23/07/2019 22:29
728 x 90

Beynəlxalq Abidələri Müdafiə Günündə dünya Qarabağdakı erməni vandalizmlərinə susdu

Faiq İsmayılov: “Təəssüf ki, bu məsələyə hələ heç bir beynəlxalq qurum münasibət bildirməyib”

img

“Halbuki, ermənilər tərəfindən dağıntıya məruz qalan abidələrimizin müdafiəsində beynəlxalq qurumlar da aktivlik göstərməlidirlər”

“... UNESCO-nun baş direktoruna müraciət ünvanlamışıq”

 

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Məlumdur ki, təkcə XX əsrdə baş verən I və II Dünya müharibələri nəticəsində saysız abidə dağıdılıb, məhv olunub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bundan başqa, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ermənilər bizə məxsus abidələri də terrora məruz qoyub, yüzlərlə abidə dağıdılıb, məhv edilib, bir hissəsi isə erməniləşdirilib. Ermənilər işğal altındakı Azərbaycan abidələrini dağıtmaqla kifayətlənmir, məscidlərimizdə donuz saxlayırlar.

Azıx mağarasında, digər arxeoloji abidələrimizdə qanunsuz arxeoloji qazıntılar aparan ermənilərin bu bədnam əməllərinə hələ də beynəlxalq qurumlar münasibət bildirmirlər. Hələ indiyə qədər abidələrin beynəlxalq mühafizəsini və müdafiəsini həyata keçirən təşkilatlar işğal altındakı torpaqlarımızda abidələrin vəziyyəti ilə bağlı hər hansı bir bəyanat yaymayıblar.

  • Azərbaycanın işğal altındakı mədəni irsinin qorunması beynəlxalq hüquqla tənzimlənməlidir...

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində məhv edilən tarixi abidələrimizin taleyi aidiyyəti beynəlxalq qurumları narahat etmir. “Bilirsiniz ki, Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlara, təşkilatlara müraciət edərək ermənilərin işğal olunan ərazilərimizdə abidələrimizə divan tuduğu, dağıdıb məhv etdiyi barədə narahatlığını bildirib. Lakin təəssüf ki, bu məsələyə hələ heç bir beynəlxalq qurum münasibət bildirməyib.

Halbuki, ermənilər tərəfindən dağıntıya məruz qalan abidələrimizin müdafiəsində beynəlxalq qurumlar da aktivlik göstərməlidirlər. Ancaq biz onlardan bunu görmürük. Sözsüz, bunun da kökündə o dayanır ki, bu cür beynəlxalq təşkilatlarda ermənipərəst qüvvələr var. Bu qüvvələr ermənipərəst mövqe və xristian həmrəyliyi nümayiş etdirirlər. Bu səbəbdən də indiyə qədər ermənilərin dağıtdığı, məhv etdiyi, quruluşunu dəyişdirdiyi abidələrimizin taleyinə biganəlik davam edir” - deyə F.İsmayılov bildirdi. O, həmçinin, vurğuladı ki, Azərbaycanın 12 dekabr 2000-ci il tarixdən qoşulduğu «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası Azərbaycanın işğal altındakı ərazilərində mədəni sərvətlərin qorunmasına geniş şərait yaratdığı halda, biz bundan yararlana bilmirik.

Azərbaycanın işğal altındakı torpaqlarında mədəni irsin toxunulmazlığının təmin edilməsi beynəlxalq konvensiyanın tələblərindən gələn tövsiyələr vasitəsilə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməlidir.

Müsahibimiz, həmçinin, qeyd etdi ki, 1954-cü ildə Haaqada qəbul edilmiş  "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"  müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. F.İsmayılovun sözlərinə görə, bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. “Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq”  barəsində razılığa gəliblər.         

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolla silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsi daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi və qarşısının alınmasını təsbit edir”.

O, həmçinin, vurğuladı ki, 21 dekabr 2012-ci il tarixində  Parisdə UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilib. Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyaların göndərilməsi imkanlarının əks olunduğunu deyən F.İsmayılovun sözlərinə görə, 18-19 dekabr 2013-cü il tarixlərində Parisdə keçirilən UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında qəbul edilmiş digər sənəddə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə UNESCO tərəfindən texniki missiyaların göndərilməsi, UNESCO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapıb.

