12/12/2019 01:37
728 x 90

Azərbaycanla müqayisədə Ermənistanın hərbi-iqtisadi çöküşünün yeni elementləri üzə çıxır…

img

Məlum həqiqətdir ki, bu gün Cənubi Qafqaz regionunda geosiyasi, geoiqtisadi dinamika sürətlə yenilənməkdə, burada tamam fərqli bir mənzərə meydana çıxmaqdadır. Bunların fonunda ekspertlər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli imkanlarında müəyyən yeniliklərin olmasını da istisna etmir.

İndilikdə proseslər bu qənaətə gəlməyə əsas verir ki, regionda bütün maraqlı qüvvələr, o cümlədən Türkiyə, Rusiya, Qərb, İran üçün Azərbaycanla siyasi, iqtisadi əlaqələrin dərinləşdirilməsi prioritet istiqamət təşkil edir. Eyni zamanda, maraqlı qüvvələr regionda artıq etibarlı təhlükəsizlik mühitinin formalaşmasında da olduqca maraqlıdırlar. Amma onlar görür ki, indiki mərhələdə Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşması qarşısındakı ən böyük maneə Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmamasıdır. Elə bu səbəbdən işğalçıya qarşı beynəlxalq müstəvidə daha kəskin rəyin formalaşması özünü qabarıq surətdə büruzə verir. Belə vəziyyətdə Ermənistanın getdikcə daha təklənmiş vəziyyətə düşməsi və bu durumda işğal siyasətini davam etdirməsinin mümkünsüzlüyü də özünü qabarıq surətdə nümayiş etdirir.

Digər tərəfdən o da faktdır ki, sosial-iqtisadi sahədə böyük tənəzzül yaşayan Ermənistanın təkbaşına işğal siyasətini davam etdirməsi qeyri-mümkündür. Məhz belə şəraitdə Ermənistanda indi çoxları tərəfindən açıq etiraf olunur ki, güclü Azərbaycanın qarşısında tab gətirmək artıq müşkül məsələyə çevrilir. Erməni mediası yazır ki, orduda acınacaqlı durum Qarabağ məsələsində Ermənistan üçün daha bir ciddi problem mənbəyidir. “1-in.am” portalı qeyd edir ki, Ermənistan rəsmilərinin mövqeyinə baxmayaraq, reallıqda ordunun təminatı sahəsində problemlər Azərbaycanın daha üstün mövqeyə yiyələnməsinə gətirib çıxarır: “Müdafiə sahəsinə ayrılan xərclər məsələsi gələn il üçün özünü daha qabarıq problem kimi göstərir. Bu, silahlanmada da özünü göstərir. Ölkə rəsmiləri, o cümlədən müdafiə naziri David Tonoyan iddia edir ki, guya bu gün Ermənistan Silahlı Qüvvələri üçün müxtəlif ölkələrdən silah alınır. O, dörd belə ölkənin olduğunu deyir. Digər məsələlər arasında, Rusiya Federasiyasından başqa, Ermənistanın digər üç hərbi-texniki tərəfdaşı olan ölkələrin hansı olduğunu da aydınlaşdırmağa çalışaq. Erməni siyasi şərhçi Aram Sarkisyan bildirir:“Son bir ildə bu mövzuda çox yazmışıq, amma bu günə qədər yeni bir şey müəyyən etməyə nail olmaq mümkün olmayıb. Yeganə məlum olan şey Ermənistanın Rusiya Federasiyasından ən azı 4 ədəd Rusiya döyüş təyyarəsi, ilin sonuna və ya 2020-ci ilə qədər Ermənistana gətiriləcək Su-30 SM çoxməqsədli qırıcıları almasıdır. Digər müasir silahlar və hərbi texnikalar haqqında açıq mənbələrdə məlumat yoxdur və bunlar barədə yalnız fərziyyələr səviyyəsində danışmaq olar. Daha bir hal odur ki, Su-30 SM təyyarələrinin də deyilən vaxtda gələcəyinə tam zəmanət yoxdur və hətta məlumatlar var ki, onlar sadəcə, Rusiyanın Ermənistandakı bazası üçün göndərilir”. Hərbi şərhçi Leonid Nersisyan da eyni mövqedədir. Bütün bunlar isə silahlanmada əslində problemlər olduğunu təsdiqləyir”. Bu yazılanlardan aydın görünür ki, Ermənistan ordusunun silahlanması sahəsində də ciddi problemlər mövcuddur.
Moskva Siyasi və Hərbi Təhlil İnstitutu direktorunun müavini, tanınmış rus hərbi mütəxəssisi Aleksandr Xramçixin də bildirib ki, Ermənistanın Rusiyadan hələ hansı silahlar alacağını şərh edə bilməyib. Digər tərəfdaşlara gəlincə, Aleksandr Xramçixin bildirib ki, Ermənistanın hansı ölkələrdən silah aldığını və hansı silahları aldığını söyləmək çətindir: “Burada məsələ yeni silahların alınmasıdır, yoxsa istifadə olunmuş silahların alınmasıdır? Rusiyanın silahları yenidir, digərlərindən alınan silahlar istifadə edilmiş ola bilər. Ermənistan, məsələn, bəzi sistemlərin alınacağı Fransa ilə əməkdaşlıq edə bilər. Fransa hamı ilə geniş ticarət edir və bununla bağlı heç kimlə siyasi problemi yoxdur. Amma Fransadan silah alınması üçün Ermənistanın pulunun olması ciddi sual altındadır. Digər tərəfdən, konkret ad çəkmək üçün daha dəqiq bilmək lazımdır”. Xramçixinin sözlərinə görə, Ermənistan Rusiyadan silahları güzəştli qiymətlərlə alır: “2020-ci ildə Ermənistan hərbi büdcənin kifayət qədər artırılmayacağını nəzərə alaraq, başqa ölkələrdən istifadə olunan silahları alacaq, çünki yalnız istifadə olunan silahlar ucuz ola bilər. Bu gün yeni silahlar ucuz deyil”. Bu məzmunda Xramçixin gələn il hərbi büdcəsini təxminən 21% artıran Azərbaycana da toxunub. Rusiyalı ekspertin sözlərinə görə, bu, təbii ki, Azərbaycanın yeni silahlara malik olması deməkdir: “Təbii ki, Azərbaycan müharibəyə hazırlaşır. O həmişə buna hazırlaşıb. Bəs nə gözləyirdiniz? Azərbaycan Qarabağı istəyir, Ermənistan isə vermək istəmir. Başqa variant yoxdur. Azərbaycan müharibəyə hazırlaşır və bunun üçün ordusu ilə bağlı müvafiq addımlar atır. Ermənistan isə bu sahədə hansısa ciddi dəyişiklik edə bilmir və buna imkanı da yoxdur. Bu səbəbdən savaş başlasa, onun nəticələri Ermənistan üçün çox fəlakətli ola bilər”.

