19/10/2019 22:32
728 x 90

“Valday”dan sonra dünyada möhkəmlənən vahid fikir – “Qarabağ münaqişəsi daim durğun vəziyyətdə qala bilməz…”

“Qarabağ Azərbaycandır” sözləri ilə Paşinyanı axmaq vəziyyətdə qoydu – Putinin iştirakı ilə…

img

Məlum həqiqətdir ki, bu gün şimal qonşumuz olan Rusiya Cənubi Qafqazda  birmənalı şəkildə Azərbaycanı etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir. İki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər istiqamətlərdə dərinləşən əlaqələr də qeyd edilənlərin real təsdiqi sayılır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev  bütün bunların əslində təbii xarakter daşıdığını vurğulayır. O, “Valday” Beynəlxalq Diskussiya Klubuna region ölkələri arasından yalnız Azərbaycan dövlət başçısının dəvət edilməsini də təsadüfi saymır.

Dmitri Savelyev qeyd edir ki, bu gün ölkəsinin etibarlı tərəfdaşlara ehtiyacı var və bu xüsusda Azərbaycan müstəsna əhəmiyyət kəsb edir: “Son vaxtlar geosiyasi proseslər vektoru nəzərəçarpacaq dərəcədə Şərqə doğru istiqamət göstərməyə başlayıb. Qoca Avropanı istər daxili, istərsə də ABŞ-la münasibətlərdə ziddiyyətlərin parçaladığı bir vaxtda Asiya daha rasional və proqnozlaşdırılan əraziyə çevrilir. Şərqdəki tərəfdaşlarla həm daha səmərəli qarşılıqlı fəaliyyət göstərmək, həm də uzunmüddətli tərəfdaşlıq qurmaq olar. Bu nöqteyi-nəzərdən Rusiyanın xarici siyasətində Azərbaycanın rolu xeyli artır: Azərbaycan dəfələrlə konkret addımlarla sübut edib ki, Rusiya ona arxalana bilər. Rusiyanın AŞPA-ya qayıdışı məsələsində Azərbaycanın səs verməsi son örnəkdir. Odur ki, bu gün Avrasiya qitəsində münasibətlərin yeni formatını yaratmağın və Asiya dövlətləri ilə dialoq qurmağın vaxtı çatdığı üçün Azərbaycanla strateji tərəfdaşlıq Rusiyadan ötrü son dərəcə əhəmiyyətlidir.

Coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında yerləşən Azərbaycan üçün sanki tarixin özü tərəfindən böyük missiya hazırlanıb. Respublika inamla dünya siyasətində lider mövqelərə doğru hərəkət edir ki, bu da Azərbaycan iqtisadiyyatının istər intensiv inkişafı, istərsə də ölkədə ictimai-siyasi vəziyyətin sabit olması ilə şərtlənir. Xarici siyasət sahəsində münasibətlərini düzgün qurması sayəsində Azərbaycan qarşılıqlı fəaliyyətin müxtəlif formatlarının tamdəyərli iştirakçısına, ən vacib problemlərə dair forumların keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Odur ki, əksinə, Azərbaycan prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi formatlı və belə gündəliyi olan tədbirə dəvət edilməməsi qəribə olardı”. Ekspert xatırladır ki, “Valday”da çıxıış zamanı Prezident İlham Əliyevin çıxışının əsas hissəsi Dağlıq Qarabağ probleminə həsr olunub. Bu sahədə hadisələrin inkişafı və münaqişənin nizamlanmasında Rusiyanın rolu barədə Dmitri Savelyev  qeyd edir: “Dərindən əminəm ki, Ermənistan Azərbaycan ərazisini qeyd-şərtsiz azad etməyə borcludur. Dağıdılmış və təhqir edilmiş Dağlıq Qarabağ işğaldan azad edilmiş, çiçəklənən Azərbaycan torpağına çevrilməlidir. Görün, 2016-cı ildə azad edilmiş ərazidə nə qədər işlər görülüb! Bu onu göstərir ki, münaqişə beynəlxalq hüquqa müvafiq surətdə həll ediləndən sonra Dağlıq Qarabağı necə bir inkişaf gözləyir. Şübhəsiz ki, rusiyalılar Dağlıq Qarabağ ətrafındakı vəziyyətə laqeyd qala bilməzlər, çünki ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədridir. Rusiya sərhədlərindəki münaqişənin eskalasiyasının Cənubu Qafqazda sabitliyə daim təhlükə yaratması Rusiyaya əsla lazım deyil.

Bu baxımdan Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının yanaşmalarından köklü surətdə fərqlənir. Nə qədər qəribə səslənsə də, Təhlükəsizlik Şurası öz qərarlarının necə icra olunacağına etinasız yanaşır. Təsadüfi deyil ki, Azərbaycan da, Türkiyə də son vaxtlar BMT-nin işinin yetərincə səmərəli olmaması və bu qurumun yenidən təşkil edilməsinin zəruriliyi barədə məsələ qaldırır. İkili standartlar yolverilməzdir! Qərarlar qəbul edilibsə, həyata keçirilməlidir, onların icrası isə dünya birliyinin nəzarətində olmalıdır. Qeyd etmək istəyirəm ki, hazırda danışıqlar prosesi mahiyyət etibarilə Ermənistan tərəfindən bloklanıb. İrəvan sülhyaratma prosesini açıq-aşkar ləngidir. Bunu həm ölkə rəhbərliyinin təxribat xarakterli bəyanatları, həm də erməni siyasətçilərinin anlaşılmaz kursu göstərir. Elə təəssürat yaranır ki, onların Qarabağ məsələsinə dair heç bir dəqiq strategiyası yoxdur, əks haldaErmənistanın hətta özünə ziyan vurmaq, perspektivli iqtisadi layihələrdən kənarda qalmaq hesabına danışıqları çıxılmaz vəziyyətə salmaq inadı nə ilə izah oluna bilər? Artıq hamıya aydındır ki, problemi həll etmək lazımdır. Münaqişə daima durğunluq vəziyyətində qala bilməz”. Əslində, eyni yanaşmanı indi bir çox rus rəsmilərindən, ekspert dairələrindən də görmək mümkündür. Xüsusən də Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi fikirlərdən sonra bu məqam daha geniş miqyasda müşahidə olunur. 

Fakt budur ki, Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir. Hazırda bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir. Bu gün Cənubi Qafqaz regionun geosiyasi və geoiqtisadi durumunu da əsas etibarı ilə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi müəyyən edir. Təbii ki, bütün bunların Dağlıq Qarabağ münaqişəsinə təsiri də mütləq sayılır. Bunu erməni parlamentinin sabiq sədr müavini, Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov da təsdiq edir. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətdə buraxdığı böyük səhvlərdən Azərbaycan məharətlə istifadə edir və məqsədinə daha sürətlə çatmağa başlayır: “Ermənistan hökuməti səhvlərindən dərs almamağa və ya xaricdə, ya da siyasi rəqiblər arasında günahkarlar axtarmağa davam edir”. O bildirib ki, hakimiyyətin “parlaq” düşüncələrində bu fikir üstünlük təşkil edərsə, Qarabağ prosesindən yaxşı bir şey gözləmək olmaz: “Paşinyan Qarabağın danışıqlar masasına qayıtmalı olduğunu açıqladı. Buna cavab olaraq Ermənistan tərəfi ATƏT həmsədrlərindən sarı vərəqə aldı. Sankt-Peterburq və Vyana gündəmlərini rədd edən Paşinyan Düşənbə liftinin 1 dəqiqəlik razılaşmasını gündəmə gətirdi. Bütün bu müddət ərzində rəsmi Bakı təbliğatı da yüksək səviyyədə qura bildi.
Nəticə ona gətirib çıxardı ki, Paşinyan həmsədrlərin və yeni Ermənistan hökumətinin əli ilə tərəflərin açıqlamalarındakı “öz müqəddəratını təyinetmə hüququ” terminini Milan açıqlamasında “ədalətli həll” termini ilə əvəz edib. Bu, geriyə doğru bir addım idi, çünki “ədalətli həll” termini ilə Xankəndində bir şey, Bakıda isə başqa bir şey gözlədikləri məlumdur. Bir il yarım əvvəl Qarabağ xalqının adından danışıqlar aparmaq mandatına sahib olmadığını iddia edən biri Xankəndidə elan etdi ki, “Qarabağ Ermənistandır, vəsssalam”. Emosional olaraq sıfır səmərəliliyi olan bu tərif konstruktiv yanaşmamızı tükəndirdi və həmsədr ölkə olan Rusiya Federasiyasına Ermənistanı danışıqlar prosesini əngəlləməkdə ittiham etmək imkanı verdi”. Şarmazonov qeyd edib ki, son 20 ildə həmsədr ölkələrin Ermənistanı bu qədər ittiham obyektinə çevirən açıqlamaları olmayıb. Amma indi vəziyyət fərqlidir: “Bax, bunlar baş nazir Paşinyanın misli görünməmiş “uğurları”dır. Görünən odur ki, Ermənistanın danışıqlar prosesində mövqeyi zəifləyib. Bu, Paşinyanın Nyu-Yorkdakı BMT-nin yüksək kürsüsündən nizamlama prosesinin Azərbaycan xalqını məmnun etməsi barədə verdiyi bəyanatla sübut olunur. Bununla da rəsmi İrəvan Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” deyə verdiyi bəyanatı təkzib edib. Amma Paşinyanın geri çəkildiyi bir vaxtda, çatışmazlıqlarımızdan istifadə edərək, Əliyev Putinin iştirakı ilə “Dağlıq Qarabağ Azərbaycandır” söyləyərək, Ermənistan baş nazirini axmaq vəziyyətdə qoydu”.

Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, Rusiya-Ermənistan münasibətlərindəki problemlər, bu fonda “Valday” klubunda Azərbaycan liderinin çıxışı işğalçı ölkədə ciddi təşviş yaradıb. Məsələ həm də bundadır ki, Azərbaycan Prezidenti həmin çıxışında Rusiyanın geosiyasi güclənməsi faktını vurğulayaraq, Bakı-Moskva münasibətlərini də həmin müstəvidə qiymətləndirib. Yəni söhbət iki müstəqil dövlətin strateji tərəfdaşlığından, qarşılıqlı fayda verən əməkdaşlığından gedir. Azərbaycan Rusiya kimi qüdrətli bir dövlətlə, dünyada söz sahibi olan ölkə ilə bərabərhüquqlu tərəfdaş statusunda əməkdaşlıq edir. Lakin eyni fikirləri  Ermənistan-Rusiya münasibətləri haqqında demək mümkün deyil. Çünki Ermənistan həm forpostdur, həm də faktiki olaraq heç bir əməkdaşlıq təşəbbüsü və proqramı ilə çıxış etməyib. Deməli, Moskva üçün Bakı İrəvandan çox öndədir. Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov da bununla razılaşdığını qeyd edir: “İki ölkə prezidentləri arasında münasibətləri nümunəvi olaraq səciyyələndirə bilərik, buna həm də iki ölkənin bir çox siyasi xadimləri arasında şəxsi münasibətlərin də əlavə olunması mühüm məsələdir. Aramızdakı münasibətlər əsrlər boyu tarixdən qidalanan şəxsi münasibətlərə söykəndiyi üçün bu qədər möhkəmdir. Bunu da bizim böyük nailiyyətimiz kimi qəbul edərək qarşılıqlı fəaliyyətimizin yüksək səviyyəsini daha da gücləndirməyə səy göstərməliyik. Bu istiqamətdə atılan addımlar Rusiya-Azərbaycan əlaqələrində tamamilə yeni bir səhifə açır”. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin inkişaf axarının elə Rusiyanın fəal iştirakı ilə yaxın perspektivdə Azərbaycanın istədiyi müstəvidə cərəyan etməsi də tamamilə gözləniləndir.  Azərbaycan tərəfi daim danışıqlar yoluna üstünlük verib və indi də həmin mövqedədir. Amma Ermənistanın bundan lazımi nəticə çıxara bilməməsi fonunda Bakı güc yoluna əl atmağa məcburdur və bu dəfə Rusiyanın Ermənistanı meydanda tək qoyacağına da şübhə yoxdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər