz də deyə bilər. Yəni burada “qeyri-şəffaflıq”la bağlı iddia irəli sürmək doğru olmazdı. Müdafiədə universitetlərin özlərində növbə var, növbəni pozan da məhz universitetlər yox, AAK-dır. AAK-ın məktubu ilə gəlirlər ki, filankəs növbədənkənar keçsin.

- Bu həmin qurumun əsasnaməsinə nə qədər uyğundur?

- Uyğun deyil, qətiyyən. Orada göstərilməyib ki, hansı hallarda növbədənkənar keçmək olar. Əvvəllər belə qayda vardı ki, elmlər doktorunun müdafiəsi elmlər namizədindən qabaq, növbədənkənar olmalı idi. Çünki elmlər doktorluğu sahəsində dissertasiya çox az hallarda müdafiə olunurdu. İldə 1-3 nəfər müdafiə edirdi, bu da normal qarşılanırdı. Universitetlərdə müdafiə edənlər əsasən fəlsəfə doktorlarıdır və burada da heç bir qanun pozuntusu olmur. Son iki-üç ildə qanunu pozan isə məhz AAK özü idi.

- Sizcə, bu qədər etirazdan, narazılıqlardan sonra AAK-ın saxlanmasına elmi ictimaiyyət ehtiyac duyurmu?

- Mən sosial şəbəkələrdə öz statusumda bu barədə şəxsi fikrimi yazmışdım ki, hazırda AAK kimi bir qurumun mövcud olması o qədər də məntiqli deyil. Buna mənfi yanaşanlar da oldu ki, sən qurum ləğv edənsənmi... Əlbəttə, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Şəxsən bu haqda mənim fikrim belədir ki, biz dünyaya inteqrasiya ediriksə, dünyada gedən proseslərə uyğunlaşmalıyıq. AAK Avropa ölkələrinin heç birində yoxdur, heç Asiya ölkələrində də yoxdur. Dediyim kimi, keçmiş Sovet respublikalarında idi, onlar da artıq bu komissiyanı ləğv etməyə başlayıblar.

- Həbib müəllim, AAK-ın fəaliyyətini alimlər bəzən anonim şəkildə tənqid edirlər, açıq danışmaq lazım gəldikdə isə “AAK ən yaxşı qurumdur” deyirlər...

- Yox, ən yaxşı qurum deyil. Bilirsiniz, hər bir müdafiə şurasının tərkibində təxminən 20-25 nəfər həmin sahə üzrə mütəxəssis olur. Bu mütəxəssislərin verdiyi rəyi AAK istənilən şəkildə rədd edə bilir. Xatırlayıram ki, son 5 il ərzində AAK-ın ekspert şuralarının neçə sədri istefa verib. Çünki deyirlər ki, biz şurada başqa qərar qəbul edirik, sədr deyir ki, bu belə olmalıdır. Yəni ekspertlərin qərarları heçə sayılır.

- Belə çıxır ki, onda ekspertlər şurası formal xarakter daşıyır...

- Belə çıxırdı. Mən köhnə vaxtlardan danışıram. Arzu edək ki, indi belə şeylər olmasın. Amma kənardan müşahidələr göstərir ki, şuraların tərkibində hələ də keçmiş hava ilə yaşayanlar var.

İradə SARIYEVA

Son xəbərlər