05/06/2023 08:18
728 x 90

Saziş üçün Bayramov - Mirzoyan görüşü barədə Şarl Mişellə razılaşmanı da Ermənistan pozur…

Elşən Mustafayev: “Aİ öz vasitəçiliyi ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayındığına görə İrəvana ünvanlı tənqid və ya təzyiq göstərmir”

img

Aİ Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 31 avqusta keçirilən görüşdə bildirdi ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıblar.

Qeyd edək ki, bundan əvvəl yenə də Şarl Mişelin vasitəçilliyilə may ayının 22-də keçirilən görüşdə razılıq əldə olunmuşdu ki, yaxın həftələrdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin  görüşü keçirilsin və sülh müqaviləsinin mətni üzərində işlər aparılsın. Aydındır ki, Ermənistanın təxribatları və prosesi məqsədli şəkildə uzatması hesabına razılaşdırılan iki görüşdən heç biri keçirilməyib.

Nədən Aİ bu pozuculuğuna görə Ermənistana öz iradlarını bildirmir?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, sülh sazişinin bağlanması üçün Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul etməsi ilə bağlı bəyanatlara baxmayaraq, Ermənistan növbəti dəfə destruktiv mövqe nümayiş etdirib:

“Qərara alınmışdı ki, xarici işlər nazirləri səviyyəsində sülh mətni üzərində işlərin aparılması bir ay içində hazırlansın. Bu, Brüsseldə ən uğurlu nəticələrdən biri sayılırdı. Ondan əvvəl may ayında da XİN rəhbərləri səviyyəsində görüş nəzərdə tutulurdu. Azərbaycan da üzərinə düşən humanizmi göstərdi, Ali Məhkəmənin kassasiya qaydasında baxdığı işdə 5 erməni diversantı azad edildi. Bu da Brüssel görüşündə Ermənistanın xahişinin nəticəsi idi. Azərbaycan sülh sazişi üçün hər şey edir. Paşinyan hökumətin iclasında və partiya toplantısında qeyd etdi ki, ilin sonuna qədər sülh müqaviləsi bağlanacaq, biz də buna ümid edirdik. Amma separatçılar və revanşistlər Azərbaycan ərazisində sülh sazişi ilə razılaşmırlar. Çünki sülh müqaviləsi Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasıdır.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr isə regionun inkişafını istəməyən qüvvələrdir. Ermənistan dövlət sərhədində Azərbaycan mövqelərinə qarşı təxribatları yenidən artırıb. Bunun Brüssel görüşündən sonra baş verməsi İrəvanın nail olmaq istədiyi iki mümkün hədəfə diqqət çəkir. Birincisi, Azərbaycanı qarşıdurmaya sövq etmək, Brüsseldə sülh sazişinin mətni üzrə razılaşmanın praktiki mərhələdə icrasını uzatmaqdır. İkincisi, Paşinyan ”beynəlxalq müşahidəçi" təklifini yenidən aktuallaşdırmaq niyyətindədir. Çox maraqlıdır ki, Aİ öz vasitəçiliyi ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayındığına görə İrəvana yönəlik  ünvanlı tənqid və ya təzyiq göstərmir. Bu da Avropanın ənənəvi məsuliyyətləri eyniləşdirmə siyasətindən irəli gəlir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər