06/02/2023 13:16
728 x 90

Azərbaycan-Türkiyə-Türkmənistan zirvəsi - Xəzərin dibi ilə qaz kəmərinin çəkilişi başlayır...

Firdovsi Şahbazov: “Xəzərin hüquqi statusu müəyyən olunduğu üçün ortada elə bir ciddi maneə yoxdu”

img

Türkmənistan televiziyasının yaydığı məlumata görə, Aşqabad Xəzərin dibi ilə qaz kəməri çəkilməsində qərarlıdır. Bundan əvvəl Bakı və Aşqabad Xəzər dənizinin dibi ilə “Dostluq” yatağından Azərbaycan sahillərinə qədər qaz kəmərinin çəkilməsi barədə razılığa gəlib. Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Ankaraya son səfəri zamanı bildirilib ki, qarşıdan gələn sammit zamanı üç ölkənin liderləri 5 əsas dövlətlərarası saziş imzalayacaqlar.

O da qeyd olunub ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Türkmənbaşıda Türkiyə və Azərbaycan prezidentləri Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi haqqında qərar imzalayıb. Üç ölkə liderlərinin görüşü dekabrın 13-14-də baş tutacaq və qaz kəmərinin çəkilməsi gündəmdə olacaq. O da məlumdur ki, dənizin dibi ilə boru kəmərinin çəkilməsi gələcək Transxəzər qaz kəmərinin bir hissəsi ola bilər. Daha sonra Cənub Qaz Dəhlizi sisteminə birləşdirilərək bu layihə Avropada qaz çatışmazlığı problemini həll edə bilər. Türkmənistanın təsdiqlənmiş təbii qaz ehtiyatları dünyada ən böyük ehtiyatlardan biridir - 19,5 trilyon kubmetr.

  • “Türkmənistan qazının Avropaya Azərbaycan üzərindən ötürülməsi qaçılmazdır”

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Türkmənistan qazının Avropaya Azərbaycan üzərindən ötürülməsi qaçılmazdır: “Sadəcə bu, zaman məsələsidir. Artıq bu istiqamətdə proseslər gedir. Bunu şərtləndirən bir sıra faktorlar var. Başlıca faktor ondan ibarətdir ki, Avropanın qaz bazarı həm böyükdür, həm də qiymət baxımından sərfəlidir. Əvvəl elə idi ki, Rusiyanın “Qazprom” şirkəti ucuz qiymətə türkmən qazını alırdi, baha qiymətə Avropaya satırdı. Bu zaman Türkmənistanın qazancı elə də böyük olmurdu. Ukrayna hadisələrindən sonra Avropa İttifaqı Rusiyadan qaz idxalının həcmini dəfələrlə azaldıb. Bu, həm də o deməkdir ki, artıq Rusiyanın ucuz Türkmənistan qazına ehtiyacı yoxdur. Üstəlik, Türkmənistanla İran arasında qaz kəməri var, amma ötürmə gücü çox aşağıdır. Ona görə də Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan vasitəsi ilə Türkiyə, Avropa bazarına çıxarılması ən optimal variantdır. Əvvəllər Türkmənistan Rusiya faktoruna görə bundan çəkinirdi. Baxmayaraq ki, bir neçə dəfə Avropa İttifaqı rəsmiləri bu yöndə Türkmənistan rəsmiləri ilə danışıqlar apardılar. Ancaq “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyadan sonra Türkmənistanın bu yöndə siyasəti dəyişməyə başladı. Xəzərin hüquqi statusu müəyyən olunduğu üçün ortada elə bir ciddi maneə yoxdu. Başqa bir tərəfdən, Türk Dövlətləri Təşkilatının artan rolu, Ukrayna müharibəsinə görə Rusiyanın zəifləməsi belə deməyə əsas verir ki, bu yöndə işlər sürətləndiriləcək. Çünki Türkmənistanın çox böyük qaz ehtiyatları var və Avropa İttifaqı getdikcə buna daha çox önəm verir”.

Bu baxımdan iqtisadçı-ekspert hesab edir ki, üç ölkə liderinin dekabrın 13-14-də baş tutacaq görüşündə bununla bağlı önəmli qərarlar qəbul olunacaq.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər