Rəşad Bayramov: “Rusiya ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək üçün belə sərsəm ideyanı dəstəkləyirlər”

Hələ 44 günlük müharibənin gedişi zamanı Rusiyada olan bəzi ermənipərəst qüvvələr Qarabağda yaşayan ermənilərə rus pasportlarının paylana biləcəyinin mümkünlüyü haqda şayiələri dövriyəyə buraxmağa başladılar.
Maraqlıdır ki, bu informasiyalar sonradan Ermənistanın öz daxili ictimai rəyini məşğul etdi. Erməni ekspertlər bu amilin mümkünlüyü barədə ictimai rəyi kökləməyə can atan mövqe ortaya qoydular. Təbiidir ki, Azərbaycan tərəfi bu tendensiyanı qəti olaraq qəbul etmir. Belə olan təqdirdə, Ermənistan niyə Qarabağdakı ermənilərə rus pasportlarının paylanması ideyasını özləri üçün məqbul variant kimi qəbul edir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya ilə sərhədi olan separatçı Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı ərazilərdə, Donbasda bu cür “milliləşmə” əməliyyatı həyata keçirilib: “Ancaq həmin münaqişələri və əraziləri Qarabağla eyniləşdirmək olmaz. Əvvəla, sözügedən separatçı ocaqlar Rusiya ilə birbaşa sərhəddə malikdir. Amma Rusiya ilə sərhədi olmayan Qarabağdakı bir ovuc erməniyə Rusiya vətəndaşlığı vermək heç bir məntiqə və hüquqa sığmır. Bu təklif heç bir tərəfdən rəsmən səslənməsə də, Ermənistanda rəğbətlə qarşılanır. Bunun bir sıra səbəbləri ola bilər. Ermənilər gözəl bilir ki, başqa separatçı ərazilərdə olan pasport amili Qarabağ üçün presedent rolunu oynaya bilməz. Bu, həm də beynəlxalq hüququn tələbləri baxımından nonsensdir. Ermənilər gözəl bilir ki, Rusiya bölgəyə işğalçı kimi yox, sülhməramlı olaraq gəlib. Necə ki bizim İraqda, Əfqanıstanda sülhməramlı kontingentimiz var. O demək deyil ki, Əfqanıstanı ələ keçirməyə getmişik. Abxaziya və Osetiyanı Qarabağla müqayisə etmək olmaz. Rusiya onların müstəqiliyini tanıdı. Bu səbəbdən də prosesin davamı olaraq onlara vətəndaşlıq verdi. Ermənilər bunun mümkünsüzülüyünü bilir. Məhz buna görə də, Rusiya ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək üçün belə sərsəm ideyanı dəstəkləyirlər”.
Politoloqun sözlərinə görə, dünya və beynəlxalq münasibətlər sürətlə dəyişir: “O baxımdan, əvvəl sınaqdan çıxarılmış praktikanı Rusiya sərhədindən uzaq bölgə olan Qarabağda tətbiq etməyə çalışmaq siyasi iflasa gətirib çıxara bilər. Zənnimcə, belə xülyalara düşənlər bu işin aqibəti haqda ciddi düşünməlidirlər. Bununla ermənilər həm də Rusiyanın sadiq qulları olmaqla bağlı Moskvaya xüsusi jest edirlər”.
Məhəmmədəli QƏRİBLİ