19/09/2019 00:36
728 x 90

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq formatı da reallaşdı - FOTO

Üç nazirin Qəbələ görüşü böyük nəticə verdi

img

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Baki-xeber.com nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə edib. Tərəflər, həmçinin, üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə də ətraflı fikir mübadiləsi aparıb.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.

Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:

“Bildirmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır, misal üçün, 2018-ci ildə 7 təlim icra olunmuşdusa, 2019-cu ildə 13 təlimin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi bu təlimlər icra olunacaq. Mən Türkiyə və Azərbaycan hərbi təlimləri haqqında danışıram. Görüşdə də qeyd olundu ki, biz Gürcüstan tərəfini də bu təlimlərdə müxtəlif formada iştiraka dəvət edirik”.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir.

H.Akar bildirib ki, görüşdə tərəflər mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, üç ölkənin yerləşdiyi bu region, hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir: “Bu baxımdan regionda beynəlxalq güclərin maraqları toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir”.

Türkiyəli nazirin sözlərinə görə, iş birliyi müdafiə, hərbi və təhlükəsizlik mövzuları ətrafında olmaqla üç ölkənin maraqlarına xidmət edir. “Əməkdaşlıq hər il daha da möhkəmlənir və genişlənir. Mən inanıram ki, əlaqələrimiz yalnız müdafiə, hərbi və təhlükəsizlik deyil, eyni zamanda bütün sahələri əhatə edəcək. Bu əlaqələr digər ölkələr üçün də ciddi önəm daşıyacaq. Azərbaycan Müdafiə nazirinin qeyd etdiyi kimi, ölkələrimiz arasında müdafiə sahəsində imzalanan müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik".

Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib ki, Gürcüstan Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlərdə iştirak edəcək. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, "Hərbi təlimlərin keçirilməsi strateji tərəfdaşlığımızın əsas meyarlarından biridir. Bu gün biz Gürcüstanın da Azərbaycan-Türkiyə hərbi təlimlərində iştirak etməsi barədə qərar qəbul etdik", - deyə L.İzoriya Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müdafiə nazirləri bu gün regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Görüşdə ölkələrimizin ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiq etdik", – deyə gürcü nazir əlavə edib.

O qeyd edib ki, Qəbələ görüşü xalqlarımızın təhlükəsizliyinin təmin olunması baxımından önəmli olub.

Baki-xeber.com

Son xəbərlər