14/11/2019 11:06
728 x 90

Qarabağ mitinqindən sonra separatçı rejim erməniləri Paşinyanın üstünə düşdü...

img

Ermənistan Baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndidə etdiyi məlum çıxış bütün dünyanın diqqətini cəlb edib. Bununla Paşinyan öz ölkəsini çətin vəziyyətə salmış olub. Onun "Qarabağ  Ermənistandır" deyə səsləndirdiyi fikir Ermənistanın işğalçılıq siyasətinin açıq etirafı sayılır. Çünki Azərbaycanın beynəlxalq hüquq və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi sayılan Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan etməsi, faktiki, İrəvanın işğalçılıq siyasətinin ifşası deməkdir.

Bununla Nikol Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi. Artıq rəsmi Bakı qeyd edilən məqam fonunda Ermənistana qarşı yeni diplomatik hücumlar edir. Xatırladaq ki, indiyə qədər heç bir erməni lider Qarabağın Ermənistanın olduğunu dilə gətirməyib, çünki bu, Azərbaycan torpaqlarının işğal edildiyini açıq şəkildə etiraf etməkdir. Paşinyan bu cür avantürist çıxışı ilə ölkəsini açıq müharibəyə sürükləyir. Onun bu məsuliyyətsiz çıxışı separatçıları da hiddətləndirib. Paşinyanla münasibətləri heç də yaxşı olmayan “Qarabağ klanı”nın təmsil olunduğu separatçı quruma tabe olan KİV bütün baş verənləri Paşinyanın təxribatı kimi nəzərdən keçirir, onlar deyirlər ki, bununla Baş nazir Azərbaycanı müharibəyə sövq etdirmək istəyir və kifayət qədər Bakının əlinə əsas vermiş olur. Bir sözlə, separatçı qurum və “Qarabağ klanı” Paşinyanın Xankəndidəki son çıxışını özlərinə qarşı təxribat kimi dəyərləndirib. Bunun səbəbi nə ilə bağlıdır?

  • Elşən Həsənov: “Paşinyanın məsuliyyətsiz çıxışı həm də ona qarşı müxalif olanların əlinə güclü şans vermiş oldu”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bunun səbəbləri bəllidir: “Paşinyan heç bir halda siyasətçi kimi addım atmayıb. O, meydandan çıxmış siyasətçidir. Orada ancaq populist çıxışlar etməklə gündəmə gəlib. Elə inqilabı da bunun fonunda edə bildi. Ancaq gördü ki, meydanda çıxış edib, vəd verməyin bir gün də hesabatı tələb olunacaq. Hazırda Paşinyan həmin hesabatı verə bilmir. İqtisadi vəziyyət daha da pisləşib, daxildəki siyasi qütblər arasındakı gərginlik daha antoqonist xarakter alıb. Məhz bunun nəticəsidir ki, “Qarabağ klanı”nın lideri, eks-prezident Robert Köçəryan həbsə salınıb.  Xatırlayırsınızsa bu günlərdə Ermənistanın keçmiş prezidenti R.Köçəryanın mətbuata müsahibəsi oldu. O, müsahibəsində Ermənistanın hazırkı geosiyasi vəziyyətini çox yaxşı ifadə etmişdi. Demişdi ki, Ermənistan sərhədlərinin 83 faizi bağlıdır. Köçəryan deyir ki, Ermənistanın cəmi iki çıxışı var – biri Gürcüstan, digəri də İran. İranla bağlı məsələ odur ki, ABŞ-la gərginlik artır, İranın Ermənistana yardımı, dəstəyi çətinləşir. Gürcüstanla bağlı problem isə ondan ibarətdir ki, rəsmi Tiflis Qərb institutlarına inteqrasiyaya üz tutub. Bununla da Ermənistanın blokadası güclənir və vəziyyət daha da pisləşə bilər. Köçəryanın dediyinə görə, Ermənistan regional infrastruktur, nəqliyyat layihələri üçün cəlbedici məkan deyil, bölgədə unudulmuş bir dalana çevrilib. Azərbaycanın apardığı təcrid siyasəti də bu məsələdə böyük rol oynayır. Həmin müsahibədə Köçəryan demişdi ki, payızda Paşinyanın vəziyyəti pisləşəcək. Söhbəti inqilabın üzərinə gətirirdi. Bəllidir ki, Köçəryan tək özünü deyil, müəyyən qrupu təmsil edir. Onların mübarizəsi köhnə klanın hakimiyyətini bərpa etməkdən ibarətdir”.

Ekspertin sözlərinə görə, Paşinyan bütün bunları dərk etdiyi üçün, ortanı qarışdırıb, hakimiyyətinin ömrünü uzatmaq istəyir: “Təsadüfi deyil ki, onun Xankəndidəki çıxışı elə Ermənistanın özünün daxili auditoriyası tərəfindən birmənalı qarşılanmayıb. Qarabağdakı separatçıların başında duran şəxs Paşinyana olan nifrətini açıq etiraf edir. Məhz həmin şəxs gəlib İrəvanda Köçəryanı azadlığa buraxdırmışdı. Separatçılar bilirlər ki, Paşinyanın bu cür çıxışı Azərbaycanın əlinə hərbi əməliyyatları başlamaq üçün daha ciddi əsas verir. Azərbaycan Ermənistan rəhbərinin çıxışını əsas gətirib, sülh danışıqlarından imtina edə bilər. Ancaq separatçı rejim bilir ki, onlar Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəklər. Üstəlik də Paşinyan tam əsas verib ki, beynəlxalq birlik də onları dəstəkləməsin. Paşinyanın məsuliyyətsiz çıxışı həm də ona qarşı müxalif olanların əlinə güclü şans vermiş oldu. Bu da Paşinyan hakimiyyətinin ömrünü daha da azaldacaq. Yəqin ki, beynəlxalq dairələr də müxalifətə mümkün dəstəyi verəcəklər ki, belə avantürist hakimiyyətdən tez salınsın”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər