Magistraturalarda dərslik problemi, bakalavr dərsliklərinin təkrar tədrisi kimə lazımdır - AMEA-da vəziyyət necədir...

Məhərrəm Zülfüqarlı: “Dərsliklərin də yoxluğu əlavə problemlər yaradır və keyfiyyətə mənfi təsir göstərir”

img

Son illər magistratura təhsili verən müəssisələr sırasına Azərbaycan Milli Elmlər Akademiyası da (AMEA) daxil olub. AMEA müxtəlif sahələr üzrə magistraturaya qəbul elan edir və magistlərin qəbulunu həyata keçirir. AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri iddia edirlər ki, bu qurum bakalavrları magistratura pilləsinə qəbul etməklə müvafiq institutlar üçün elmi kadrlar hazırlayır. Yəni bu işdə məqsəd kadr hazırlığıdır.

Lakin AMEA-nın magistraturasında  təhsil alanlar da, bir çox ekspertlər də bildirir ki, AMEA -nın  verdiyi təhsil qənaətbəxş deyil, onlar tədrisdən narazıdır. Ekspertlər deyir ki, AMEA-da magistlər üçün ayrıca dərsliklər yoxdur və magistrlərə bakalavda keçdikləri təkrarən keçilir. Ümumiyyətlə, magistrlər üçün ayrıca dərsliklərin olmaması problem yaradir, bu isə onların yüksək səviyyədə təhsil almasının qarşısını alır.

  • “Akademiyanın magistr təhsili verməsi düzgün deyil, ona görə də, burada verilən təhsildən ciddi narazılıq var”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, bu olduqca ağrılı və həssas məsələdir: “Fikrimcə, AMEA –nın magistraturaya qəbul elan etməsi prosesin tərsinə getməsi deməkdir. Yəni universitetlərdə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Hətta belə bir fikirlər də səslənirdi ki, AMEA-nın elmi- tədqiqat  institutları ləğv edilməli və universitetlərə birləşdirilməlidir. Çünki dünyanın əksər ölkələrində bu belədir. Amma Azərbaycanda bunun əksinə olaraq akademiya artıq illərdir ki, magistraturaya qəbul həyata keçirir. Belə getsə, AMEA-da bakalavra qəbul prosesini də həyata keçirmək istəyini açıqlaya bilər, əlbəttə, bu da anormal bir proses olardı. Akademiyanın elmi-tədqiqat institutları daha geniş şəkildə elmi işlərlə məşğul olmalıdır, universitetlərin yetişdirdiyi kadrlar sonra burada daha yüksək səviyyədə tədqiqatlar aparmalıdır. Bu gün AMEA-nın institutlarında əməkdaşların oturmağa yeri yoxdur. Hansısa bir şöbədə ştatda olan 20 nəfərin hamısı işə gələrsə oturmağa yer tapmırlar, o ki qala tədqiqat işləri aparmağa şəraitləri ola.

Belə bir şəraitdə akademiyada magistratura təhsilinin də keyfiyyəti çox aşağı olacaq. Dərsliklərin də yoxluğu əlavə problemlər yaradır və keyfiyyətə mənfi təsir göstərir”.

M.Zülfüqarlının sözlərinə görə, AMEA-da universitetlərlə yanaşı magistraturaya qəbul keçirməsi və bu istiqamətdə tədrisin təşkilində şəraitin olmaması bir daha onu göstərir ki, bu proses hanısa bir dönəmdə akademiya rəhbərliyinin istəyi ilə həyata keçirilib. M.Zülfüqarlının dediyinə görə, akademiyada da magistratura pilləsinin açılması düzgün qərar olmayıb: “Akademiyanın magistr təhsili verməsi düzgün deyil, ona görə də, burada verilən təhsildən ciddi narazılıq var. Ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslər düşünür ki, hansı quruma rəhbərlik edirsə, orada tez bir zamanda ali məktəb açsınlar, qəbul etsinlər. Akademiyanın da keçmiş rəhbərliyi rəhbər işçilərin istəyinə uyğun olaraq bu prosesi başladıb. Bunlar elmi qurum olan AMEA-nı həm də təhsil verən bir quruma çevirmək istədilər. Amma AMEA təhsil verən qurum deyil, o elmi-tədqiqat mərkəzidir”-deyə M.Zülfüqarlı qeyd etdi.

Professor hesab edir ki,  magistrlər üçün bakalavr təhsil pilləsindən fərqli dərsliklər hazırlanmalıdır. Onun sözlərinə görə, magistrlərin tələbini ödəmək iqtidarında olmayan dərsliklərin tədrisdə istifadə edilməsi qəbul edilən deyil. M.Zülfüqarlının dediyinə görə, bəzən magistraturada dərs deyənlər öz kitablarından tədris vəsaiti kimi istifadə edirlər, amma ixtisasa uyğun olmayan keyfiyyətsiz dərslik magistrləri həvəsdən salır. “Magistlər üçün xüsusi dərsliklərin yaradılması zəruridir. Magistrə bakalavrda olan dəsrliklərin təkrarən keçilməsi müsbət hal deyil…”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər