19/09/2019 00:40
728 x 90

Fransa şəhərləri ilə Qarabağ separatçılarının məhkəmədə ləğv edilmiş “dostluq xartiyalarının” sayı 5-ə çatdı

“Son zamanlara qədər Fransa Azərbaycanla bağlı belə müsbət addım atmamışdı”

img

Ermənistan Silahlı Qüvvələrinin işğal altında saxladığı Azərbaycan torpaqlarında ermənilər tərəfindən qanunsuz əməllərin davam etdirildiyi məlumdur. Avropa ölkələrindəki erməni lobbisinin təsiri və təhriki ilə Fransanın və digər ölkələrin şəhərləri ilə Azərbaycanın işğal altında olan bir sıra şəhərləri “qardaşlaşdırılıb”.

Ermənilərin həyata keçirdikləri bu məkrli siyasətin ifşa edilməsi istiqamətində dəfələrlə Azərbaycan  haqlı olaraq öz mövqeyini bildirib. Azərbaycanın bu sahədə həyata keçirdiyi məqsədyönlü işlər artıq bəhrə verməkdədir. Belə ki, “qardaşlaşma” aktları pozulmağa başlayıb. Bu hərəkatın ermənilərə daim böyük dəstək verməklə seçilən Fransada başlaması diqqəti çəkir. Bu ölkənin müxtəlif məhkəmələri tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri ilə “qardaşlaşan” bir neçə Fransa şəhərinin “qardaşlaşmasını” pozmaqla bağlı qərar qəbul edilib. Belə ki, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin qərarı ilə Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Fransanın şəhərləri, kommunaları və bölgələri daxil olmaqla, qəsəbələrlə imzaladığı daha dörd “dostluq nizamnaməsi” ləğv edilib.

Bu qərar 29.05.2019-cu il tarixində Fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı sayılır.

Qeyd edək ki, mayın 30-da Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib. “Bakı-Xəbər”in yazdığına görə, sözügedən “sənəd” Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Onu da vurğulayaq ki, Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və “sənəd” imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülüb. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər ediblər və separatçılarla bir sıra görüşlər keçiriblər. Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilən qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Qeyd edildiyi kimi, artıq Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətlər verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Bu prosesin Azərbaycanın xeyrinə getdiyi məlumdur. Fransa məhkəməsinin çıxardığı ədalətli qərar nəticəsində beş “qardaşlaşma” hadisəsinə xitam verilib.

Heç şübhəsiz ki, Fransa İnzibati Məhkəməsinin qətnaməsi bir neçə cəhətdən çox əhəmiyyətlidir və bu həm də Fransadakı erməni lobbisinə vurulan ağır bir zərbədir. Ermənilər separatçı rejimin işğal altında saxladığı şəhərlərimizi Fransa şəhərləri ilə “qardaşlaşdırmaqla” qondarma “DQR”i tanıtmaq məqsədi güdür.

Məlum olduğu kimi, Fransanın özündə də bu saxta “qardaşlıq xartiyaları”na etiraz edənlər var və olub. Məsələn, Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzer birmənalı şəkildə Dağlıq Qarabağın hazırda işğal olunmuş ərazi olduğunu bildirir və bu əlaqələrin qəti əleyhinə olduğunu deyir: “Beynəlxalq hüququn qanunları var və onlara riayət etməmiz gərəkdir. Fransa xarici işlər nazirinə məktub ünvanlayaraq Fransanın bir sıra şəhərlərinin başçılarının Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə əlaqələr qurduqları, səfərlər etdikləri, dostluq xartiyaları imzaladıqları barədə məlumatlandırmışam və bu əlaqələrin Fransa qanunlarına zidd olduğunu vurğulamışam. Bu yaxınlarda (2018-ci ilin oktyabrı-red.) Fransanın Sant-Etyen (Saint-Etienne) şəhəri ilə Dağlıq Qarabağda yerləşən şəhərlərdən biri ilə əlaqələr qurulub. Mən Sant-Etyen şəhərinin merinə məktub yazaraq bunun beynəlxalq hüquq normalarına və Fransa Xarici İşlər Nazirliyinin qərarlarına zidd olduğunu bildirmişəm. Məktubuma Fransa xarici işlər naziri Jan-İv Lö Dryanın mənim məktubumu cavablandıraraq beynəlxalq hüququn qanunlarını pozan bu cür ikitərəfli əlaqələrin məsləhət görülmədiyini təsdiqləyən məktubunun surətini də əlavə etmişəm. Hələlik heç bir cavab almamışam. Sant-Etyen şəhərinin merinə göndərdiyim məktubumun surətini bir sıra orqanlara da göndərmişəm ki, qoy bilsinlər, parlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış ərazilərlə əlaqələr qurmaqla digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən davranışlara yol verən bir sıra şəhər rəhbərlərinə qayda-qanunu xatırladır”.

Daha bir Fransa rəsmisi, Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun, Xarici işlər, müdafiə və silahlı qüvvələr üzrə komissiyanın üzvü, ölkənin keçmiş müdafiə və ədliyyə üzrə dövlət katibi, senator Jan-Mari Bokel deyir ki, vaxtilə Müluz aqlomerasiyasının prezidenti olduğu zaman özü də Azərbaycanın şəhərlərindən biri ilə dostluq xartiyası imzalayıb: “Mən Azərbaycanın dostuyam. Əslində, istənilən şəhər hətta ən konfliktual yerlərlə belə dostluq xartiyaları imzalaya bilər. Bu qanunsuzluq deyil. Bu bir siyasi seçimdir. Lakin mənim nəzərimdə Dağlıq Qarabağın şəhər, yaxud kəndləri ilə belə dostluq xartiyalarının imzalanması düzgün deyil. Çünki bu zaman səfərlər, birgə bəyannamələr, bayraqlar vasitəsilə bu, həmin ərazinin tanınması kimi başa düşülə bilər ki, bu da düzgün deyil. Çünki bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Mən Azərbaycanın dostu kimi deyirəm ki, belə dostluq xartiyaları qanunsuz deyil, lakin müəmmalıdır. Deyərdim ki, Qarabağ ərazisindəki şəhərlərlə dostluq xartiyalarının imzalanması bir mübarizə üsuludur ki, bu da, yuxarıda toxunduğum kimi, diaspor məsələsinə gətirib çıxarır. Bir daha vurğulamaq istəyirəm ki, bu şəxslər “malı-mala“ qatmamalıdırlar”.

  • Vaqif Abışov: “Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin nizamlanmasına çalışmalıdır”

Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin qərarı ilə Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Fransanın şəhərləri, kommunaları və bölgələri daxil olmaqla, qəsəbələrlə imzaladığı daha dörd “dostluq nizamnaməsi”nin ləğv edilməsinin müsbət addım olduğunu deyən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, tarixçi-alim Vaqif Abışov qeyd etdi ki, artıq Fransa Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində öz üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini anlamağa başlayıb. O hesab edir ki, ola bilsin, bundan sonra Fransada qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı daha sərt sənədlər qəbul edilsin. Azərbaycanın uzun illərdir bu istiqamətdə həyata keçirdiyi işlərin müsbət nəticə verdiyini deyən V.Abışov Fransa məhkəmlərinin qondarma rejimin nümayəndələri ilə Fransanın müxtəlif şəhərlərinin merləri arasında imzalanan bu kimi sənədləri ləğv etməsinin müsbət irəliləyiş olduğunu dedi. “Mən də bu barədə mətbuatdan oxumuşam. Fransa, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Fransa yaxşı bilir ki, o torpaqlar Azərbaycanındır və işğal altında olan Azərbaycan şəhərlərinin Fransa şəhərləri ilə “qardaşlaşması” düzgün qərar deyil. Hesab edirəm ki, hansısa hadisə nəticəsində Dağlıq Qarabağdakı qondarma rejimin fəaliyyəti ilə bağlı bir beynəlxalq məhkəmə də qurula bilər. Fransa məsuliyyətdən yaxa qurtarmaq üçün belə bir qərar verər. Amma bir amili də nəzərə almaq lazımdır ki, Azərbaycan hökumətinin xarici siyasəti müsbət nəticə verir. Hesab edirəm ki, Fransa məhkəmələrinin bu barədə qərar qəbul etməsi ölkəmizin Fransa və digər ölkələrlə apardığı işin nəticəsdir. Bunun daha çox təsiri var. Son zamanlara qədər Fransa Azərbaycanla bağlı belə müsbət addım atmamışdı. Ancaq birdən-birə belə bir addım atması təsadüfi deyil. Əlbəttə, Fransa hökuməti yaxşı bilir ki, qondarma rejimin təhriki ilə Fransa şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri ilə “qardaşlaşmasının” kütləvi hal almasının mənfi nəticələri ola bilər. Bu, ən azından, onun götürdüyü öhdəliklərə, eyni zamanda da missiyasına ziddir. Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin nizamlanmasına çalışmalıdır. Fransa məhkəməsinin qərarı ilə bu ölkənin müxtəlif şəhərlərinin merləri ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan şəhərlərinin separatçı rəhbərləri arasında imzalanan sənədlərin ləğv edilməsi xarici siyasətimizin uğurudur” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər