Qarabağda status-kvonu ən çox saxlamaq istəyən Fransa idi, ən çox uduzan da o oldu - Senatın qərəzinin köklərinə Rusiyadan baxış...

Arzuxan Əlizadə: “Türkiyənin prosesdə daha yaxından iştirak etməsini Makron həzm edə bilmir”

img

“Exo Moskva” radiosunun yaydığı məlumata görə, Fransa diplomatiyası Qarabağda uduzdu. Sözügedən məsələ ilə bağlı qeyd edilir ki, Qarabağda 15 gündür qan axmır, insanlar ölmür. Ən böyük qələbə budur.

Bu, sivilizasiyanın qələbəsidir, təkcə Azərbaycanın yox. Silahlar susub. Amma diplomatik savaş gedir. Qarabağ sülhündə payı olmayanlarla regionda yeni nüfuz sahibi olanlar arasında savaş hələ yeni başlayıb. Çünki Fransa diplomatiyası Qarabağda uduzdu.

Bununla belə, 10 noyabr razılaşmasının önəmi xüsusi qeyd edilib: “10 noyabrda danışıqlardan kənarda qalan Emmanuel Makron məğlubdur, dolayısı ilə anlaşmaya qatılan və Qarabağa öz sülhməramlılarını göndərən Rəcəb Tayyib Ərdoğansa qalibdir. Sual oluna bilər ki, bu hesabla ABŞ da məğlub olanlar cərgəsindədir. Xeyr, hamı bilir ki, ABŞ Qarabağ münaqişəsinə heç vaxt ciddi yanaşmayıb. Amma Fransa hökuməti, xüsusilə də Emmanuel Makron gecə-gündüz yatmırdı. Gah Moskvaya, gah Bakıya, gah İrəvana, gah da digər Avropa dövlətlərinə zəng edirdi. Çalışırdı ki, əvvəlki status-kvo saxlansın. Amma Makron bunu bacarmadı. Regionda nüfuzunu itirdi və yaxud öz yerini məcburən Türkiyəyə verdi. Noyabrın 25-də Fransa Senatında qəbul edilmiş qərar da bu məğlubiyyətin acısından doğub. Qərar Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi görünsə də, əslində, Türkiyəyə qarşı bir hədədir. Amma nəticəsi olmayacaq bir hədədir”.

Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar?

  • “Fransa buna getməklə tərəfsiz vasitəçilik missiyasını tamamilə itirdi”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Fransa əvvəldən status-kvonun saxlanmasında maraqlı idi: “Bu da təsadüfi deyildi. Ona görə ki, status-kvonun saxlanması məhz ermənilərin mənafiyinə xidmət edirdi. ATƏT-in Minsk Qrupu həmsədrlərindən ən çox Fransa hərbi əməliyyatların əleyhinə olub. Çünki onlar yaxşı bilirdilər ki, Ermənistan buna duruş gətirə bilməz. Bu səbəbdən sentyabrın 27-də hərbi əməliyyatların başlaması Fransa üçün gözlənilməz oldu. Makron döyüşlər başlayandan çox cəhd etdi ki, əməliyyatlar yarımçıq qalsın, amma istəyinə nail ola bilmədi. Azərbaycana təzyiq etməyin mənasız olduğunu görüb Rusiya Prezidenti Vladimir Putinlə təmasları intensivləşdirdi. Bütün hallarda, Fransa əvvəlki status-kvonun saxlanmasına cəhd etdi, amma istəyinə nail ola bilmədi. Müzəffər ordumuz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 40 faizini işğaldan azad etdi. Eyni zamanda, işğal altında olmuş 7 rayon bizim nəzarətimizə keçdi. Ən başlıcası isə, Türkiyə prosesdə daha yaxından iştirak edərək öz sözünü dedi. Bax, Makron bunu həzm edə bilmir. Məlum oldu ki, Fransanın həmsədrliyi mənasız imiş. Senatın məlum bədnam qərarına səs verənlərin çoxu Makronun partiyasında təmsil olunur. Ancaq Fransa buna getməklə tərəfsiz vasitəçilik missiyasını tamamilə itirdi”.

Partiya sədrinin fikrincə, bundan sonra Fransa, sadəcə, proseslərin arxası ilə sürünəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər