19/09/2019 00:39
728 x 90

Paşinyan müharibə məsuliyyətini Rusiyanın üstünə atmaq cəhdinə qəti cavab aldı...

img

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinin birbaşa Rusiyadan asılı olduğuna dair fikir səsləndirib. Rusiyanın Ermənistandakı səfiri son açıqlamasında Paşinyanın fikirlərini tam şəkildə təkzib edib.

Səfir Sergey Kopırkin deyib ki, Rusiya davamlı danışıqlar prosesinin qurulması üçün hər zaman gərginliyin artmasına qarşı çıxıb: “Lakin yekun nəticədə aydındır ki, problemin həlli münaqişə tərəflərinin məsələsidir. Qarabağ münaqişəsinin tənzimlənməsində hər şeyin Rusiyadan asılı olduğunu söyləmək düzgün deyil”.

Münaqişə zonasında son günlər gərginliyin artması məsələsinə münasibət bildirən diplomat Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyi formatında fəaliyyət göstərdiyini, həmçinin, tərəflər arasında görüşlərin təşkili üçün ayrıca addımlar atıldığını qeyd edib: “Rusiyanın roluna balanslı yanaşmaq lazımdır. Moskva aktivdir, ancaq o, tərəflərin rolunu əvəz edə bilməz”.

  • Nəzakət Məmmədova: “Rusiya fürsət düşdükcə Paşinyanı təkzib edəcək, onu vuracaq, nüfuzdan salacaq”

Rusiyanın Ermənistandakı səfirinin verdiyi bu açıqlamanı Paşinyana vurulan “tərs şillə” kimi qəbul etmək olarmı? Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya ilə Paşinyanın münasibətlərinin yaxşı olmadığı aydındır və bu vəziyyət Paşinyan hakimiyyətdə olduğu dövr boyunca davam edəcək: “Çünki Paşinyan məhz Rusiyanın Ermənistandakı mövqelərindən onu sıxışdırmaqdan ötrü ABŞ tərəfindən “rəngli inqilab” yolu ilə hakimiyyətə gətirilib. Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün Paşinyanın bir yolu var - onu hakimiyyətə gətirən qüvvələrə xəyanət edib, Rusiyanın tərəfinə keçmək. Təbii ki, o bunu edə bilməz. Odur ki, Rusiya fürsət düşdükcə Paşinyanı təkzib edəcək, onu vuracaq, nüfuzdan salacaq və s. Paşinyanın münaqişənin həllinin Rusiyadan asılı olduğunu deməsi məsuliyyəti bilavasitə öz üzərindən atıb, danışıqlar prosesinin uzanmasının, sülhə nail olunmamasının səbəbkarının Rusiya olduğuna işarədir. Rusiya səfiri isə, öz növbəsində, münaqişənin həllinin tərəflərdən asılı olduğunu deməklə, Paşinyanı təkzib edərək, onun məsuliyyətdən yaxa qurtarmayacağı mesajını ötürmüş ola bilər”.

Politoloqun sözlərinə görə, görünən budur ki, Paşinyan və Rusiya heç biri məsuliyyəti üzərinə götürüb münaqişənin həllində irəliyə doğru addım atmaq istəmir: “Rusiya bunu edərsə, Qarabağ kartı əlindən çıxacaq, Paşinyan edərsə, Ermənistan və diaspor arasında nüfuzunu, hakimiyyəti də itirəcək. Odur ki, tərəflər siyasi iradə ortaya qoya bilmədikləri üçün, Qarabağ məsələsindən yalnız bir-birinə qarşı arqument kimi istifadə edirlər və bu da münaqişənin sülh yolu ilə həlli ehtimalını sıfıra endirir. Rusiyanın onun nüfuz dairəsinə daxil olan ölkələrdə Amerikanın dəstəyilə, çevriliş yolu ilə hakimiyyətə gətirilmiş şəxslərə qarşı zəngin mübarizə təcrübəsi var.

Paşinyan bu baxımdan xüsusi fərqlənən, fövqəlgücə malik bir şəxs deyil və Rusiya onu hələlik dezinformasiya, təkzibetmə yolu ilə nüfuzdansalma və s. vasitələrlə diskreditasiya etməyə üstünlük verir, çünki Paşinyan bir sıra addımları ilə özünü Rusiyanın maraqlarını da nəzərə almış kimi göstərir. Yəni hazırda onlar arasında yumşaq güc, söz savaşı gedir.

Lakin o, müəyyən radikal addımlar atsa, məsələn, deputat olduğu dövrdə təklif etdiyi kimi, ölkəsinin KTMT, Avrasiya İqtisadi Birliyinə üzvlükdən çıxması, eləcə də Rusiya qoşunlarının Ermənistandan çıxarılması, Qarabağ münaqişəsinin ABŞ-ın planı əsasında həlli və s. addımlar atsa, Rusiya dərhal, nə yolla olursa-olsun, onu hakimiyyətdən uzaqlaşdıracaq. Hələ ki, Rusiya-Paşinyan gərginliyi təkzibetmə çərçivəsindədir”.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər