Minsk Qrupunun Qarabağa dair mandatı yarımçıq vəziyyətdə - Almaniya səfiri nə demək istədi…

img

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Trend”ə müsahibəsində ATƏT-in Minsk Qrupunun mandatından narahatlığını ifadə edib:

“Almaniya Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı alqışlayır. Bəyanat, digər məsələlərlə yanaşı, humanitar yardımın da göstərilməsinə yol açacaq. Almaniya münaqişədən zərər çəkənlərə yardım məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə 2 milyon avro yardım edib. Biz həm də ATƏT Minsk Qrupunun mandatının başa çatmadığını qeyd edirik: Minsk Qrupu və onun həmsədrləri münaqişənin uzunmüddətli və dayanıqlı həlli üzrə danışıqlara kömək göstərməlidir. Son onilliklərdə işğal altında olmuş yeddi rayonda minalardan təmizləmə işləri aparılmalıdır. Ona görə də indi vəziyyəti qiymətləndirmək və əməkdaşlıq üçün şirkətlərə tövsiyələr vermək hələ tezdir. Qeyd etmək lazımdır ki, bu məsələdə Almaniya hökuməti yox, özəl şirkətlər qərar verəcək”.

Göründüyü kimi, səfir Minsk Qrupunun mandatının yarımçıq qaldığını qeyd edir. Bununla alman səfir əslində nə demək istəyir?

  • “Aİ Cənubi Qafqaz regionunda yeni konfiqurasiyada kənarda qalmasından narahatdır və bunu alman səfirin dili ilə səsləndirir”

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, səfirin ifadəsində həqiqət payı var: “Minsk Qrupunun mandatı doğrudan da yerinə yetirilməyib. Çünki ATƏT-in Minsk Qrupu öz mandatının yerinə yetirilməsi üçün yetərincə səy göstərməyib. ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılıb. Vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. 27 il ərzində danışıqlar aparan ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir real  nəticə vermədi. Bu 27 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində cüzi də olsa irəliləyiş əldə etmədi.

Bu illər ərzində bir neçə dəfə məsləhət verməyə, ildə bir neçə görüş keçirməyə milyonlarla pul xərclənib. ATƏT-in elementar faktaraşdırıcı missiyası belə öz məsuliyyəti çərçivəsində bir iş görməyib. Çünki Dağlıq Qarabağ və işğal altında olan Azərbaycan ərazilərindəki dağıntıları bir dəfə də olsun qeydə almayıb”.

Ekspertin sözlərinə görə, 2018-ci ilə qədər ildə bir neçə dəfə monitorinq keçirən, fəaliyyəti dövründə bir neçə dəfə faktaraşdırıcı missiya ilə regiona səfər edən ATƏT şahidi olduğu dağıntılar haqqında bir dəfə də olsun nə yazılı, nə də şifahi izahat verib:  “ATƏT-in Minsk Qrupunun illərlə belə faktlar haqqında səssizliyi Ermənistan tərəfinin bu dağıntıları daha geniş miqyasda həyata keçirməsinə səbəb olub. Bu missiyanın mandatının həyata keçirilməsi ilə bağlı yaranan suallar bizi də uzun illər narahat edib. Aİ və ATƏT rəsmilərini isə bu iribüdcəli sülh industriyasının fəaliyyətinin nəticəsiz olması indi narahat etməyə başladı. Bunun da əsas bir səbəbi var - Aİ Cənubi Qafqaz regionunda yeni konfiqurasiyada kənarda qalmasından narahatdır və bu narahatlığı da Aİ-nin əsas ölkələrindən biri Almaniyanın Bakıdakı səfirinin dili ilə səsləndirir. Aİ-nin prosesdə təmsilçisi olan, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransa  bu prosesdə özünün və Aİ-nin mövqeyini tam diskreditasiya edib.

Almaniya səfirinin  “Əminəm ki, Azərbaycan "Şərq Tərəfdaşlığı"nın etibarlı və güvənilir tərəfdaşı kimi Cənubi Qafqazdakı gələcək münasibətlərin formasını müzakirəsində Aİ və ona üzv dövlətlərlə əməkdaşlıq edəcək” fikirləri də bu narahatlığın ifadəsidir”.

Ekspert hesab edir ki, Aİ proseslərdən kənarda qalma narahatlığının hesabını ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi, uzun illər bağlı qapılar arxasında Ermənistanla separat danışıqlar aparan Fransadan soruşmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər