Minsk Qrupunun həmsədrləri formatı Dağlıq Qarabağ üzrə tənzimlənmə prosesinə yenidən fəal şəkildə nə vaxt qoşulacaq...

img

Məlum olduğu kimi, Qarabağla bağlı əldə edilər razılaşmanın detalları artıq işləməyə başlayıb. Rusiya sülhməramlıları bolgəyə yerləşib. İşğal altındakı Ağdam rayonunun tam boşaldılması həyata keçirilib. Türkiyə parlamenti silahlı qüvvələrdən ibarət kontingenti Azərbaycana göndərməklə bağlı qərar qəbul edib. Rusiya rəsmiləri də bildiriblər ki, bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq etməyə hazırdırlar. Bütün bunlar ATƏT Minsk Qrupunun fəaliyyətinin tamamilə kölgədə qalmasını şərtləndirir. Həmsədrlərdən biri olan Fransa rəhbərliyinin həm Qarabağda 44 gün davam edən Vətən müharibəsinin gedişində, həm də bu günlərdə səsləndirdiyi bəyanatlar bir daha sübut edir ki, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi, çünki həmsədrlərin problemin ədalətli həlli məqsədi yox idi və onlar buna çalışmırdılar.

Ancaq hiss edilir ki, bu format ciddi cəhdlə prosesin nizamlanmasında yer almaq  istəyir. Hətta bu istiqamətdə bir neçə təmas da baş tutub. ATƏT Minsk Qrupunun nizamlanma prosesinə qayıtması mümkündürmü və bu nə vaxt baş tuta bilər?

  • “Bundan sonra gəlib, nə qədər istəyirlərsə danışıqlar aparsınlar”

Böyük Azərbaycan Partiyasının sədri Elşad  Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində ATƏT-in Minsk Qrupunun diplomatik səyi ilə deyil, məhz Azərbaycan Ordusunun qələbəsi ilə münaqişə ətrafında yaradılmış geostrateji vəziyyət birdəfəlik dəyişdi: “Məhz Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmsədrlər münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərmədilər. Bu da onların münaqişənin dinc vasitələrlə həllindəki rolunun qənaətbəxş olmadığını sübuta yetirdi. Bununla yanaşı, həmsədr ölkə Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanata uyğun olaraq Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Çünki münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildi. Bu isə beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə uyğundur. Bundan sonra  ATƏT Minsk Qrupunun prosesdə iştirakı bizə mane ola bilməyəcək. Azərbaycan öz gücünə problemini həll edib. Biz onların da əlinə təxribat yaratmaq üçün əsas verməməliyik. Yəni bu formatın olması nəyisə dəyişən deyil. Bundan sonra gəlib, nə qədər istəyirlərsə danışıqlar aparsınlar”.

Müsahibimizin sözlərinə görə, bu format, yəqin ki, daha sonrakı humanitar işlər, əhalinin yerləşdirilməsi kimi texniki məsələlərlə  məşğul ola bilər.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər