19/09/2019 17:25
728 x 90

Daxili siyasətə xarici müdaxilələrə qarşı geniş siyasi dialoq başladı – tək AXCP və Müsavatdan başqa...

Əliyev iqtidarının təşəbbüsünə müxalifətdən nikbin reaksiyalar var, ölkə ümumi siyasi barışıq ovqatında...

img

Sentyabrın 11-də “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib.

Tədbirdə “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların sədrləri, üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlər beynəlxalq aləmdə, o cümlədən, regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi mövzusunu müzakirə ediblər.

Qeyd edək ki, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, həmçinin, media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin sonunda “dəyirmi masa” iştirakçıları bəyanat qəbul ediblər. “Dəyirmi masa”da qəbul edillən bəyanatda deyilir:

"Biz, “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən, regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində, hərb yolu da daxil olmaqla, atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda, davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən, kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

  • Əli Əhmədov: “O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”

Təəssüf ki, xaricdə fəaliyyət göstərərək Azərbaycandakı siyasi proseslərdə yaxından iştirak etmək cəhdlərində olan şəxslər peyda olub. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda “dəyirmi masa”da deyib.

Ə.Əhmədov bildirib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də, bu fəaliyyəti göstərmək üçün hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən, onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada, o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.

İcra katibi vurğulayıb ki, ayrı-ayrı dövrlərdə xarici emissarların Azərbaycanda keçirilən mitinqlər, küçə yürüşlərini nə dərəcədə yaxından izlədikləri və yaxud hansısa formada yönəltdiyi ilə bağlı kifayət qədər misallar gətirmək mümkündür: "Hakimiyyət iddiasında olan bütün siyasi partiyalar, ilk növbədə, milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalıdır və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq. Bu mənada, bugünkü tədbiri xüsusi qiymətləndirmək istəyirəm".

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov “dəyirmi masa”da bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddialara da cavab verib. Bildirib ki, heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz: “Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər".

Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Sərdar Cəlaloğlu, sən Patruşevlə danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin, bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə təqdim edilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!"

Ə.Əhmədov bildirib ki, bu görüşdə toplaşmağın əsas məqsədi Azərbaycanda siyasi proseslərə xarici müdaxilələr məsələsini müzakirə etməkdir: “Əgər biz müzakirəyə çıxarılan məsələ ilə əlaqədar fikir mübadiləsi aparıb vahid qərara gəlmək istəyiriksə, bu barədə danışaq. Əksinə, digər məsələləri bu tribunadan istifadə edib bura tökmək istəyiriksə, heç nəyə nail ola bilməyəcəyik”.

Qeyd edək ki, "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən “dəyirmi masa”da AXCP və Müsavat partiyalarının nümayəndələri iştirak etməyiblər.

Göründüyü kimi, sözügedən tədbirdə iqtidar və müxalifət partiyaları bir araya gələrək müzakirələr aparıblar. Neçə vaxt idi iqtidar və müxalifət partiyalarının birgə iştirakı ilə belə toplantılar keçirilmirdi. Ona görə də sözügedən partiyaların bir araya gəlməsi, tədbirin nəticələri ilə bağlı bir sıra partiya sədrlərinin təəssüratlarını öyrənməyə çalışdıq.

  • Əli Əliyev: “Hər halda, iqtidarla müxalifət arasında təmasın olmasının özü müsbət haldır”

Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, 5 il fasilədən sora ilk dəfə idi ki, belə səviyyədə birbaşa təmas qurularaq tədbir keçirildi: “Hələlik uzağa gedən nəticələr barəsində danışmaq tezdir. Mənə elə gəlir bu bir sınaq tədbiri idi. Tərəflər öz mövqelərini bildirdi. Ancaq müxalifətin bir hissəsi tədbirə qatılmamışdı. Ona görə də bu hələlik nisbi fikir söyləməyə o qədər də əsas yaratmır. Ancaq, hər halda, iqtidarla müxalifət arasında təmasın olmasının özü müsbət haldır. Uzun fasilədən sonra birbaşa ünsiyyətin yaranması, arqumentlərin səslənməsinin özü müsbət dəyərləndirilə bilər. O baxımdan tədbir barədə ilkin təəssüratlarım bundan ibarətdir”.

  • Tural Abbaslı: “Tərəflər arasında polemika olmalı və çıxış yolları tapılmalıdır”

AĞ Partiyanın başqanı Tural Abbaslının sözlərinə görə, son illər ərzində ilk dəfə idi ki, belə formatda görüş keçirilirdi: “Müxalifət təmsilçiləri ilə yanaşı, Baş nazirin müavini və millət vəkilləri səviyyəsində ilk dəfə idi belə tədbir keçirildi. O cümlədən, QHT və media təmsilçilərinin iştirakı ilə belə böyük formatda tədbir təşkil olundu. Ona görə də bir partiya rəhbəri olaraq bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki siyasət bir konsensusa gəlmək sənətidir. Təəssüf ki, uzun illər Azərbaycanda müxalifətlə iqtidar bir-birinə düşmən kimi yanaşıb. Belə bir rəy yaradılıb ki, bu iki düşərgə bir-birinə düşməndir və bunlar bir masa ətrafında otura bilməz. Hansı ki, bu düzgün yanaşma deyil. Hesab edirəm ki, belə tədbirlərin təşkilində iqtidar partiyalarının üzərinə daha çox məsuliyyət düşür. Digər tərəfdən, təəssüflər olsun ki, müxalifət belə görüşlərə qatılanda buna mənfi yanaşanlar olur. Söhbət müxalif düşərgədən gedir. Hesab edirəm ki, bu doğru deyil. Tərəflər arasında polemika olmalı və çıxış yolları tapılmalıdır. Bunun nəticəsində də xalq udmalıdır. Ona görə də bu təşəbbüsü alqışlayıram və güman edirəm ki, bu, protokol xatirinə keçici tədbir olmaz. Belə tədbirlərin davamı və real nəticələri olar. İqtidarla müxalifət bir araya gəlib vacib məsələlərlə bağlı tez-tez belə tədbirlər keçirməlidirlər”.

  • Arzuxan Əlizadə: “Belə tədbirlərə müsbət yanaşıram və bu davamlı olmalıdır”

Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi ilə bağlı bizim dəfələrlə təkliflərimiz olub: “Xüsusən də iqtidar və müxalifət partiyalarının bir araya gələrək müzakirələr aparmasında maraqlı olmuşuq. Bu mənada, sözügedən tədbiri təqdirəlayiq hesab edirəm. Çünki ölkədə çox ciddi siyasi islahatlara ehtiyac var. Bu islahatlar yalnız danışıqlar yolu və iqtidar-müxalifət dialoqu ilə həll oluna bilər. Ona görə də belə tədbirlərə müsbət yanaşıram və bu davamlı olmalıdır”.

  • Fazil Mustafa: “Bu tədbir ilkin başlanğıc olduğuna görə gələcəkdə bu tendensiyanı inkişaf etdirmək vacibdir”

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa hesab edir ki, keçirilən tədbir başlanğıc baxımından növbəti görüşlər üçün yaxşı zəmin yaratdı: “Ölkədə təhlükəsizliyin qorunması və digər məsələlər ətrafında müzakirələrin aparılması müsbətdir. Bu tədbir ilkin başlanğıc olduğuna görə gələcəkdə bu tendensiyanı inkişaf etdirmək vacibdir. Bu olandan sonra, ən azından, müsbət nəticələr də ortaya çıxacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər