14/11/2019 10:11
728 x 90

AB və NATO-nun dalbadal Azərbaycanın ərazi bütövlüyünə dəstəyi Ermənistanda böyük təşviş yaradıb

img

Bu gün Qərb dünyası ilə Azərbaycanın intensiv şəkildə inkişaf edən əlaqələri ABŞ və Avropada Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da mühüm dəyişikliklərə rəvac verir. İndi Qərbdə hesab edilir ki, Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bərpa edilməlidir və bu, Cənubi Qafqaz kimi mühüm regionda sabitlyin təminatı baxımından olduqca önəmlidir. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Voltersin bu xüsusda Bakıda olarkən səsləndirdiyi fikirlər də qeyd olunanların daha bir təsdiqi sayılır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş üçün Bakıya gələn amerikalı general burada olduqca mühüm mesajlar verdi. O, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirdiklərini bildirdi. Tod Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək, Alyansın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da diqqətə çatdırıb. Ekspertlər isə hesab edir ki, NATO generalının Bakıda səsləndirdiyi bu fikirlər həm də işğalçı Ermənistana ünvanlanmış bir mesajdır. Burada kifayət qədər aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan NATO üçün strateji tərəfdaşdır, eyni zamanda dünyanın ən güclü hərbi bloku birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özü də bütün bunlar o fonda cərəyan edir ki, Ermənistanın Qərb ölkələri, o cümlədən ABŞ-la münasibətləri kəskin surətdə pisləşir.

ABŞ-la yanaşı, yuxarıda qeyd olunduğu kimi, Avropa da Qarabağ məsələsində kifayət qədər aydın və sərt mövqe sərgiləyir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ölkəmizdə səfərdə olarkən bu xüsusda bildirib ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu bəyanat Ermənistan üçün mesaj sayılır ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ona görə də münaqişənin həllini uzatmaq Ermənistana yaxşı heç nə vəd etmir. Bütün dünya, eləcə də Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin xatırladaq ki, bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Beləliklə, ABŞ və Avropa Qarabağ məsələsində bu gün Azərbaycanın maraqlarına cavab verən bir mövqe sərgiləyir. Onların Cənubi Qafqazda fəallaşması isə Qərb ölkələrinin, xüsusən də ABŞ-ın Qarabağ məsələsində daha aktiv siyasət yürüdəcəyini istisna etmir. Xüsusən də bu gün Amerikanın Cənubi Qafqaz siyasəti çox maraqlı və diqqət cəlb edəndir. Bu siyasətin mahiyyəti onu göstərir ki, ABŞ üçün regionda Ermənistan daha sürətlə arxa plana keçir. Bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin hazırladığı məqalədə də aydın görmək olar. Burada qeyd olunur ki, ABŞ üçün Ermənistan sürətlə əhəmiyytəini itirir və belə vəziyyətdə qazanan tərəflərdən biri Azərbaycandır. Məqalədə qeyd olunur ki, qarşılıqlı münasibətlər yaradılarkən ABŞ bölgənin və xüsusilə də Ermənistanın özü üçün rolunu nəzərə alır: “Xüsusilə Tramp kimi praqmatik və iş adamı ilə münasibət qurarkən ABŞ-ın birinciliyi şüarı yalnız şüar olaraq qalmır, reallıqda icra olunur. Məhz bu konsepsiyanın təsiri altında Tramp ABŞ tərəfindən dünyanın müxtəlif ölkələrinə ayrılan yardımların həcmini 50%-dək ixtisara salmağı qərara alıb.  Qeyd edək ki, müstəqillik əldə etdikdən bugünədək Ermənistan ABŞ-dan 2 milyard dollaradək xarici yardım alıb. Lakin indi vəziyyət yalnız Ermənistanda deyil, həmçinin ABŞ-da da dəyişib. 2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra ABŞ 14 milyon dollar həcmində Ermənistan üçün maliyyə yardımının həcmini artırsa da, bu, əsasən demokratik proseslərə və ümumi dəyərlərə dəstək məqsədilə edilən siyasi jest idi. ABŞ və Ermənistan arasında 2019-cu il mayın 9-da baş tutan Ermənistan-ABŞ strateji dialoq iclası və bunun münasibətlərin müəyyən qədər yüksəlməsinə səbəb olmasına dair İrəvanın açıqlamaları isə reallığı əks etdirmir. ABŞ nümayəndə heyətinə dövlət katibinin köməkçisinin müavininin rəhbərlik etməsi də bunun təsdiqidir. Bu dialoq zamanı ABŞ ikitərəfli münasibətlərdə daha vacib siyasi məsələləri irəli çəksə də, Ermənistan tərəfinin ABŞ qarşısında hər hansı siyasi tələb qoyması çətin məsələdir.  Belə vəziyyət İrəvanın diplomatik baxımdan səbatsız olduğunu da göstərir. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun ötən il baş tutan bölgə səfəri isə Ermənistandan daha çox Azərbaycanın lehinə işləyib. Həmin səfər əsasən İran faktoru ilə əlaqədar olub və bu çərçivədə rəsmi İrəvanın heç bir strategiyaya malik olmadığını üzə çıxarıb. ABŞ - Ermənistan strateji dialoqunun səviyyəsinin artırılması və hansı məsələlərin qoyulduğunu təsəvvür etmək çətin deyil. Con Bolton Cənubi Qafqaza səfəri çərçivəsində hər 3 ölkə rəhbərliyi ilə görüşüb.
Bolton keçirilən görüşlərdə bəyan edib ki, Azərbaycan və Gürcüstan ABŞ üçün strateji əhəmiyyəti olan, Ermənistan isə mühüm prioritet kəsb edən ölkələrdəndir. Təsadüfi deyil ki, bu səfər ABŞ-İran münasibətlərinin gərginləşməsi mərhələsində baş tutub.  
Ümumiyyətlə, İranla münasibətlər, həmçinin sanksiyaların memarı məhz Boltonun ofisidir. Bolton isə İrana qarşı aparılan siyasətin “Vaşinqton qartalı” hesab olunur. Məlumdur ki, Boltonun bölgəyə səfəri ilk növbədə kəşfiyyat xarakteri daşıyırdı. Onun məqsədi İran ətrafında halqanın daraldılması imkanlarını nəzərdən keçirmək idi. Əlbəttə, Rusiya da eyni qaydada vacib əhəmiyyət kəsb edir, lakin bu məsələyə başqa bir vaxt toxunulacağı qeyd olunur. Ermənistan üçün iki əhəmiyyətli ölkə, ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi hər hansı şəkildə İrəvanın maraqlarına cavab vermir. Çox təəssüf ki, Ermənistanın heç bir dövlət orqanı vəziyyət mənfi istiqamətdə inkişaf etdiyi halda atılacaq addımlara qarşı hazırlanmış strategiyaya malik deyil.
Artıq Ermənistan-ABŞ siyasi münasibətlərində yüksək səviyyəli görüşlər tükənib. Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri, müdafiə naziri, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri və Təhlükəsizlik Şurasının katibi işgüzar səfərlə ABŞ-da olsalar da, eyni səviyyəli həmkarları ilə görüşlərə nail ola bilməyiblər.  Bu, Ermənistanın ABŞ üçün əhəmiyyətnin azalmasının təsdiqidir. Keçən il ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyası tərəfindən Tramp-Paşinyan yüksək səviyyəli görüşünün təşkil edilməsinə cəhd edilsə də, təşkilatçılar sırasında Tramp siyasətinin fəal tənqidçisi olan konqresmenlərin- Adam Şif və Franks Palonun olduğunu nəzərə alaraq, görüşün iflasa uğrayacağını öncədən güman etmək olardı.
Artıq qeyd edildiyi kimi, Ermənistan-ABŞ münasibətlərində bu, yaxşı hal hesab oluna bilməz. Ona görə ki, 193 ölkə arasında Ermənistan ABŞ-la ticarət tərəfdaşlığı sıralamasında 170-ci yeri tutur. İndiki ABŞ administrasiyasının biznesyönümlü olduğunu nəzərə alaraq, məhz iqtisadi sahənin ABŞ-la münasibətlərdə mühüm rol oynaya biləcəyini qeyd etmək olardı. Lakin bu da baş vermədi. Bunlar fonunda o da müşahidə olunur ki, ABŞ-la Azərbaycan arasında iqtisadi müstəvidə əlaqələr sürətlə inkişaf edir və bu hal siyasətə də təsir edir. Məhz bu durumda ABŞ-ın Qarabağ məsələsində hansı mövqe tutacağını təsəvvür etmək o qədər də çətin deyil”.

Bununla yanaşı diqqət ona yönəldilir ki, Vaşinqton Qarabağ məsələsində indi aktiv siyasətə başlayıb və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanın son görüşünü də məhz Vaşinqton təşkil edib. Elə növbəti görüşün də məhz ABŞ-da təşkil olunması gözlənir. Bunu Zöhrab Mnatsakanyan da təsdiq edib. “Hraparak” nəşrinin növbəti görüşlə bağlı sualına erməni nazir belə cavab verib: “Analiz etdik və sentyabr ayında baş tutacaq Nyu-Yorkda BMT Baş Asssambleyasını tapdıq. Bu tədbir çərçivəsində Elmar Məmmədyarovla görüş gözlənilir”. Bütün bunlar ABŞ-ın Qarabağ məsələsində artıq aktiv siyasətə start verdiyini göstərir.

Hesab edilir ki, yaranmış vəziyyətdə ABŞ Qarabağ danışıqlarında nəticə üçün Ermənistana qarşı təzyiq rıçaqlarını işə salsa, İrəvanın təcavüzkar siyasətini davam etdirməsi müşkülə çevriləcək. Məsələ burasındadır ki, son dövrlərə qədər ABŞ-ın Qarabağ təşəbbüsləri davamlı xarakter daşımır və Minsk Qrupu daxilində epizodik yer alırdı. Amma son bir ildə vəziyyət dəyişib və bu həm də onu göstərir ki, ABŞ bu prosesdə təşəbbüsü itirmək istəmir. Çünki uzun illərdir münaqişənin həlli istiqamətində fəallığı Rusiya tərəfi göstərirdi və  hazırkı real təkliflər də Rusiyaya məxsus idi. Münaqişə tərəfləri də keçirilən görüşlərdə bu təkliflər əsasında müzakirələr aparırdılar. Lakin indilikdə ABŞ özü prosesdə aktiv tərəf qismində çıxış edir. ABŞ-ın belə fəallığı isə Azərbaycanın da maraqlarına cavab verir. Çünki ABŞ Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini istəyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər