07/12/2019 15:01
728 x 90

Köçəryan Paşinyanın ABŞ-la siyasi bağlılığına dair Rusiyaya maraqlı mesaj verdi...

img

“Qarabağ klanı” ilə “İrəvan klanı” arasında gərginləşən mübarizə Ermənistanı sürətlə yeni daxili qarşıdurmaya doğru aparmaqdadır. Real vəziyyət göstərir ki, artıq işğalçı ölkədə klanlar arasında qarşıdurma pik həddə çatıb. Yaranmış vəziyyətdə “Qarabağ klanı” sabiq prezident Robert Köçəryan ətrafında qüvvələrini cəmləşdirməkdə davam edir. Bundan ehtiyat edən hökumət isə sabiq prezidenti həbsdən buraxmağa tələsmir.  

Bununla belə hesab ediilir ki, Nikol Paşinyanın əsas rəqibi məhz Robert Köçəryandır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Rusiya da Paşinyana qarşı Köçəryanı dəstəkləyir. Proseslər göstərir ki, Köçəryan Rusiya tərəfindən tam dəstəklənir. Maraqlıdır ki, belə bir vaxtda Köçəryan maraqlı bir açıqlma ilə çıxış edərək, Ermənistanda indiki hakimiyyətin ABŞ-dan idarə olunduğunu bildirib. Bu isə, ekspertlərə görə, Rusiyaya verilmiş mesajdır ki, Paşinyanın devrilməsi üçün Moskva mümkün qədər tez hərəkətə keçsin. Köçəryan isə  “Sputnik-Ermənistan”a müsahibəsində Paşinyan iqtidarının təmsilçilərinin məhz ABŞ-dan gələn göstərişlərə uyğun hərəkət etdiyini, onların maliyyəsinin okeanın o tayından gəldiyini vurğulayıb: “Siyasi subyektivliyi olmayan bir necə texnokrat nazir istisna olmaqla, hökumət və parlament çoxluğunun əsasını ABŞ-ın qrantları ilə qidalanan insanlar təşkil edir”. O bildirib ki, hakimiyyətə media dəstəyini yalnız qərbyönümlü media verir, ön sırada isə "Azadlıq" radiosu gəlir: “Bütün hökumətyönümlü partiyalar, siyasətçilər və qeyri-hökumət təşkilatları açıq şəkildə anti-Rusiya yönümlüdür və ümumiyyətlə Qərbdən maliyyə alırlar. Baş nazir Nikol Paşinyan və terrorçu “nüfuzu” olan bir partiya (2016-cı ilin yayında Ermənistanda polis alayını ələ keçirən eyni silahlı qrupun üzvləri tərəfindən qurulmuş “Sasna Tsrer“ partiyasını nəzərdə tutur)  Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını fəal şəkildə dəstəkləyir: “Faktiki olaraq, baş naziri dəstəkləyən bütün siyasi baza açıq şəkildə qərbyönümlüdür. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığı dəstəkləyən partiyalar və siyasətçilər hazırkı hökuməti dəstəkləmir və ona tamamilə etibar etmirlər. Hər kəs inanır ki, Rusiyanın enerji mənbələrindən və bazardan asılılıqla üzləşən hakimiyyətin qərbyönümlü siyasi görüşləri merkantil praqmatizmə çevrilir”. Onun sözlərinə görə, mənzərə həqiqətən paradoksaldır və hakim elitanın "geosiyasi parçalanması"nın nə qədər davam etməsi mövcud şəraitdən asılı olacaq. Köçəryan hesab edir ki, Ermənistan konseptual inkişaf proqramları olmadan bir günlük qayğı, boş şüarlar, məhv olmuş xarici siyasətlə yaşayır.