  • “Bu gün ermənilər tarixi abidələri, məsələn, Əsgəran qalasını yeniləyirlər”

F.İsmayılovun sözlərinə görə, vaxtaşırı olaraq, beynəlxalq təşkilatların qarşısında işğal altında qalan torpaqlarımızdakı mədəni irsin qorunması ilə bağlı məsələ qaldırılır. O vurğuladı ki, beynəlxalq qanunlara əsasən, işğal edilmiş ərazilərdəki abidələri qorumaqla bağlı işğalçı ölkənin öhdəlikləri var, lakin ermənilər buna məhəl qoymurlar və məqsədli şəkildə işğal olunan Azərbaycan torpaqlarındakı abidələri məhv edirlər.

F.İsmayılov onu da bildirdi ki, bir qrup qeyri-hökumət təşkilatı ilə birlikdə UNESCO baş direktoru Odri Azuleyə ünvanlanmış müraciət imzalanıb. O, həmçinin, dedi ki, sənəd, eyni zamanda, Avropa Parlamentinə də təqdim ediləcək. Apardıqları tədqiqatın çox əzabverici olduğunu qeyd edən F.İsmayılov problemin Azərbaycandan kənara çıxarılmasının vacibliyini vurğuladı: “Tədqiqat zamanı elə faktlarla rastlaşdıq ki, adam içindən göynəyir, yanır. Doğrudanmı mülkümüzü erməniyə hədiyyə etmişik? Bu gün ermənilər tarixi abidələri, məsələn, Əsgəran qalasını yeniləyirlər. Bunlar əsasən monastr tipli xristianlığa qədər olan abidələrdir ki, onların əsl görünüşü dəyişdirilir. Biz ermənilərin işğal altında saxladıqları ərazilərimizdə abidələrimizə qarşı törətdikləri vandalizmə münasibət bildirməsi üçün UNESCO-nun baş direktoruna müraciət ünvanlamışıq”.

  • “Ermənistan Respublikası işğal etdiyi Azərbaycan ərazilərinin ona məxsus olması ilə bağlı saxta əsaslar yaratmağa çalışır”

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin abidələri məhv etmələri ilə bağlı UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanlanan müraciətdə “Ermənistan Respublikası işğal etdiyi Azərbaycan ərazilərinin ona məxsus olması ilə bağlı saxta əsaslar yaratmağa çalışır. İşğalda saxlanılan Azərbaycan torpaqlarında müxtəlif əsrlərə aid daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəmək, İslam dini abidələrini məhv etmək kimi qanunsuz fəaliyyət həyata keçirir. Ermənistan son 25 ildə Azərbaycanla cəbhə xəttində tətbiq edilən atəşkəsdən istifadə edərək işğal altında saxladığı ərazilərimizdə yüzlərlə yer adlarını, inzibati yaşayış məntəqələrinin adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və toponimləri erməni adları ilə əvəz edib. Azərbaycan işğal altındakı mədəni irsin toxunulmazlığının təmin edilməsinin rəhbərlik etdiyiniz UNESCO kimi nüfuzlu beynəlxalq təşkilatın vasitəsilə həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Mədəni irs bir xalqın milli-mədəni, tarixi sərvəti olsa da, bu nümunələr, ümumilikdə, bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalar və sizin rəhbərlik etdiyiniz təşkilatın məramına  görə yolverilməzdir.

Azərbaycan Respublikasının UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi ölkəmizə işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Belə ki komitə Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır” - deyə sənəddə bildirilir.

Sənəddə o da vurğulanır ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparır, Azərbaycanın 20% ərazisi Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan işğalçılıq siyasətinə haqq qazandırmaq üçün zəbt etdiyi Azərbaycanın torpaqlarının ona məxsus olmasıyla bağlı saxta və vandalizmlə müşahidə edilən əsaslar yaratmağa çalışır. Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərindəki mədəni irs nümunələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq, Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsidir. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəmək, islam dini abidələrini isə dağıtmaq, yox etmək kimi qanunsuz fəaliyyət həyata keçirir.

İradə SARIYEVA

Son xəbərlər