23/02/2020 11:29
728 x 90

Bir qrup fəlsəfə doktoru ilə Ali Attestasiya Komissiyasının arasında nə baş verir...

img

Elmi ictimaiyyətdə bürokratik əngəllərin mövcud olduğu qurumlardan biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının adı tez-tez hallandırılır. Uzun illərdir Ali Attestasiya Komissiyasına qarşı müxtəlif ittihamlar irəli sürülür və bu qurumda elmlə məşğul olan insanların elmi iş müdafiə etməsinə ciddi əngəllər törədildiyi bildirilir.

Yəni elə iddiaçı var ki, onun dissertasiya işi uzun illərdir müdafiəyə buraxılmır, belə insanların əvəzinə isə icra başçılarının, millət vəkillərinin, bəzi məmurların “yazdığı elmi iş”lər müdafiəyə buraxılır və onlara alimlik dərəcəsi verilir, əsl elm adamları isə illərlə gözləmə növbəsində can çürütməklə məşğul olurlar.

Məlum olduğu kimi, fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların Ali Attestasiya Komissiyası tərəfindən yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin narazılığına səbəb olub. Bu səbəbdən də bir qrup doktorant və dissertant Ali Attestasiya Komissiyasının qərarı ilə bağlı Prezident İlham Əliyevə (surəti ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya) müraciət ünvanlayıb. Bir qrup doktorant və dissertantın Prezidentə ünvanladığı müraciətdə onlar Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarmasından və onun yaratdığı ciddi narahatlıqdan bəhs edirlər: “...Sizə bu məktubu yazmağımızın səbəbi Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarması və onun yaratdığı ciddi narahatlıqdır.

Nəzərinizə çatdıraq ki, biz tədqiqatçılar son zamanlar Sizin Azərbaycanda başlatdığınız islahatları, elmin inkişafı və stimullaşdırılması naminə atdığınız hər bir addımı yüksək dəyərləndirir, dəstəkləyir və bu aspektdə gələcəyə böyük ümidlə baxırıq. İmzaladığınız hər bir Fərman və Sərəncam gənc bir tədqiqatçı kimi bizi öz vəzifələrimizə daha məsuliyyətlə yanaşmağı zəruri edir.

Sizin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanla təsdiq etdiyiniz “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” bütün parametrləri üzrə elmi inkişafın müasir tələblərinə cavab verdiyi, vətəndaşların hüquq və maraqlarına xidmət etdiyi halda, AAK-nın Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli, 13-R nömrəli qərarı Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmir, elmin inkişafını stimullaşdırmır və vətəndaş hüquqlarını pozur. AAK-nın sözügedən qərarı mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş gənc alimlərin vəziyyətini süni surətdə ağırlaşdırır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normative-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Təəssüf doğuran məqamlardan biri də odur ki, AAK Rəyasət Heyəti vətəndaşların hüquqlarını pozan və vəziyyətlərini ağırlaşdıran qeyri-qanuni qərarına hüquqi don geyindirmək üçün hər bənddə “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla” ifadəsini təkrar edir. Əgər bizə Sizin köməyiniz olmasa, problemin nə vaxtsa qanuni yolla həll olunmasını düşünmək çətindir.

Möhtərəm cənab Prezident!

Biz, aşağıda imza edənlər AAK-nın Rəyasət Heyətinin Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlməyən, elmin inkişafını stimullaşdırmayan, mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş tədqiqatçıların vəziyyətini süni surətdə ağırlaşdaran 13 dekabr 2019-cu il tarixli, 13-R nömrəli qərarı ilə pozulmuş hüquqlarımızın bərpasına kömək etməyinizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün vicdanlı elm adamları və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, ölkə başçısına sözügedən müraciəti Ağayeva Mənsurə Tiflis qızı (BDU), Alıyev Xətai Şahin oğlu (ADİU), Aliyeva Ülviyyə Xaliqverdi qızı (BDU), Almaz Həsrət İsmayıl qızı (ARTİ), Babayev Elvin Əliyar oğlu (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Bağırova Nigar Xanlar qızı (ADU), Cahangirli Təbərrük Fərrux qızı (ADU), Cəfərova Anzulə Pərviz qızı (BDU), Cəfərzadə Vüsalə Nofəl qızı (BDU), Eyvazov Pərvin Eyvaz oğlu (BDU), Əhmədova Xəyalə Ramiz qızı (ATMU), Əhmədova Sevinc İslam qızı (ADPU), Əhmədova Zəhra Mirzəağa qızı ( BDU), Ələskərova Yeganə İlyas qızı (BDU), Əliyev İlham Baxış oğlu (BDU), Əliyeva Günel Surxay qızı (BDU), Əliyeva İradə Zülfəli qızı (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Əliyeva Nəzrin Samir qızı (BDU), Əmrahova Lianna Hüsü qızı (AMEA Nəsimi adına Dilçilik İnstitutu), Əzimova Aidə Yaşar qızı ( BDU), Əzimzadə Yaqut Mustafa qızı (ARTİ), Fətəliyeva Nərminə Arif qızı (Xəzər Universiteti), Hacıyeva Ayğün Zahid qızı (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Hüseynova Nailə İsmixan qızı (ADU), Xanalıyeva Aysel Fazil qızı (BDU), İbrahimova Dilbər Mustafa qızı (BDU), İskəndərova Sevda Məlik qızı (BDU), Kazımova Aytən Fizuli qızı ( ADU), Qasımov İlkin Çilingir oğlu (BMU), Qasımova Nərmin İsa qızı (BSU), Quliyeva Şəlalə Məhyəddin qızı (BDU), Qurbanova Mətanət Qəhrəman qızı (ATRİ), Qurbanova Rəna Oruc qızı (ATRİ), Mehdizadə Gülşən Kamal qızı (ADPU, onkoloji xəstəlikdən əlil), Mehraliyeva Ülviyyə Tacir qızı (BDU), Məmmədəliyeva Leyla Fərhad qızı (Azərbaycan Universiteti), Məmmədova Sevil Eləsgər qızı (ADU), Mikayılova Könül Vaqif qızı (ARTİ), Milana Abbas Yunis qızı (Xəzər Universiteti), Mirzəyeva Aytəkin Rəfi qızı (BDU), Mollayeva Könül Rəşid qızı (ARTİ), Muradova Şəfa Qüdrət qızı (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Əhmədova Aygün Mədət qızı (GDU), filologiya e.d. İ.Ə. Abbasov, filologiya e.d., professor H.M.Zərbəliyev, Rüstəmova Təranə Saleh qızı (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Abbasova Elnurə Alim qızı (AMEA Nəsimi adına Dilçilik İnstitutu), Orucova Elnarə Məhərrəm qızı (ADPU), Önemli Mehmet (ARTİ), Rəcəbova Südabə Şəmsəddin qızı (AMEA Nəsimi adına Dilçilik İnstitutu), Sərdarova Mehriban Nağı qızı (ADPU), Sultanova Samirə Xəqani qızı (GDU), Fərəcov Anar Tofiq oğlu (BDU) imzalayıblar.

Qeyd edilənə görə, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2018 – 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa, bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir.

Bu arada Ali Attestasiya Komissiyasının keçmiş əməkdaşları da bu qurumda gerçək bürokratik əngəllərin, korrupsiya hallarının olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, elmi işləri təkrarən ilkin müzakirəyə göndərilən iddiaçılar elm adamalarıdırlar. “Bunu mənəvi terror, insanlığa zidd addım” adlandıran alimlər qeyd edirlər ki, məqsəd əsl elm adamlarını illərlə süründürmək, deputatların, icra başçılarının, nazirlərin “elmi iş müdafiə” etməsinə şərait yaratmaqdır.

Prezidentə müraciət edənlər arasında elə elmi işçilər var ki, onlar 5-6 ildir dissertasiyalarının müdafiəyə buraxılacağı günü həsrətlə gözləyiblər, lakin birdən-birə onların işlərinin müzakirə edildikdən sonra təkrarən ilkin müzakirəyə göndərilməsi mənfi haldır.

  • Gülarə Tağızadə: “...Siz özünüz sədrlə əlaqə saxlayın, onun razılığını alın, o mənə tapşırıq versin, sonra mən suallarınıza cavab verərəm”

Məsələyə Ali Attestasiya Komissiyasının da mövqeyini öyrənməyə cəhdlər etdik. Təsəvvür edin ki, bu təşkilatla telefon əlaqəsi saxlamağın özü böyük zəhmət tələb edir. Saatlarla zəng vurduqdan sonra Ali Attestasiya Komissiyasının Aparat rəhbəri Gülarə Tağızadə ilə əlaqə yarada bildik. Gülarə xanım bildirdi ki, o bu məsələyə münasibət bildirə bilməz. “Mən bu məsələyə özbaşına münasibət bildirə bilmərəm. Buna yalnız Ali Attestasiya Komissiyası sədrinin icazəsindən sonra münasibət bildirməyim mümkündür. Siz özünüz sədrlə əlaqə saxlayın, onun razılığını alın, o mənə tapşırıq versin, sonra mən suallarınıza cavab verərəm. Mən Rəyasət Heyətinin iclasına gecikirəm. Sağ olun” - deyə Gülarə xanım bizimlə sağollaşdı.

Təbii ki, nə qədər cəhdlər göstərsək də, Ali Attestasiya Komissiyasının qəbul otağı ilə əlaqə saxlaya bilmədik. Çünki telefonlar cavab vermir...

İlqar Orucov: “burada problemlər bitməyib və hələ də bu qurumda islahatlara ehtiyac var”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, elmi ictimaiyyətdə Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə bağlı ciddi narazılıqlar və narahatlıqlar var: “Bu onun nəticəsidir ki, bir qrup doktorant və dissertant Ali Attestasiya Komissiyasının qərarı ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Onlar bu məsələdə ölkə başçısından kömək gözləyirlər. Hesab edirəm ki, qanunun geriyə qüvvəsi olmadığı kimi, Ali Attestasiya Komissiyasının da qanun qəbul olunduqdan sonra əvvəlki illərin iddiaçıları ilə bağlı bu cür tələbi tamamilə qanunsuzdur. Əslində, Ali Attestasiya Komissiyası elmi adların və dərəcələrin verilməsi ilə bağlı qanunun bu qurumun üzərində qoyduğu işlərlə məşğul olmalıdır, nəinki əvvəlki illərin iddiaçılarına qarşı bu cür absurd qərar verməklə. Məsələ ondan ibarətdir ki, o adamlar işlərini təqdim etdikləri dövrə uyğun olaraq qurublar. Belə təsəvvür yaranır ki, Ali Attestasiya Komissiyasının keçmiş rəhbərliyinin dövründə baş verən bütün neqativ halların heyfi indiyə qədər müdafiə etməmiş iddiaçılardan çıxılır. Mən Prezidentə müraciət edən gəncləri dəstəkləyirəm və hesab edirəm ki, Ali Attestasiya Komissiyası onlara qarşı ədalətsizlik etməməlidir. Sözün düzü, yeni sədr təyinatından sonra biz bu komissiyanın işinin daha obyektiv qurulacağını, eyni zamanda da iddiaçılar qarşısında qoyulan bürokratik tələblərin aradan qaldırılacağını gözləyirdik. Gözləyirdik ki, Ali Attestasiya Komissiyası plagiat işlərə qarşı mübarizə aparacaq, tanışlıqla, tapşırıqla, digər neqativ yollarla elmi ad alanların qarşısını alacaq, amma bunu görə bilmədik. Çox istərdim ki, müvafiq qurumlar Ali Attestasiya Komissiyasının rəhbərliyi ilə birgə bununla bağlı ədalətli mövqe ortaya qoysun, insanları, elm adamlarını incitməsinlər və elm adamlarına münasibətdə ədalətli olsunlar. Çox maraqlı nüans vardı burda. Ali Attestasiya Komissiyasının keçmiş rəhbərliyinin dövründə belə bir şey vardı. Millət vəkilləri, məmurlar, onların övladları çox qısa zaman ərzində gəlib elmi işlərinin təsdiqini alırdılar, amma kasıblar, adamı olmayanlar illərlə sürünürdülər. Biz də düşünürdük ki, yeni rəhbərlik bunun qarşısını alacaq və komissiyanın bürokratik əngəllər yaradan tərkibini dəyişəcək, onlar yeni nəsil obyektiv insanlarla əvəz ediləcək, amma biz bunu görə bilmədik. Ali Attestasiya Komissiyasının fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə qaytarılması barədə qərarı onu göstərir ki, burada problemlər bitməyib və hələ də bu qurumda islahatlara ehtiyac var. Çox təəssüf edirəm ki, burada işləyən insanların adi məktublara belə cavab vermək mədəniyyəti yoxdur. Onlara edilən müraciətlərə cavab vermirlər. Elmi bürokratikləşdirmək olmaz”.

İ.Orucov qeyd etdi ki, onlar Ali Attestasiya Komissiyasını çox zaman ona görə müdafiə ediblər ki, bu qurum bir süzgəc olsun və bu qurumdan formal işlər müdafiəyə buraxılmasın, plagiatlığa son qoyulsun, neqativ hallar aradan qaldırılsın. “Biz fikirləşmirdik ki, bu qurumda işləyənlər özlərini məmur kimi aparacaqlar və Ali Attestasiya Komissiyasında əsl elm adamlarına qarşı ciddi əngəllər yaradacaqlar. Əlbəttə, bu yolverilməzdir. Adından göründüyü kimi, Ali Attestasiya Komissiyası çox mötəbər bir qurum olmalıdır. Bu qurum Azərbaycan Respublikası Prezidentinin yanında fəaliyyət göstərdiklərinin fərqində olmalıdır. Ölkə başçısının tələblərinə uyğun olaraq, insanlarla çox mehriban, şəffaf olmalıdırlar, fəaliyyətlərində yalnız qanunun tələblərini ortaya qoymaldırlar, indiki qanunları əvvəlki illərə şamil etməməlidirlər və öz fəaliyyətlərini bu şəkildə qurmalıdırlar” - deyə İ.Orucov qeyd etdi.

Ali Attestasiya Komissiyası məsələyə mövqe bildirmək istərsə, bu qurumun da mövqeyini əks etdirə bilərik. 

İradə SARIYEVA 

Son xəbərlər