Qeyd edilənlərdən aydın görünür ki, hərbi güc məsələsində də Ermənistan getdikcə daha ağır vəziyyətə düşür və Azərbaycana daha böyük fərqlə uduzur. Bundan əlavə, ordunun şəxsi heyətlə təminatı sahəsində də problemlər getdikcə qabarır. Səbəb erməni əhalisinin sürətlə azalmaqda davam etməsidir. Qeyd edək ki, Ermənistanda bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub. Statistikaya görə, ölkədən əhalinin köçü davam edir. rəsmi rəqəmlərdə hazırda ölkə əhalisi 2,9 milyondur, amma reallıqda əhalinin sayının heç 1,5 milyona çatmadığı bildirilir. Erməni iqtisadçısı Tadevos Avetisyan bildirir ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edir. Belə vəziyyətdə ordunun şəxsi heyətlə təmini ciddi problemə çevrilir. Bu hal həm də erməni iqtisadiyyatı üçün ciddi problemə çevrilir. Elə rusiyalı iqtisadçı Aleksandr Razuvayev da bildirir ki, Ermənistan məsələnin bu tərəfini Qarabağ münaqişəsi baxımından mütləq nəzərə almalıdır:  “Ermənistan iqtisadiyyatı çox kiçikdir, cəmi 12.4 milyard dollardır. Müqayisə üçün deyək ki, Azərbaycan 47 milyard dollar həcmində ümumi daxili məhsula sahibdir. Ermənistan Avrasiya Birliyinə daxildir, lakin onun inkişaf səviyyəsi Belarus, Rusiya Federasiyası və Qazaxıstanla müqayisədə olduqca aşağıdır. Qırğızıstanla birlikdə Ermənistan Avrasiya Birliyində zəif halqa sayılır”. Ekspert qeyd edib ki, ABŞ, Fransa, İspaniya, Rusiya kimi ölkələrdə bu qədər zəngin erməni olmasına baxmayaraq, onların nəyə görə özlərinin tarixi vətənlərinə investisiya qoymaq arzusunda olmamaları həmişə onun üçün sirr olaraq qalıb: “Dünya Bankının 2015-ci il hesabatında qeyd olunur ki, xüsusi pul köçürmələri Ermənistan ÜDM-nin 21 faizini təşkil edir. 2015-ci ildə Ermənistanda pul köçürmələri son 10 ildə ən aşağı həddə - 1.6 milyard dollara bərabər olub. Ən yüksək göstərici (2.3 milyard dollar) isə 2008-ci ildə qeydə alınıb. 2018-ci ildə Ermənistana 1.786 milyard dollar köçürülüb, 2019-cu ilin birinci yarısında isə bu rəqəm təxminən 800 milyon dollar təşkil edib. Ermənistan vətəndaşları əsasən işləmək üçün Rusiyaya üz tutur. Rusiyanın Ermənistana pul köçürmələrindəki payı 80 faizi keçir”. Razuvayev qeyd edib ki, yalnız son bir neçə ayda rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi Ermənistandan başqa ölkələrə iş axtarmağa gedib: “Qeydiyyatdan keçməyən nə qədər işsizin daha yaxşı həyat axtarışında olub ölkəni tərk etdiyini heç kim bilmir. Ancaq Rusiya hökuməti birdən-birə tikinti sahəsində çalışmaq üçün verilən kvotanı kəskin azaldıb. Bu il 52075 nəfər bu sahədə çalışmaq hüququ əldə edib. Bu arada, 2020-ci ilin yanvar ayından etibarən onların sayı 29996-a qədər azalacaq. Bildiyiniz kimi, Rusiyada işləyən Ermənistan vətəndaşlarının əksəriyyəti də elə tikinti sektorunda fəaliyyət göstərir”.Ekspert əlavə edib ki, Ermənistanın xarici ticarət dövriyyəsinin 30 faizə qədərini Avrasiya Birliyi təşkil edir. Bu həcmin, demək olar ki, hamısı Rusiya ilə ticarətdən ibarətdir: “Təbii ki, Ermənistan birdən-birə Qərbi seçsə, pul köçürmələri kimi, Rusiyanın iqtisadi, xarici siyasət sanksiyaları da çox ağrılı olacaq. Ermənistanın hazırkı liderlərinin nəyə görə Qərbə bu qədər inandığını söyləmək çətindir. Yəqin ki, onlar əvvəldən qeyri-müstəqil fiqurlardır. Keçmiş SSRİ-yə nəzər salsaq, görərik ki, sırf qərbyönlü olmayan Azərbaycan, Rusiya və Qazaxıstan kimi suveren ölkələr uğura nail olublar. İndiki halda Ermənistan hansı istiqamətdə irəlilədiyini dəqiq müəyyən edə bilmir, iqtisadiyyatı zəifləyir. Bu isə onun Qarabağ siyasətinə də təsir edir və Azərbaycan üçün belə vəziyyət Bakıınn daha güclü mövqe sahibinə çevrilməsi deməkdir”.

Bütün bu qeyd edilənlər aydın göstərir ki, indi formalaşmış bütün şərtlər Azərbaycanın lehinədir. Bura istər regional, istərsə də daha geniş miqyasda formalaşmış şərtlər, siyasi, hərbi, iqtisadi və digər parametrlər daxildir. Məhz bu halda da Ermənistanın işğal siyasətini davam etdirməsi mümkünsüz bir hala gəlir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər