Dəhşətli virus dünyanı bürüdü - Çindən sonra ən sürətlə yayıldığı iki ölkə - İran və İtaliya, Tehranda virusa yoluxan rəsmilərin sayı 3-ə çatdı, xəstəliyini deyənlərə 1400 dollar mükafat...

27 Fevral 2020 19:21 (UTC+04:00)

2019-cu ilin son ayında Çinin Uhan şəhərində görünən koronavirus (COVİD19) dünyaya yayılmaqda davam edir. Dünyada virusdan ölənlərin sayı 2 min 801-ə çatıb, yoluxanların sayı isə 82 mini keçib.

Virusun Çindən sonra ən sürətlə yayıldığı iki ölkə İran və İtaliyadır. Hər iki ölkədə virus aşkarlandıqdan sonra Yaxın Şərq və Avropa böyük təhlükə ilə üzləşib. Yaxın Şərq ölkələrində görülən virusun qaynağının İran, Avropada yayılan virusun isə səbəbinin İtaliya olduğu bildirilir.

İtaliyada ölənlərin sayı 14-ə çatıb. Ukrayna Xarici İşlər Nazirliyi bir Ukrayna vətəndaşının da İtaliyada koronavirusa yoluxduğunu açıqlayıb. Koronavirus diaqnozu qoyulan başqa bir nəfər də Yaponiyada ölüb və bununla ölkədə ölənlərin sayı 8-ə çatıb. İngiltərədə virusa yoluxanların sayı 15-ə yüksəlib.

İranda da ölənlərin sayı artır. Ən son məlumatlara görə, ölənlərin sayının 26-ya, yoluxanların isə 245-ə çatdığı açıqlanıb. Virus ölkənin 18 əyalətinə yayılıb. İran Çindən sonra ən çox ölümlərin olduğu ikinci ölkədir... Ancaq İran rəhbərliyi karantinin tətbiq edilməsinə qarşı çıxır. İran prezidenti Həsən Ruhani heç bir şəhər və ya bölgədə karantin elan etməyəcəklərini deyib.

Qeyd edək ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zolnuri də yeni koronavirusa yoluxub. Bu barədə koronavirusun İranda ən çox yayıldığı Qum şəhərindən millət vəkili olan komitə sədri açıqlama verib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, M.Zolnuri koronavirusla əlaqədar verdiyi analizlərin nəticəsinin pozitiv çıxdığını bildirib.

Zolnuri hazırda karantində olduğunu, heç bir narahatlığın olmadığını da sözlərinə əlavə edib.

İranın Qadın və ailə məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar da koronavirusa yoluxub.

Bundan əvvəl isə İranın səhiyyə nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi də virusa yoluxub.

Küveytdə virusa yoluxanların sayı 43-ə çatıb. Küveyt Səhiyyə Nazirliyinin sözçüsü ölkədəki virus hallarının yaxından araşdırıldığını, epidemiyanın yayılmasının qarşısını almaq üçün təcili planlar hazırlandığını deyib. Eyni zamanda qonşu Gürcüstanda da ilk koronavirus hadisəsi təsdiqlənib.

ABŞ-ın Kaliforniya ştatında isə mənşəli müəyyən edilməmiş yeni bir virus aşkar edilib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi COVİD19-un xaricdə olmamış və ya heç bir xəstə ilə təmasda olmamış şəxsdə görüldüyünü bildirib. Mərkəzin açıqlamasında bu xəstəliyin əhali arasında nəzarətsiz yayıldığının bir əlaməti ola biləcəyinə daur xəbərdarlıq edilir. Bununla ABŞ-da koronavirusa yoluxanların sayı 60-a çatıb. Ölkədə əvvəllər aşkarlanmış 59 COVİD19 hadisəsində xəstələrin hamısı xaricə gedən və ya xaricə gedənlərlə sıx əlaqədə olanlar olub.

Dünyanı böyük təhlükəyə atmış virusun mənbəyi olan Çinin bəzi bölgələri isə koronavirusla fərqli yollarla mübarizə aparır. Çinin Hubey əyalətində bir milyon insanın yaşadığı Qianjiang şəhərində bu günə qədər 197 koronavirus yoluxması aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq üçün şəhər rəhbərliyi pul mükafatı kimi metodlardan istifadə edir. Şəhərdə koronavirus tutduğunu bildirənlərə 1400 dollar mükafat veriləcəyi elan edilib Sözügedən pulu almağın yeganə şərti xəstəxanaya müraciət edən şəxsdə koronavirusun təsdiqlənməsidir.