44 günlük uğurlu müharibə və Azərbaycan diaspor quruculuğuna yeni baxış - nələri, harda, necə etdik və etməli idik...

img

Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da qələbə ilə başa çatdı. Azərbaycanın bu qələbəsi ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasət nəticəsində ölkədə hər bir dövlətin həsəd apara biləcəyi birlik təmin edildi. Azərbaycan dövləti, xalqı və ordusunun birliyi müharibə sınağı qarşısında sarsılmaz bünövrəyə çevrildi. Azərbaycanın bütün maddi və mənəvi resursları qələbəyə hədəfləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərin təcrübəsindən irəli gələn diplomatik istedadı, yenilməz ordu yaratması qələbədə həlledici rol oynadı.

Ermənilərin üzərimizə informasiya və təbliğat sahəsində hücuma keçəcəyi gözləniləndir

Bu müharibədə biz uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bildik. Ancaq bu heç də o anlama gəlmir ki, müharibə bütün sahələrdə bitib.  Müasir mərhələdə müharibələr hibrid müharibələr kimi xarakterizə edilir. Azərbaycan Ordusu ön cəbhədə savaşaraq qələbələr qazandısa,  diplomatiyamız da diplomatik cəbhədə uğurlarını  artırdı. Biz bu gün informasiya cəbhəsində də uğurlu müharibə aparmalıyıq. İlk baxışda hibrid müharibələr fərqli platforma, müstəvi və seqmentlərdə aparılsa da, bütün bunların hamısının bir qəhrəmanı var ki, o da milli gücün beyni hesab edilən milli diplomatiyamızı formalaşdıran, xarici siyasət strategiyamızın müəllifi olan Prezident İlham Əliyevdir. Təbiidir ki, biz azğın bir düşmənlə üz-üzəyik. Bu baxımdan da, üzümüzə gələn dönəmlərdə biz güclü diaspora malik olan ermənilərin üzərimizə informasiya və təbliğat sahəsində hücuma keçəcəyi gözləniləndir. Təbiidir ki, bu yöndə bizim diasporun da daha fəal olması zəruridir.

Döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır

2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur. Belə ki, ilin əvvəllində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız, siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Xaricdəki ziyalılarımızın fikrincə, döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır.

Bu  baxımdan da maraqlıdır, 44 günlük müharibə dönəmində diaspor sahəsində əldə etdiyimiz təcrübədə biz nələri sezdik? Bu sahədə hansı istiqamətlərin daha da gücləndirilməsinə, effektiv nəticəni əldə etmək üçün daha hansı addımların atılmasına ehtiyac var?

Əsl mübarizə hələ qabaqdadır

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, müharibənin Azərbaycanın üstünlüyü ilə başa çatmasına baxmayaraq, əsas mübarizə qabaqdadır və istər Azərbaycanda, istərsə də xaricdə görüləcək işlər həddindən çoxdur. Hər zaman bütün zəfərlərin gənclərimizin yüksək təhsili və uğurlarına bağlı olduğunu vurğulayan alim düşünür ki, hazırda Azərbaycanda mövcud olan yüksək səviyyədə müsbət enerjini gənclərdə uğur qazana bilmək inamına yönləndirmək mümkün olarsa, bu, ölkəmizin sürətli inkişafına böyük təkan verə bilər. Diaspor sahəsində uğurlar isə, Qərib Mürşüdovun fikrincə, xaricdə yaşayan azərbaycanlıların sayı və bir sıra məqamlarla bağlıdır: “Diasporu birləşdirən bir əsas məqam var – məxsus olduqları etnik qrup və ölkə. Siyasi, dini baxışların bu fəaliyyətə təsiri olmamalıdır. Bu mənada düşünürəm ki, milli məsələlərdə birlik nümayiş etdirməyi bacaran və əlindən gələni edən xaricdəki soydaşlarımızın, xüsusilə istedadlı və uğurlu mütəxəssislərimizin siyasi baxışına görə fərqli qruplarda birləşməsinin səbəbləri aradan qaldırılmalıdır. Onların potensialından diaspor fəaliyyətində yararlanmaq üçün bu qrupların birliyinə nail olmaq vacibdir”.

Diasporun qarşısındakı problemləri isə Qərib Mürşüdov qısamüddətli və uzunmüddətli olmaqla iki yerə bölür:

“Qısamüddətli problemlərə davamlı informasiya müharibəsi daxildir. Bu müharibədə üstünlük qazanmaq üçün düşmənin hansı silahlardan istifadə etdiyini müəyyən etmək və onları zərərsizləşdirmək lazımdır. Mənim müşahidəmə görə, əsas üç silahdan istifadə edilir: islam və xristianlıq; türk-erməni və Qərbdə olan antitürk sentimenti; nəhayət, demokratiya və antidemokratiya.

Uzunmüddətli problemlər isə çoxdur:

- türk diasporunun imkanlarından istifadə etməklə kifayət qədər kritik kütləyə çevirilərək seçkilərə təsiretmə qabiliyyəti formalaşdırmaq;

- hər bir gənc azərbaycanlıya və Azərbaycandan olanlara onların müxtəlif sahələrdə fərdi uğur qazanması yönündə dəstək göstərmək;

- fərdlərin müxtəlif istiqamətlərdə uğurları həm də güclü lobbi qruplarının yaradılmasına kömək edə bilər ki, bu da siyasətə təsir etmək üçün əsas alətlərdən biridir;

- Azərbaycan və ümumiyyətlə Qafqaz tarixinin, dillərinin öyrənilməsinə ölkədaxili, eləcə də xarici mütəxəssisləri və maliyyələri cəlb etmək;

- Azərbaycanda təhsil, elm və texnologiyanın inkişafına kömək etmək. Bunun həyata keçirilməsi üçün Azərbaycanın vergi, gömrük və vətəndaşlığın verilməsi ilə bağlı qanunlarında müəyyən dəyişikliklər tələb olunur”.

Diasporumuzun birliyini qoruyub saxlamalıyıq

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl isə  hesab edir ki, İkinci Qarabağ müharibəsi bizim birləşmək, bərabər olmaq gücümüzü üzə çıxardı: “Siyasi düşüncəsindən, baxışından, harada yaşamasından asılı olmayaraq, Qarabağ məsələsində hamı vahid mövqedən çıxış etdi. Bu milli birlik eyni zamanda cəbhədə də zəfərlə nəticələndi və uğurumuzu ortaya qoydu. Əldə etdiyimiz zəfərlə bərabər, diasporumuzun bu birliyini qoruyub saxlamaq və daha ciddi çalışmaq lazımdır. Bu gün Azərbaycan ən çətin mərhələyə gəlib: döyüşdə qazandığı zəfəri diplomatiyada, beynəlxalq aləmdə tanıtmalı və qəbul etdirməlidir. Bu səbəbdən Azərbaycan diasporunun da üzərinə ciddi məsuliyyət düşür, harada yaşamasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan həqiqətlərini dünyaya tanıtmalı və çatdırmalıdır. Əslində bu müddət ərzində birlikdə hərəkət etmək, təşkilatlanmış şəkildə fəaliyyət göstərmək kimi təcrübələr də qazandıq, fəallığı ilə önə çıxan diaspor üzvlərini tanıdıq. Həmin soydaşlarımızın fəaliyyətini doğru dəyərləndirərək bu sahədə əməkdaşlığı artırmaq lazımdır. Düşünürəm ki, qalib Azərbaycanın diasporunun fəaliyyətindəki yeni mərhələdə əsas məsələlər həm Azərbaycanın inkişafı üçün, həm də beynəlxalq aləmdə müsbət imicinin möhkəmlənməsi üçün qarşıda duran vəzifələrdir. Diasporumuzun bu istiqamətdə fəaliyyətinin paralel olaraq Azərbaycandakı uğurlar və islahatlarla müşayiət olunacağına ümid edirik”.

İşğal dönəmində ermənilərin ərazilərimizdə hansı vəhşilikləri və vandallığı törətdikləri diasporumuz tərəfindən faktlarla dünyaya yayılmalıdır

Görünən budur ki, son illərdə Azərbaycan diasporunda müşahidə edilən canlanma Vətən müharibəsi zamanı özünün ən aktiv fazasına keçdi. Nəticədə torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda diasporumuz da öz gücünü ortaya qoydu. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və Türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, milli birliyimiz sayəsində qazandığımız böyük qələbənin qorunması da, məhz bundan sonrakı addımlarımızdan çox asılıdır: “Biz bu dönəmdə dostumuzu və düşmənimizi bir daha yaxşı tanıdıq. Artıq görürük ki, bizim əldə etdiyimiz uğuru nəyin bahasına olursa-olsun oğurlamağa can atırlar. İlk ciddi hücumu Fransadan gördük. Həmin ölkənin Senatı  qondarma qurumun tanınmasını tövsiyə edən qətnamə qəbul etdi. Əslində neytral qalmalı olan həmsədr ölkə sırf ermənipərəst mövqe ortaya qoydu. Bunun başlıca səbəblərindən biri də həmin ölkədə  güclü erməni lobbisinin olmasıdır. Ermənilər bunu presedentə çevirməyə çalışacaqlar. Onların diasporunun güclü olduğu ölkə yalnız Fransa deyil. Bu baxımdan da, diasporumuz belə cəhdlərin qarşısının alınması istiqamətində aktiv fəaliyyət göstərməlidir. Hesab edirəm ki, bu yöndə diasporumuz bir sıra addımlar atmalıdır. Əsasən Türk və Cənubi Azərbaycanı təmsil edən diaspor təşkilatlarımızla əlaqəni gücləndirməli, koordinasiyalı fəaliyyətə üstünlük verməlidir. Etiraf edək ki, bu sahədə çatışmazlıqlar var. Sadaladığım diaspor təşkilatlarının maraqları bu məsələdə tam üst-üstə düşür. Diaspor üzvlərimiz təmsil  olunduqları ölkələrin ictimai-siyasi həyatında fəallıqlarını artırmalı, həmin ölkələrin KİV-ləri ilə yaxından əməkdaşlıq etməlidir. Xüsusilə də müharibədən sonra bizim diasporun əlinə təbliğat üçün önəmli məlumatlar keçib. İşğal dönəmində ermənilərin ərazilərimizdə hansı vəhşilikləri və vandallığı törətdikləri diasporumuz tərəfindən  faktlarla  dünyaya yayılmalıdır. Xüsusilə də ərazilərimizdə olan dini və mədəniyyət abidələrinə qarşı edilən yaramazlıqlar dünyanın diqqətinə çatdırılmalıdır”.

Həmsöhbətimiz bildirdi ki, 44 günlük müharibə dönəmində baş verən faktlar və ondan sonrakı üzləşdiyimiz mənzərə diasporumuzun təbliğatı üçün ən gözəl vəsait sayıla bilər.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Son xəbərlər