25/05/2019 19:49
728 x 90

ABŞ - İran müharibəsinin Azərbaycana mümkün təsirləri ən narahat müzakirə mövzusu kimi…

“Azərbaycan var gücü ilə çalışır ki, yad savaşa cəlb olunmasın…”

img

Qafqazda geosiyasi durum dəyişir

 

Getdikgə bütün dünya gündəminin əsas mövzuları sırasında yer almağa başlayan mümkün ABŞ-İran savaşının regiona, o cümlədən Cənubi Qafqaza, konkret halda Azərbaycana təsiri də xüsusi maraq doğurmağa başlayıb. Artıq Rusiya hadisələrin inkişaf axarından ciddi narahatlığını ifadə edir. Kremldə bildirirlər ki, savaş başlasa, İrandan Qafqaza, Rusiyaya böyük köç başlanacaq.

Məhz bu fonda Kreml ABŞ-İran münasibətlərinin hərbi müstəvidə həll edilməsinə qarşı olduğunu bildirir. Amma görünən budur ki, məsələnin hərbi həll ehtimalı getdikcə artır.  Xüsusən də Fuceyra limanında baş vermiş tanker partlayışları ABŞ-a savaşa başlamaq üçün yeni imkanlar qazandırır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin xahişi əsasında Fuceyra limanında baş vermiş tanker partlayışlarını araşdıran ABŞ hərbi ekspertləri özlərinin yekun nəticələrini açıqlayıb. Məlumata görə, hərbi ekspertlər partlayışın arxasında İran və onun dəstəklədiyi qrupların dayandığını bildirib. Ekspertlərin fikrincə, İran neft tankerlərinə hücum üçün partlayıcı qurğulardan istifadə edib.

Bundan əlavə, Səudiyyə Ərəbistanında “Şərq-Qərb” boru kəmərinə dron hücumu təşkil edilib. Hücum nəticəsində 8 nömrəli stansiyada yanğın baş verib. Səudiyyə Ərəbistanının “Aramco” şirkəti zərərin hesablanması və təmir işləri ilə əlaqədar olaraq kəmər vasitəsilə neft verilməsini dayandırıb. Şirkət baş verənləri “qorxaq hücum, terakt və diversiya” adlandırıb. Bu hücumda da İran ittiham olunur. ABŞ isə bəyan edib ki, mütəffiqlərinə qarşı hansısa fəaliyyət onun İrana qarşı savaşa başlamasına gətirib çıxaracaq. Qeyd edək ki, Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTKOM) da ABŞ ordusunun İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırdığını açıqlayıb. Qurumun məlumatında bildirilir: "Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz, ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik".

Yuxarıda qeyd olunduğu kimi, mümkün ABŞ-İran savaşının Qafqaza təsiri də xüsusi maraq doğurur. Bu xüsusda rus ekspert Stanislav Tarasov “news-front.info”  portalında maraqlı yazı dərc edib. Burada qeyd olunur ki, Qafqazda mühüm dövlət olan Azərbaycan tamamilə anlaşılan səbəblərdən bu gün ciddi diplomatik səylər göstərir ki, yad savaşa çəkilməsin. Amma onun sərhədləri yaxnlığında savaş ehtimalı sürətlə yüksəlir.  Yazıda daha sonra deyilir: “Doğrudan da, Bakının hələ bir neçə il qabaq ən qorxunc yuxusuna da girə bilməyəcək “güclü xarici oyunçuların paradı” ilə işi olmağa başlayır. Amerikanın “Eurasianet” nəşrinin dəyərləndirməsinə görə, Azərbaycan obyektiv var olan tarixi, coğrafi və geopolitik şərtlər üzündən hadisələrin yaxından iştirakçısına çevrilir.. Bakı buna görə də, hansı siyasətə tərəfdarlığından asılı olmayaraq, hadisələr burulğanına çəkilə bilər. Özəlliklə ABŞ-ın İrana hərbi zərbəsi və yaxud İranı Suriyaya döndərmək qəsdilə Vaşinqtonun Tehrana qarşı quraşdırma başqa ssenari hərəkətlərindən istifadə etməyə başlayacağı halda.  ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli hələ 2018-ci ilin başlanğıcında İran etirazları ilə bağlı BMT TŞ-nin toplantısı ərəfəsində bundan açıq danışıb. Lakin ABŞ və İran arasında mümkün savaşın necə görünəcəyini söyləmək hələlik çətindir.

Ekspertlərin dəyərlənməsinə görə, indi durum “savaşqabağı” mərhələyə meyllənir, çünki amerikalılar Fars körfəzi zonasında hərbi iştirakı gücləndirir. Mümkün hərbi zərbənin cizgiləri ixtisaslaşmış və açıq mətbuatda çoxdan yazılıb: Hava Hücumundan Müdafiə obyektlərinə, döyüşü yönəltmə və rabitə məntəqələrinə nöqtə zərbələri, bundan sonra hərbi infrastruktur dağıdılır. İraqda və ya Yuqoslaviyada belə olub. Sonra isə ölkənin hərbi və siyasi rəhbərliyini boyun əyməyə vadar edirlər. Fransanın “Le Figaro” qəzeti hesab edir ki, hər şey İranın güney sərhədlərində məhəlli silahlı toqquşmadan başlana bilər. Fars körfəzi sularında durumun nəzarət olunmayan inkişafı mümkündür, bundan sonra, Əfqanıstanda tətbiq edildiyi kimi, yerli etnik “kollaborantlar”ın və “demokratların və başqa müxalif-terrorçu birləşmələrin” silahlı dəstələri fəallaşa bilər. Tehran bütün bunlara qarşı dura bilərmi? Hərbi, sənaye və özəlliklə mədəni baxımdan – şübhəsiz. Amma ABŞ prezidenti Donald Trampın bildirdiyi kimi, İran tərəfi, o cümlədən münaqişəli daxili-siyasi durum nəzərə alınmaqla “böyük problemlər” qazanmaq risqinə gedir. Deməli, hətta ərazisi İrana qarşı fəal əməliyyatlar üçün meydan kimi istifadə olunmayacaqsa da, Bakı nəyə hazır olmalıdır?

İranlı qaçqınlar, birinci növbədə etnik azərbaycanlılar problemi meydana çıxacaq. Ekspert dəyərləndirmələrinə görə, onlar 5-10 milyona yaxın adamdır. Onlar təkcə Azərbaycan ərazisinə deyil, İran-Qarabağ sərhədindən indi Ermənistanın nəzarət etdiyi bölgələrə keçəcəklər. Qaçqınların belə axınını durdurmaq mümkünsüzdür, bunu Azərbaycanda da yaxşı başa düşürlər. O biri yandan, Rusiyanın məşhur araşdırıcısı Sergey Markedonovun güman etdiyi kimi, “ABŞ İranda tammiqyaslı, ya da məhdud “demokratikləşmə” apararsa (məsələn, İran Azərbaycanının “demokratikləşməsi” vasitəsilə), Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza keçmək təhlükəsi xeyli gerçək ola bilər”.

Onun sözlərinə görə, problemlər həm də ona görə meydana çıxacaq ki, “sovetsonrası Azərbaycan elitası (ABŞ və İsrailin ənənəvi müttəfiqi) Türkiyəyə və Birləşmiş Ştatlara yön götürüb, Azərbaycan liderləri ölkədəki radikal islamçılara dəstəyə və bu dövlətdə dünyəvi hakimiyyət modelini islam dövlətilə əvəzləmək cəhdlərinə görə İranı həmişə tənqid ediblər”. Unutmaq olmaz ki, İranın azərbaycanlı əhalisi Azərbaycanın öz əhalisinin sayını üç dəfə üstələyir, Azərbaycan Respublikasının rəsmi ideologiyası və tarixşünaslığında isə sünicəsinə iki yerə bölünmüş Azərbaycana vahid tarixi ərazi kimi baxış üstünlük təşkil edir. Belə ki, Azərbaycan Amerika-İran qarşıdurmasının yayıldığı fonda İrana münasibətdə Ermənistan tərəfi üçün xeyirxah Tehranın mövqeyini nəzərə almaqla təsadüfən incə siyasət yürütməyə başlamayıb. Axı geopolitik qeyri-müəyyənliklər və Bakıya tabe olmayan amillər üzündən Azərbaycan və İranın birgə bölgə layihələri, birinci növbədə “Şimal-Cənub” layihəsi pozulacaq. Bakı həm xam neft, təbii qaz ixracatçısı, həm də Naxçıvan anklavında daxili istehlak üçün İran qazının idxalatçısı kimi çətin duruma düşə bilər. Amma İrəvan da İran qazından olacaq, Tehranla münasibət onun üçün həyat önəmlidir, çünki bu ölkənin sərhədləri şərqdə (Azərbaycanla) və qərbdə (Türkiyə ilə) bağlıdır. Hadisələrin sonrakı inkişafına gəlincə, bunun gedişi daha çox bölgədə əsas xarici oyunçuların maraqlarının nə qədər üst-üstə düşüb-düşməyəcəyindən asılı olacaq. ABŞ İran yönündə “qara iş”in başlanğıcını törətmək istəyi sərgiləyir, hərəkətlənmək niyyətində olduğu “özgə əl” axtarır. Rusiyaya gəlincə, “tarixi maneələr”ə bir də ilişməyinə dəyməz, Cənubi Qafqazda öz oyunumuzu oynamaqla ABŞ-a münasibətdə yetərincə müstəqil davranmaq gərəkdir. Bu bölgədə ciddi geopolitik dəyişikliklər dönəmi yaxınlaşır”.

Nahid SALAYEV

Son xəbərlər