23/09/2020 19:13
728 x 90

"Golden World Travel" adlı turist şirkətinin də fırıldaqları açıldı

Elçin Rüstəmov: “Bu hallar ölkədəki normal turizm şirkətlərinin də imicinə xələl gətirir”

img

Ölkədə fəaliyyət göstərən turizm şirkətləri yeni kampaniyalar adı altında vətəndaşları aldadırlar. Xüsusilə də xarici ölkələrə gediş-gəliş bileti alan sərnişinlərin hüquqları pozulur. Onlayn fəaliyyət göstərən turizm şirkətləri vətəndaşları müxtəlif xarici ölkələrə sərfəli şərtlərlə aparacağını vəd edərək onlardan müəyyən məbləğdə vəsait alaraq ortadan yox olurlar.

Belə şirkətlərdən biri də ''Golden World Travel'' dir. Bu şirkətdən onlayn qaydada turpaket alan Kəmalə Xəlilova adlı paytaxt sakininin Gürcüstanda istirahət etmək arzusu gerçək olmayıb. Belə ki. K.Xəlilova bildirir ki, o, rəfiqəsi ilə Gürcüstana getmək üçün ''Golden World Travel'' adlı turizm şirkətindən yanvar ayının 24-ü üçün turpaket alıblar. Ödənişi isə onlayn qaydada özünü turizm şirkətinin rəhbəri kimi təqdim edən Mustafayev Elmir Müşfiq oğlunun fərdi hesabına köçürüblər. Deyilən vaxtda ünvana gələn qadınlar nə avtobusu, nə də Gürcüstana gedənləri tapıblar.

Qeyd edək ki, bu kimi hallar dəfələrlə yaşanıb. Vətəndaş turizm şirkətindən istər onlayn, istərsə də fərdi qaydada turpaket alıb. Lakin istirahətə getmək istəyən şəxs son anda tam əks mənzərə ilə üzləşib.

Ekspertlər bildirirlər ki, alınan turpaketlər üçün ödənişlər fərdi hesablara deyil, turizm şirkətlərinin hesabına köçürülməlidir. Çünkü fərdi hesablara köçürülmə zamanı aldanma ehtimalı daha çox olur. Belə hallarla qarşılaşan vətəndaşlar hüquq-mühafizə orqanlarına və Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər.

  • “Müştəri şirkətdən hər hansı turu alır, hava limanına gedəndə isə şəxs reysə buraxılmır, məlum olur ki...”

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirdi ki, yerli turistlərin aldadılması ilə bağlı kifayət qədər fakt var: “Müştəri şirkətdən hər hansı turu alır. Hava limanına gedəndə isə şəxs reysə buraxılmır və ya turist xaricdə gözləmədiyi mənzərə ilə qarşılaşır. Sifariş edilən otelə müraciət edəndə bron edilmədiyi aşkar olunur. Bu tip hallarla çoxlu sayda vətəndaş rastlaşıb. Bəziləri üzləşdikləri problemi ictimailəşdirir, bəziləri isə heç nə olmamış kimi həyatlarına davam edirlər”.

Ekspertin fikrincə, bu kimi hadisələrin sayının azalması üçün aidiyyəti qurumlar turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirməlidirlər. Turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb olunarsa, bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək: “Vətəndaşlar əvvəlcə turpaket aldıqları şirkətləri internet üzərindən araşdırsınlar. Həmçinin, turizm şirkətlərilə sövdələşmələri rəsmi qaydada aparsınlar.

Onu da deyim ki, belə dələduz şirkətlər avqust ayında daha da artır. Onlar iyun və iyul aylarında fəaliyyət göstərərək müştərilərin etimadını qazanırlar. Sərfəli qiymətə xarici ölkələrdə beşulduzlu otellərdə dincəlmək təklif edirlər. Müştəri bilet aldıqdan sonra isə öyrənir ki, bilet, bütün sənədlər saxtadır. Nə təyyarə bileti var, nə də ki, onların adına xaricdə oteldə yer bron edilib.

Bu hallar ölkədəki normal turizm şirkətlərinin də imicinə xələl gətirir”.

Günel CƏLİLOVA

Son xəbərlər