Belə vəziyyətdə diqqət çəkən daha bir məqam isə Köçəryanın tərəfdarlarının aktivləşməsi, onun azadlığa buraxılmasına dair yenidən aksiyalara başlamalarıdır. Media da yazır ki, Ermənistanda hökumətin qanunsuz və siyasi motivli həbslərinə qarşı ictimai etirazlar artır. Ermənistanın söz azadlığının qorunması komitəsinin sədri Aşot Melkonyan bu xüsusda bildirib ki, Paşinyan hökuməti üçün münasib olmayan şəxslərin həbsə atılmasına son verilməlidir. Onun sözlərinə görə, “məxməri inqilab”dan sonra siyasi qərarla həyata keçirilən həbslər ölkədə söz və ifadə azadlığının pozulmasıdır, çünki hökumət yadfikirli insanlara qarşı hədsiz dözümsüzlük nümayiş etdirir. Melkonyan bildirib ki, son on ildə ölkə tarixində mətbuat azadlığının da bu cür kobud pozulması halı baş verməyib. O əlavə edib ki, Köçəryanın həbsdə saxlanması çox ciddi qanun pozuntusudur. Aşot Melkonyan xatırladır ki, Paşinyan hökuməti özünə rəqib hesab etdiyi digər yüksək vəzifəli şəxs – Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı siyasi təqibi də davam etdirir. Jurnalist Anjela Tovmasyanın ofisinə basqından sonra hüquq-mühafizə orqanları indi də məhkəmə sədrinin müavinlərinə qarşı saxtakarlıq maddəsi ilə ittiham irəli sürüblər. Digər tərəfdən, hökumət Robert Köçəryana qarşı ifadə verməkdən imtina edən Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovu da işdən çıxarıb və onun haqqında cinayət işinin qaldırılacağı da istisna olunmur. Erməni politoloq Ağasi Yenokyan bildirir ki, bütün bu proseslər bir-birilə əlaqəlidir: “Hakimiyyət dəyişikliyi baş verdi ki, insanlar yaxşı yaşasın. Sonra deyildi ki, yaxşı yaşamaq üçün ədalət bərqərar olmalıdır, bunun üçün də Köçəryanı oturtmaq zəruridir, onları oturtmaq üçün isə Hrayr Tovmasyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən çıxmalıdır”.
Yenokyan qeyd edib ki, hazırda ictimai rəyin ciddi manipulyasiyası gedir və hakimiyyət hüdudları keçib: “Bütün növ xətləri keçiblər və faktiki olaraq nəinki gizli fəaliyyətlərlə, həmçinin mümkün qədər ictiamiləşdirməklə keçiblər”. Yenokyanın sözlərinə görə, cəmiyyətdə hətta 1937-ci ilin məşhur hadisələri ilə analoqlar verilir: “Cəmiyyətdə də bu alt instinktləri oyatmağa cəhd edilir, artıq barmaq izlərini yazmağa başlayırlar, “stukaçlar” ortaya çıxır. Hesab edirəm, bupisdir, mənəviyyatın elə bir kobud pozuntusudur ki, bundan sonra artıq heç nə təəccüblü olmayacaq. Bundan sonra siyasi cinayətlər, “1 Mart”lar təəccüblü olmayacaq. Hesab edirəm ki, hakimiyyət mənəviyyatın bütün hədlərini keçib”. Analitik Narek Samsonyan isə qeyd edib ki, belə bir vəziyyət nə Levon Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyət illərində olub.

Paşinyana yaxın media orqanları yazır ki, əslində, Köçəryanın tərəfdarlarının aktivləşməsi, sabiq prezidentin özünün açıqlamaları Rusiyadan gələn siqnallar fonunda baş verir. Məsələn, “Aravot” qəzeti yazır ki, Moskva Paşinyanı qəbul etmir və bu səbəbdən Ermənistan daxilində özünə bağlı qüvvələri ona qarşı aktivləşdirib. Bu fonda isə hakimiyyətin nəzarətində olan mediada, eləcə də Paşinyanın yanında olan şəxslər tərəfindən Rusiyaya qarşı yeni ittiham dalğası başlayıb. Ermənistan parlamentinin deputatı Azad Arşakyan bu xüsusda qeyd edir ki, İrəvan Moskva ilə birdəfəlik haqq-hesab çəkməlidir: “Biz Rusiyanın qarşısında sual qoymalıyıq ki, ya bizim tərəfdaşımızsınız, düşmənlərimizin düşmənisiniz, ya da onların tərəfdaşı və bizim düşmənimizsiniz”. Onun sözlərinə görə, Ermənistan onlardan qərar verməsini tələb etməlidir: “Əgər biz tərəfdaşıqsa, bu o deməkdir ki, maraqlarımız, strateji hədəflərimiz üst-üstə düşür. Amma reallıqda vəziyyət başqadır və Moskva İrəvanla tərəfdaşlıq münasibətlərində olmaq istəmir. Ona görə də ölkə daxilində vəziyyət sabitləşmir”.

Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanda ciddi qarşıdurmaların olmasını istsina etmir.

Nahid SALAYEV

Son xəbərlər