22/08/2019 07:30
728 x 90

Qurban bayramının qurbanlıqları – daha uşaq bağçalarının yolunda da kəsməyin axı…

“44 stasionar ət kəsimi məntəqəsi bu günədək mövcud olan və AQTA-nın tələblərinə uyğun qeydiyyatdan keçmiş məntəqələrdir”

img

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Danılmaz faktdır ki, bu proses bir çox hallarda kəsim üçün nəzərdə tutulan yerlərlə yanaşı, kənar ərazilərdə də qeydə alınır. Bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və piyadaların rahat hərəkətinə maneələr yaradır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Məlumat üçün bildirək ki, bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadır tipli kəsim yeri lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına verilib.

Qeyd etdiyimiz kimi, bəzi hallarda heyvan kəsimi bunun üçün ayrılan yerlərlə yanaşı, kənar ərazilərdə də baş tutur. Hətta bu proses bağçalara gedən yolda da həyata keçirilir. Bağçaya gedən uşaq heyvanın necə kəsildiyini əyani olaraq görür. İstər-istəməz, bu hal uşağın psixologiyasına mənfi təsir edir.

  • Aysel Fərziyeva: “Qanunsuz olaraq küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı ilə məşğul olmaq…”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirdi ki, 44 stasionar məntəqə bu günədək mövcud olan və AQTA-nın tələblərinə uyğun qeydiyyatdan keçmiş məntəqələrdir: “Həmin məntəqələrdə qiymətlər sahibkarla vətəndaş arasında olan tələblərə əsasən müəyyənləşir. Çadır tipli kəsim məntəqələri isə bizim tərəfimizdən təchiz edilib və agentliyin mütəxəssislərinin metodiki tövsiyəsi əsasında hazırlanıb. Orada göstəriləcək bütün xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Agentlik yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirəcək. Bayram günlərində bu məntəqələrin ətrafında bizim səyyar baytarlıq laboratoriyalarımız fəaliyyət göstərəcək. Həmin laboratoriyalarda xidmətlər ödənişsiz olacaq. Şəxsi istifadəsi üçün öz həyətyanı sahəsində qurban kəsən şəxslərə heyvanı kəsməzdən əvvəl baytar müayinəsindən keçirmələri tövsiyə olunur. Qanunsuz olaraq küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı ilə məşğul olmaq isə qanunla qadağandır və bu kimi halların qarşısını almaq üçün aidiyyəti icra orqanları ilə birlikdə qanunvericilik çərçivəsində tədbirlər həyata keçiriləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər