06/12/2019 13:00
728 x 90

Yeni Baş nazirin yeni missiyası - sosial-iqtisadi proseslərdə Nazirlər Kabinetini formal qurum çərçivəsindən çıxarmaq...

img

Azərbaycanda mühüm bir hadisə baş verdi. Parlament ölkənin yeni Baş nazirini təsdiqlədi. İlyarım əvvəl bu posta təyin edilən Novruz Məmmədovun verdiyi könüllü istefadan sonra həmin yüksək posta Əli Əsədovun seçilməsi reallaşdı.

Bu dəyişikliyi müxtəlif aspektlərdən qiymətləndirənlər var. Ancaq soyuq başla yanaşdıqda ortaya maraqlı detallar çıxır. Novruz Məmmədov ixtisasca iqtisadçı deyildi. Görünür, onun sırf iqtisadi sektora aid olan, bu sahədə böyük təcrübəsi olan bir kadrla əvəzlənməsi zərurətdən irəli gəlib. Bu zərurət nə ola bilər? Hələ bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturunu təsdiq etdi. Ölkə başçısı dəfələrlə Nazirlər Kabinetinin, mərkəzi icra orqanlarının təkmilləşdirilməsinin zəruriliyi haqda danışıb.

Bu islahatlar zamanın çağırışı idi. Sonuncu referendumdan sonra vitse-prezidentlik strukturları yaradıldı. Bununla bağlı mütləq Nazirlər Kabinetində ciddi struktur dəyişiklikləri olmalı idi. Eyni fəaliyyətin həm vitse-prezidentlik strukturu, həm Nazirlər Kabineti tərəfindən aparılması  düzgün deyildi. Ona görə də cənab Prezident Nazirlər Kabinetinin yeni strukturunu təşkil etdi. Dəyişikliklərdən sonra müəyyən qədər paralellik aradan qalxdı. Eyni funksiyanı daşıyan 11 şöbə birləşdirilərək 5 yeni şöbə yaradıldı. Nazirlər Kabinetinin sədrinin, onun müavinlərinin, strukturlarının hər birinin görəcəyi işlər müəyyənləşdrilidi. Məlumdur ki, prezidentli respublikaların bir çoxunda Nazirlər Kabineti yoxdur. İcra orqanlarına birbaşa olaraq Prezident Administrasiyası rəhbərlik edir. Bizdə Nazirlər Kabinetinin olmağı ənənələrdən irəli gəlir və bu cür məqbul sayılır. Referendumla da Azərbaycan xalqı bunu dəstəkləyib. Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə yanaşı saxlanmasına səs verib. Ona görə də bu xidmət sahələrindəki oxşarlıqlar da gələcəkdə  mütləq təkmilləşməlidir. Ölkənin sosial-iqtisadi sahəsini əhatə edən böyük islahatlar həyata keçirilir. Təbii ki, bütün bunların təşəbbüskarı cənab Prezidentdir. Ancaq biz son illər ərzində müşahidə edirik ki, həmin islahatların həyata keçirilməsində Nazirlər Kabineti təşəbbüsü ələ ala bilmirdi və daha çox formal olan qurum təsirini bağışlayırdı. Yeni Baş nazirdən iki gözləntinin daha çox olduğunu izləyirik. Birincisi,  Nazirlər Kabinetinin yeniləşməsi, ikincisi isə sosial-iqtisadi islahatların həyata keçirilməsində lokomativ rolunu oynamaq. Azərbaycanda son illərdə çox ciddi kadr, iqtisadi və siyasi islahatlar həyata keçirilir. Təbii ki, yeni Baş nazirin müəyyən təklifləri olacaq. Ondan ciddi kadr islahatı gözləmək olmaz, çünki bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir. Ancaq biz Prezidentin başlatdığı sosial-iqtisadi islahatları daha məntiqi sonluqla, gözəl nəticələrlə bitməsini istəyiriksə, onda Nazirlər Kabineti daha funksional quruma çevrilməlidir. Ümid edirik ki, yeni Baş nazir bunun fərqindədir və biz bu irəliləyişin şahidi olacağıq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər